Modern.az

Azərbaycanlı şairə Rusiya Yazarlar Birliyinin üzvü seçilib - FOTO

Azərbaycanlı şairə Rusiya Yazarlar Birliyinin üzvü seçilib - FOTO

19 Noyabr 2012, 11:01

Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının Moskva bölməsinin nümayəndəliyinin verdiyi xəbərə görə, Moskvada yaşayan Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının, Avrasiya Yazarlar birliyinin üzvü, eləcə də Rusiya Poeziya akademiyasının müxbir üzvü tanınmış şairə Afaq Şıxlı Rusiya Yazarlar Birliyinin üzvü seçilib.

Bu səbəblə noyabrın 17-də Moskva ədəbi ictimaiyətinin üzvləri təntənəli tədbirə toplaşıblar.

Tədbiri Riqadan gəlmiş yazıçı-publisist M.A. Kalantarov açıb. O tanıdığı gündən bəri yaradıcılığını diqqətlə izlədiyi və çox bəyəndiyi Azərbaycan şairəsini səmimi qəlbdən təbrik edib və onun şeirlərinin vurğunu olduğunu söyləyib.

Rusiya Yazarlar birliyinin üzvlük vəsiqəsini şairəyə Azərbaycanda və Rusiyada yaxşı tanınmış, görkəmli şair Nəsib Nəbioğlu təqdim edib. Nəsib bəy Afaq Şıxlıya öz ürək sözlərini söyləyərək, onun yaradıcılığına olan dərin hörmətini bildirib və gözəl şairəyə daha böyük uğurlar arzulayıb. Moskvada yaşayan ədəbi cəmiyyətlərin və eləcə də Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının üzvləri də təbriklərə qatılıblar.

Həmin gün şairənin sevincinin başqa bir səbəbi də olub. Afaq Şıxlının rus dilindəki şeirləri dünyanın 40-dan artıq ölkəsinə yayımlanan “Nastoyaşeye Vremya” (İndiki zaman) adlı ünlü dərgidə, eləcə də “Planeta poetov” (Şairlər planeti) adlı almanaxda dərc olunub. Bu, uzun illərdir Vətəndən uzaqda yaşayan Azərbaycan qadınının Vətən adına yapılmış böyük uğurlarından biri idi.

Qeyd edək ki, Riqada nəşr olunan “Nastoyaşeye Vremya” dərgisinin bu nömrəsinin üz qabığında, Azərbaycana və onun poeziyasına olan dərin hörmət əlaməti olaraq, qədim abidəmiz - Qız qalası, arxa tərəfində isə Şirvanşahlar sarayı və Azərbaycan prezidenti İlham Əliyevin şəkli təsvir olunub. Və bu nömrədə Azərbaycanı 3 şair təmsil edirdi: Əşrəf Hüseynli, Afaq Şıxlı və gənc yazar Nilufər A.Şıxlı.

Afaq Şıxlı tədbirə toplaşan hər kəsə öz təşəkkürünü bildirərək belə deyib: “ Bu zamanadək olan və bundan sonra qazanacağım hər bir nailiyyət - Azərbaycanım üçündür. Şeirlərimin və hekayələrimin dərc olunduğu beynəlxalq jurnallarda, almanaxlarda AZƏRBAYCAN sözünü oxumaqdan aldığım həzz heç nəylə müqayisə oluna bilməz. Dünyanın bir çox ölkələrinin və hətta ermənistanın belə qatıldığı dərgilərdə Vətənimizi tərənnüm etdiyimiz üçün şair dostlarım və mən xoşbəxtik! İnsan heç zaman tək olmamalıdır. İstər Vətəndə, istərsə də qürbətdə dostlarsız, həmkarlarsız yaşamaq mümkün deyil. İnsan, başa düşəcək və fikirlərinə ortaq olacaq birilərinin var olduğunu bilməlidir. Mən bütün uğurlarıma görə öz dostlarıma minnətdaram!”.

Şairə həm də üzvü olduğu Şəhriyar ədəbi Mədəni cəmiyyətinin sədri Vasif Məmmədova, Azərbaycan şairlərinə xüsusi hörmət və məhəbbət bəsləyən BYPA sədri Marat bəyə və BYPA-nın Rusiya nümayəndəsi Nəsib Nəbioğluna öz təşəkkürlərini bildirib.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir