Modern.az

Qənbər Şəmşiroğlu: “Ermənilər rusların yedəyində bizə hürürlər”

Qənbər Şəmşiroğlu: “Ermənilər rusların yedəyində bizə hürürlər”

Mədəni̇yyət

19 Noyabr 2012, 11:21

Ötən həftəsonu Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun “Birdə görüşərik” və “Kəlbəcər: ömrüm, həyatım” kitablarının təqdimat mərasimi keçirildi.

Modern.az-ın əməkdaşı əslən Kəlbəcərdən olan Qənbər Şəmşiroğludan müsahibə alıb.

-
Qənbər müəllim, yeni kitablarınızın ərsəyə gəlməsi nə qədər zaman aldı?

- Bu kitabın ərsəyə gəlməsi uzun bir tarixdir. Kitabda 1953-cü ildən 1993-cü ilə qədər həyatımda baş verən bütün hadisələri qeyd etməli idim. Amma təəssüf ki, hamısını dərc etdirə bilmədim. Çünki elə məsələlər var ki, onu kitabda dərc etdirmək olmaz. Xüsusilə xalqımızın adət-ənənəsini... Həmişə yadımızda qalsın ki, bilməliyik ki, nəyi deyə bilərik, nəyi deməyə bilərik. Bu, birinci kitabım deyil, sayca 12-ci kitabımdır. İstəmişəm ki, bu kitabda həyatımda baş verən yaxşı, yaman hadisələri qeyd edim. Xüsusilə kitabda Kəlbəcər təbiəti ilə əlaqədar, Kəlbəcərin məişətindən, adət-ənənəsindən, bizim camaatın vəziyyətindən, bizlərin cəmiyyətin inkişafı, savadlanması üçün, bizdən qabaqkı nəslimizin, rayonda yaşayan insanların inkişafı üçün nə etdiklərini çalışmışam ki, oxuculara çatdırım. İndi buna nə qədər nail ola bilmişəm, nə qədər sözümə düz olmuşam, bunu mən deyə bilmərəm. Sizlər kitabı oxuyub bunu deyərsiniz. Bu kitabı cildlərə bölsək, əslində 5-6 kitab olardı. Bu kitabı yazmaq üçün əvvəldən qeydlər edirdim. Ağlıma gəlməzdi ki, nə zamansa bunu kitab şəklində yazaram. Amma hələ 1953-cü ildə özümün qeydlərim var idi. Bildiyiniz kimi, ermənilər Kəlbəcərin işğalından öncə bizim Ağdaban kəndini dağıtdı. O vaxtı 28 “bloknot”um ermənilər tərəfindən yandırıldı. Buna baxmayaraq, yaddaşımda da az-çox nə var idisə, onu işə saldım. Bəzi məsələlərin düzgün olmasına çalışdım. Kitabda dostluq, yoldaşlıq və rəhbərlik etdiyim hər kəsin adını çəkməyə çalışmışam. Onları müxtəlif ifadələrlə, zarafatlarla yada salmışam. İstəmişəm ki, kiminsə xətrinə dəyməyim və kimsə də deməsin ki, Qənbər müəllim mənim adımı çəkməyib. Bunu hər zaman nəzərdə tutmuşam. “Tale oxşarlığı” kitabımı rus dilinə tərcümə ediblər. Yoldaşlar deyir ki, çox yaxşı tərcümə olunub.

- Belə kitabların gənclərə təsir gücünü necə qiymətləndirirsiniz?

- Gənclər bizim gələcəyimizdir. Mən 10 il Kəlbəcər şəhər orta məktəbinin direktoru olmuşam. Bütün vaxtlar çalışmışam ki, gənclər yaxşı tərbiyə olunsun və yaxşı savad alsınlar. O vaxtı tərbiyə etdiyim uşaqları elə tanıyırdım ki, bilirdim həmin adam ali məktəbin tələbəsi olacaq. Çalışdığım müddətdə istədim ki, Kəlbəcərin yaxşı gənclərini, istedadlı uşaqlarını üzə çıxarım. İndi bir şeylə fəxr edirəm ki, Kəlbəcərdə adı-sanı olan, respublikanın ali məktəblərində işləyən, yaxşı işlərdə çalışanların 80 faizi Qənbər müəllimin şagirdləri olublar. Onunla fəxr edirəm ki, bu adamlar yetişiblər. Çox şükürlər olsun ki, xalqımıza xidmət edirlər. Onlar arasında yaxşı alimlər, yazıçılar, müəllimlər, mühəndislər var ki, sevimli şagirdlərim olublar. Bu kitabı isə yazmaqda bir məqsədim də odur ki, balalarımız görsün ki, biz keçmişdə hansı əziyyətləri çəkmişik. Biz orada gözəl şəhər salmışdıq. Çox təəssüf ki, hamısı əldən getdi. Erməni quldurları torpaqları tarimar etdi.

- İndiki gənclərin Kəlbəcər və Qarabağ haqqında düşüncələri sizi qane edirmi?

- Gənclərə onu demək istəyirəm ki, bu torpağın sahibləri sizsiniz. Bu torpağın sahibi babalarımız olub. Bu torpaq elə-belə bizim olmayıb. Torpağı bizə yadigar qoyub gedən kişilər olub. Necə sahibi olublarsa, bunun hamısı tarixdir. Hər biriniz o tarixi bilməlisiniz. Hər biriniz, Azərbaycanda yaşayan və yaşamayan, özünü Azərbaycan xalqının oğlu hesab edən hər kəs, torpaqlarının işğaldan azad edilməsi üçün mübarizə aparmalıdı və ona hazır olmalıdır. Gənclərimiz qeyrəti, namusu, bütün varlığı, əqli və zəkası ilə hər şeyə hazır olmalıdır. Biz deyirik ki, türkük, lap yaxşı. Amma deyirəm ki, nə qədər ki, türk qoluna güvənibdir, tarix boyu türkün qılıncı hamını qabağında əsdirib. Amma türkün bədbəxtliyi oradadır ki, iş əqlə, zəkaya gələndə türk əsarətdə qalıb. Yəni türkün bədbəxçiliyi əsirlərdir ki, onu zəlil edib. Bu gün də erməni kimi nadanlar bizim torpaqlarımızı alıblar. Sözsüz ki, onların havadarları var. Ermənilər rusların yedəyində bizə hürürlər.
İndi şükürlər ki, hamımız dövlətin tapşırıqlarını yerinə yetiririk, Prezidentimizin dediklərinə əməl edirik, bütün bunlar onu deməyə əsas verir ki, əlbəttdə biz yenə qalib millət kimi səsimizi ucaldacağıq. Bütün gənclərə tapşırığım, xahişim, ağsaqqal kimi müraciətim odur ki, ay balalar, igidlər, siz dövlətimizin dəsti xəttini həmişə əlinizdə tutun. Hesab edirəm ki, vaxt gələcək mənim dərs dediyim və çoxu ilə də fəxr etdiyim uşaqlar, onların övladları bu millətin oğlu kimi Kəlbəcər torpaqlarının geri qaytarılması üçün canından keçməyə cəsarət və igidlik göstərəcəklər.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu