Modern.az

“Soyad qəlibi” – ona ehtiyac varmı?

 “Soyad qəlibi” – ona ehtiyac varmı?

17 Fevral 2010, 09:18

Müxtəlif dövrlərdə qabarıb-çəkilən soyadlar mövzusu yenə gündəmdədir. İrəli sürülən bütün təkliflərdə "ov", "yev" "zadə" soyad sonluqlarından imtina edilməsi ilə bağlı ortaq mövqe nümayiş etdirilir. Onları əvəzləyəcək sonluqlar haqda təkliflər isə xeylidir. Bu təkliflərdən xüsusi diqqətimi çəkən bir neçəsi haqda fikri bildirdikdən sonra öz təklifimi təqdim etmək istəyirəm.

Deputat Aynur Quliyeva yeni tətbiq olunacaq soyad sonluqlarında "bəyli", "xanlı" deyimlərinin əleyhinə olduğunu bildirmişdi. Fikrini də onunla əsaslandırmışdı ki, nəsil-kök etibarilə bəy, xan şəcərəsindən olmayanların, soyadlarına belə zadəgan titulu qoşmaları doğru deyil.

 

Mənsə, fərqli düşünürəm. Birincisi ona görə ki, heç bir insan övladı ilk qaynağından ali zat və ya bəy-xan nəslinin nümayəndəsi olmur. Hansısa tarixi-siyasi şəraitdə maddi və mənsəb baxımından irəli çıxan adamlar, elə o vaxtdan da bu titullara yiyələnirlər. Yəni, bir nəslin bəy, xan nəsli adlandırılmasında mütləq kimsə başlanğıc rolunu oynayır.

 

Məlumdur ki, Azərbaycanda şəcərə etibarilə bəy, xan nəslinə heç dəxli olmayan bir para adamlar son 10-15 ildə sahib olduqları varidata görə tarixdəki bəy-xanlarımızı çoxdan geridə qoyublar. Belə çıxır ki, onların övladları soyadlarına rahat şəkildə "bəy", "xan" sonluqlarını calaya bilərlər, amma Sabir Rüstəmxanlının, Qulamhüseyn Əlibəylinin, Gültəkin Hacıbəylinin oğul-uşaqlarına bu soyad sonluqları "halal" deyil?

 

Üçüncüsü isə biz bəy, xan ifadələrini sinfi bölgüyə salmaqla rus-sovet imperiyasının uzun illər boyu apardığı təbliğata yardımçı oluruq.

 

Diqqətimi çəkən digər təklifi Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov səsləndirmişdi. Əli müəllim soyad sonluğu kimi beynəlxalq aləmdə Azərbaycanın brendi və domeni kimi qəbul edilmiş "az" (və ya "yaz") sonluğunu təklif edir. Bu təklifin mahiyyətində isə soyad daşıyıcısının Azərbaycan vətəndaşı olduğunun daha tez anlaşılması niyyəti durur.

 

Ümumiyyətlə, soyad sonluqları ilə bağlı səsləndirilən bir çox təkliflərdə seçiləcək sonluqların sırf Azərbaycana aid olması fikri önə çəkilir, buna örnək kimi gürcülərin "dze"si, "şvili"si, ermənilərin "yan"ı göstərilir.

 

Azərbaycan xalqının gürcü və erməni xalqı ilə müqayisəsi doğru deyil. Nə ermənilərin, nə də gürcülərin dünyada etnik baxımdan qohum olduğu başqa toplumlar yoxdur. Hətta bu iki xalqın dini məzhəbləri də xristianlıqda ayrıca qollar təşkil edirlər.

 

Azərbaycan xalqı dedikdə isə Azərbaycan Respublikasının 9 milyon əhalisi nəzərdə tutulmur. Azərbaycan Prezidentindən tutmuş sıravi vətəndaşlara qədər hər kəsin dilindən səsləndirilən "Azərbaycan xalqı 50 milyonluq xalqdır" fikri artıq dünyada qəbul olunmuş bir gerçəklikdir. Biz yalnız Azərbaycan Respublikası üçün xüsusi soyad sonluqları tətbiq etməklə, xalqımızın Güney Azərbaycanda olan və dünyaya səpələnmiş daha böyük hissəsini özümüzdən ayırmış oluruq.

 

Digər yandan, Azərbaycan Türk dünyasının, həmçinin İslam aləminin bir parçasıdır. Bu isə Azərbaycan üçün böyük bir coğrafiya, zənginlik deməkdir. Bu məkanda olan ölkələrdə xüsusi soyadlar çərçivəsi yoxdur. Ona görə də, özümüzü nəhəng Türk-İslam dünyasından təcrid etməyin xeyrindən çox, zərərini görə bilərik. Axı, bizim olduğuna iddia etdiyiimz dahilər, klassiklər, sərkərdələr tarixə ən müxtəlif soyadlarla düşüblər...

 

Şəxsi qənaətimə görə, müstəqilliyimizin daha bir təsbiti olaraq imperiya müstəmləkəsinin özü ilə gətirdiyi soyad sonluqları ilə qəti şəkildə qurtarmalıyıq. Amma yeni dönəm üçün konkret müəyyənləşdirilmiş sonluqlar tətbiq edilməməlidir. Burada həm tarixi ənənə, varislik qorunmalı, həm də insanlara azad seçim verilməlidir.

  

Dünyanın böyük dövlətləri və xalqlarına diqqət yetirin. Onların hansında vahid soyad sonluqlarına rast gələ bilərsiniz?

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir