Modern.az

“ABŞ Konqresinə müraciətimizi 24 apreldən xeyli əvvəl ünvanlamalıyıq”

“ABŞ Konqresinə müraciətimizi 24 apreldən xeyli əvvəl ünvanlamalıyıq”

16 Fevral 2010, 16:37

Parlamentin sonuncu iclasında cari məsələlərin müzakirəsi zamanı birinci vitse-spiker, Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov 24 aprel uydurma erməni soyqırımı ilə bağlı ABŞ Konqresinə müraciət edərək, bu məsələnin sözügedən qurumda müzakirəsinin yolverilməz olduğunu bəyan edib. Qeyd edək ki, birinci vitse-spikerin bu təklif xarakterli müraciəti həmin vaxt bitərəf millət vəkili Qənirə Paşayeva tərəfindən də dəstəklənib. Millət vəkili daha irəli gedərək bu yöndə müraciətin bütövlükdə parlament və parlamentarilər adından ABŞ Konqresinə ünvanlanmasının vacibliyini dilə gətirib. Modern.az xəbər verir ki, Q.Paşayeva bir daha məlum təklifin üzərində qaldığını və israr etdiyini bildirib. Onun sözlərinə görə, uydurma erməni soyqırımı ilə bağlı ABŞ Konqresində hər hansı bir müzakirə yolverilməz və qəbul edilməzdir. Eyni zamanda, bunun yolverilməzliyi ilə bağlı mütləq MM və deputatlar adından ABŞ Konqresinə etiraz xarakterli müraciət ünvanlanmalıdır: “Ümumiyyətlə, uydurma erməni soyqırımı ilə bağlı təzyiqləri, təhdidləri tək Türkiyəyə yönələn təzyiqlər, təhdidlər kimi qəbul etməməliyik. Bu, elə biz qarşı da yönələn təzyiqlər və təhdidlərdir. Çünki Azərbaycan vətəndaşı olan hər hansı bir insan da heç cür razılaşa bilməz ki, yalan-yanlış iddialarla onun millətinin – türklərin ünvanına xoşagəlməz ifadələr işlədilsin və onu olmayan hadisələrdə günahlandırsınlar. Parlamentdə də birinci vitse-spiker tərəfindən ABŞ Konqresində uydurma erməni soyqırımının müzakirəsinin qəbuledilməzliyi ilə bağlı həmin quruma ünvanlanmış müraciət dilə gətirildi. Eyni zamanda, mən də həmin iclasda çıxışım zamanı bu müraciəti dəstəkləməklə yanaşı, parlamentarilər və MM adından ABŞ Konqresinə ayrıca müraciətin ünvanlanmasının vacibliyini dilə gətirdim. O zaman da, indi də hesab edirəm ki, biz – millət vəkilləri olaraq hamımız birlikdə ABŞ Konqresinə belə bir müraciəti aprelin 24-dən xeyli əvvəl etsək, bu, çox məqsədəmüvafiq olar. Müraciət etməliyik ki, bunlar yalan iddialardır, doğru iddialar deyil və siz bu yalan iddiaları dəstəkləməklə ədalətsizlik etməklə yanaşı, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsində özünüzün obyektivliyinizi bəribaşdan kölgə altına salmış olursunuz. Artıq siz bununla göstərirsiniz ki, hansısa tərəfin mövqeyini tutursunuz. Bu baxımdan, çox önəmli olardı ki, aprelin 24-dən əvvəl biz bu müraciəti çox əsaslandırılmış şəkildə ABŞ Konqresinə ünvanlayaq və göndərək. Onu da nəzərinizə çatdımaq istəyirəm ki, bir müddət əvvəl bir qrup millət vəkili ABŞ-da səfərdə olduq. Biz o səfər zamanı görüşlərimizdə də bir çox məsələləri Amerika ictimaiyyətinin və onun təmsilçilərinin nəzərinə çatdırdıq. Mən eyni zamanda istəyirəm, Azərbaycanın xarici ölkələrdəki, xüsusilə ABŞ-dakı diasporuna, diaspor təşkilatlarına səslənim. Onlara səslənərək demək istəyirəm ki, xarici ölkələrdə, xüsusilə ABŞ-da yaşayan həmvətənlərimiz, insanlarımız, vətəndaşlarımız öz yaşadıqları, fəaliyyət göstərdikləri bölgələrdə, ştatlarda fəal, aktiv olsunlar. Öz bölgələrinin konqresmenlərinə müraciət etsinlər, getsinlər, görüşsünlər, bu məsələ ilə bağlı fikirlərini çatdırsınlar. Bu məsələdə nə qədər böyük ədalətsizliyə yol verə biləcəklərini və verdiklərini onların nəzərlərinə çatdırsınlar, bildirsinlər, vurğulasınlar. Bunun, ümumiyyətlə, bölgədəki vəziyyətə, Qarabağ münaqişəsinin sülh, danışıqlar yoluyla tənzimlənməsi prosesinə nə qədər böyük bir mənfi təsir göstərəcəyini və göstərdiyini ABŞ Konqresmenlərinin üzlərinə söyləsinlər. Elə bilirəm ki, bu məsələdə ABŞ-dakı diasporumuzun və diaspor təşkilatlarımızın daha çox aktiv, fəal olmasına ehtiyac var. Düzdür, bizim də müracitəimiz önəmlidir, ancaq bizim xarici ölkələrdə, o cümlədən ABŞ-da vətəndaş olan insanlarımızın çəkisi, mövqeyi, rolu daha önəmlidir. Ən əsası, onlar öz ölkələrində səsvermə, seçib-seçmək hüququna malikdirlər. Ona görə mən onlara da səslənirəm ki, aprel ayının 24-dən əvvəl öz aktivliklərini, fəallıqlarını artırsınlar. Bu yerdə qeyd edim ki, bir sıra supergüclər və beynəlxalq dairələr Türkiyə ilə Ermənistan arasında imzalanan məlum protokolların parlamentdən də keçməsini istəyirlər və bunun üçün hər cür imkanlardan, vasitələrdən yararlanmağa, təzyiq rıçaqlarını işə salmağa çalışırlar. Bütün bunlara rəğmən, şəxsən mən ümid edirəm və inanıram ki, ən azı, qardaş Türkiyə dövləti, onun parlamenti buna razı olamayacaq, amma təbii ki, bu təzyiqlərin azaldılması istiqamətində öz dəstəyimizi, əlimizdən gələni də əsirgəməməliyilk. Odur ki, bir daha aprelin 24-nə kimi uydurma erməni soyqırımının müzakirəsinin yolverilməzliyi ilə bağlı parlament adından ABŞ Konqresinə müraciət ünvanlanmasını məqsədəuyğun sayıam və bunun üzərində təkid, israr edirəm”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi