Modern.az

Ölmək-ölməkdir, bəs... ?

Ölmək-ölməkdir, bəs... ?

Media

17 Fevral 2010, 11:02

Çoxdandır media əhlinin problemlərindən yazmaq istəsəm də, abrımdan utanıram. Hər dəfə bu fikrin üzərinə gələndə tanışlarımdan birinin gileyi yadıma düşür: “Bu jurnalistlər yalnız öz problemlərindən yazırlar”. Haqlı gileydir. Çünki yazıq jurnalistin dərdi birdir, ikidir, üçdür ki, yazmaqla qurtarsın? Elə bu səbəbdən də yazmağa əlim gəlmirdi. Amma neyləmək olar? Gərək oxucular da başa düşsünlər ki, hərənin dərdi özünə dəvədir.

 

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) dünən növbəti hesabatını açıqlayıb. Sənəddə dünyanın müxtəlif ölkələrində medianın durumundan bəhs olunur, xüsusən, jurnalistlərin peşə fəaliyyətlərinə görə öldürülməsi və həbsxanaya salınması faktlarına diqqət yetirilir. Hesabatda göstərilir ki, arxada qalmış 2009-cu il dünyada söz azadlığının durumuna görə son on ilin ən pis dövrü olub.

 

Söz və ifadə azadlığının vəziyyətinə görə Azərbaycan hökuməti də hesabatda qınaq obyekti olub. Göstərilib ki, Azərbaycan jurnalist həbslərinin sayına görə Avropada birinci yeri tutur. Hazırda iki baş redaktorun, həmçinin iki bloggerin həbsdə saxlanması da buna nümunə gətirilib. Həqiqətən ağrılı problemdir. Jurnalist qələminə görə həbs olunur, döyülür və daha nələr. Bunlara heç kim haqq qazandıra bilməz. Son vaxtlaradək bu problem məni də yeyib-bitirirdi. Ta ki, həbsdən, döyülməkdən və hətta ölümdən daha ağır dərdin olduğunu anlayana qədər. Və ondan sonra ölənin deyil, qalanın dərdinə ağlamağa başladım. Niyə?

 

Bu “Niyə?”nin “Çünki”sini anlada bilmək üçün bir haşiyə çıxmaq istərdim. Bir gün Kərbəla şəhidliyindən, İmam Hüseynin yeyilən haqqından, kəsilən başından, tökülən qanından danışırdıq. Hər birimiz Həzrət Hüseynin haqqını yediyi üçün Yezidə lənət oxuyurduq. Bu vaxt tanınmış və hörmətli dostlarımızdan biri ortaya sual atdı və hamımız acizliklə susduq: “Həqiqətən Hüseynin böyük haqqı yeyildi. Odur ki, 14 əsrdir bütün aşiqlər Onun adını zikr edir və şəhidliyinə göz yaşı axıdırlar. Allah bəlkə də Hüseynin tapdanan haqqını bu dünyada ödəyir. Lakin şəhidliyi sirr, qəbirləri müəmma olan və hələ də haqları doğru-dürüst tanınmayan insanlar var. Əcəba, onların haqqı necə ödənəcək?”

 

Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur və birbaşa mətləbə qayıdaq. İnanın nə həbsdə, nə qəbrdə, nə də sürgündə olan qələmdaşlarımızın haqqını yemək fikrində deyiləm. Kimiləri zindanlarda azadlığın və sevdiklərinin həsrətindən qovrulur, kimiləri arxasında neçə-neçə gözüyaşlı buraxaraq məzara köçür, kimiləri də ən şərəfsiz ittihamların əlindən baş götürüb getdiyi yad məmləkətdə hicran çəkir. İstənilən halda onların yaxınlarının nə çəkdiyini bir Allah, bir də özləri bilirlər. Mənimsə əlimdən onlara sadəcə quru təsəlli vermək və başqalarının da bu aqibəti yaşamamaları üçün dua etmək gəlir.

 

Lakin axır vaxtlar bir neçə sual mənə rahatlıq vermir. Elə hey düşünürəm ki, bir dəfə ölməkmi asandır, yoxsa hər gün ac övladının gözlərinin içinə baxaraq ölüb-dirilməkmi? Yaxud adı dillərdən düşməyən, az-çox humanitar yardımlar alan media məhbusu olmaqmı üstündür, yoxsa 10 manat qanorar ala bilməyib vicdan məhbusuna çevrilməkmi? Yaxşı bəs alçaldıcı təhqirlərin ardınca bu başıbəlalı məmləkətdən canını birdəfəlik qurtarmaqmı yaxşıdır, yoxsa bir tikə çörək üçün üzünə tüpürülməkədən günbəgün üzü qızarmaqmı?

 

İndi anlayırsınızmı ki, niyə ölənə deyil, qalana ağlayıram. Azərbaycan jurnalistlərinin üzləşdiyi problemlər beynəlxalq təşkilatlar tərəfindən dolğun işıqlandırılır. Lakin anlaya bilmirəm ki, problem deyərkən niyə hamı döyülməyi, məhbusluğu və ölümü görür? Axı bu məmləkətdə qələm əhlinin tək dərdi bunlar deyil ki. Əqidəsini satmadığı üçün evinin son əşyasını satmağa məcbur olanlarımız var. Beş manat çörək pulunu apara bilmədiyindən evindən didərgin düşənlərimiz var. Bu gün jurnalistlərin böyük əksəriyyəti 3-5 nəfərin əlinə möhtacdır ki, nə vaxt vicdanı inləyəcək və 10 manat əlavə əmək haqqı verəcək. Bu gün qəpik-quruş qazanan jurnalistlərin 80 fazinin evi yoxdur, hamısı kirayələrdə yaşayır.

 

Jurnalist cəmiyyətin dərdini yazsa da, öz dərdi yazılası deyil. Dəhşətlisi odur ki, hazırda cəmiyyətimiz çıxılmaz bir girdaba bənzəyir. Bu girdabda sadəcə əlində çörək tutanlar haqlı çıxırlar. Yəni başqa bir sahədə ümid ediləcək durum yoxdur ki, bir iş yerində qarnını doyura bilməyən insan başqa yerdə doyura bilsin. İstənilən müəssisənin rəhbəri öz işçilərinə “Onsuz da başqa yerdə iş yoxdur, məcbur verdiyimə qane olub işləyəcək” prinsipi ilə yanaşır. Mətbuatda bu bəla daha ağrılı şəkildə yaşanır. Əli qələm tutmağa öyrəşmiş adam canı boğazına yığılsa da, başqa işə əli yatmır. Onun çörəyi də, suyu da, geyimi də qələmdən çıxır. Çörək də elə əllərdə cəmləşib ki, Allah kəssin çörək vermələrini.

 

Onsuz da günahların tüğyan etdiyi bir diyarda yaşayırıq. Hər addımımız günah, hər əməlimiz zülm, hər sözümüz məddahlıq, hər aldığımız nəfəs riyadır. Amma biz bununla kifayətlənmirik və hesablana bilməyəcək bir günahı da özümüzə rəva bilirik. Bir qulun başqa bir qulu çörəklə imtahana çəkməsi ərşi titrədir və mütləq Allah çörəyi özününkü sayıb “imtahan” keçirənlərdən Öz intiqamını alır. Təəssüf ki, milyardların dövr etdiyi Azərbaycanımızda bu günahın ağırlığı dərk olunmur. Cəmiyyətin böyük kəsimi çörəklə imtahan çəkilir, haqqı olan haqqını ala bilmir və aldığı qəpik-quruş dəfələrlə başına qaxılır. Bu gün jurnalistlərimiz haqqı başına qaxılanların ön cərgələrində yer alırlar.

 

Hər dəfə media mənsublarının problemlərindən danışarkən bir xatirə yadıma düşür və xəcalət çəkirəm. Günlərin birində jurnalist bir dostumla xəstəxanalardan birinə getmişdik. Baş həkimlə görüşüb problemimizi həll etmək fikrində idik. Adi vətəndaş kimi növbəyə durub vaxtımızı gözlədik. Üzərimizdə jurnalist vəsiqəsi olsa da, hələlik kimsəyə bir söz deməmişdik. Bu vaxt orta yaşlı bir adam arxadan gələrək növbəsiz baş həkimin otağına keçdi. Təəccüblə katibənin üzünə baxıb növbəmizin pozulduğundan gileyləndik. Lakin cavan qız üz-gözünü turşudaraq “Üzsüz adamdır, jurnalistdir də. Bu dəqiqə otaqdan qovulacaq” deyə əhəmiyyət vermədi. Utandığımızdan qızardıq və bir-birimizə “nə olur-olsun vəsiqəni çıxarmayacağıq” sözü verdik.

 

Ən şərəfli peşə sahiblərindən birinin bu məmləkətdə düşdüyü duruma baxın. Fərd olaraq qürurunu satırsa, öz bəlasını çəkməli, üzü tüpürcək götürməlidir. Amma heç kim öz istəyi ilə bu alçaldıcı vəziyyətə düşməyi arzulamaz axı. Bir tikə çörəyini qazana bilən bir insan bu qədər təhqirləri götürmək istəməz, deyilmi? Kim nə deyir-desin, belə yaşayışdan ölüm daha şərəflidir. Ölmək-ölməkdir, bəs Azərbaycanda sıravi jurnalist olmaq? Allah sizə səbr, sizi bu günə salanlara vicdan versin, əziz jurnalistlər...

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir