Modern.az

Ən operativ mətbuat xidmətləri...

Ən operativ mətbuat xidmətləri...

17 Fevral 2010, 16:02

Söz Azadlığını Müdafiə Fondu (SAMF) fevralın 17-də “Kaspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “KİV-lərin informasiya alması zamanı ən operativ mətbuat xidmətlərinin   müəyyən olunması”nı aydınlaşdıran rəy sorğusunun nəticələrinin təqdimat mərasimini keçirib.

Modern.az xəbər verir ki, tədbiri SAMF sədri Musa Yaqub açaraq bildirib ki, bu, mətbuat xidməti və kütləvi informasiya vasitələrinin təmsilçilərinin qarşılıqlı əlaqələrinin inkişafına xidmət edəcək tədbirlər sırasından ikincisidir. Ötən tədbir həmin münasibətlərin real vəziyyətinin və strateji inkişaf istiqamətlərinin müzakirəsinə həsr olunub. Sonra isə SAMF yalnız jurnalistlər arasında sorğu keçirib. Bu günsə həmin sorğunun nəticələrini ictimaiyyətə açıqlayır.

Sonra sorğu və digər tədbirlər planı, eləcə də niyə mətbuat xidmətləri və KİV münasibətləri mövzusunu seçilməsi barədə SAMF-ın layihələr üzrə koordinatoru Nəzirməmməd Quliyev çıxış edib. N.Quliyev bildirib ki,  “KİV-lərin məlumat alması zamanı ən operativ mətbuat xidmətinin müəyyən olunması”nı aydınlaşdıracaq rəy sorğularını keçirməkdən məqsəd yalnız ölkəmizdə informasiyalı cəmiyyət üzərində yaradılması nəzərdə tutulan demokratik, hüquqi dövlət quruculuğu prosesinə, eləcə də vətəndaş cəmiyyətinin  əsas atributlarının inkişafına kömək etmək istəyidir. Koordinator KİV-lərin fəaliyyət sferasına da toxunaraq bu sahədə pozitiv və neqativ məqamları diqqətə çatdırıb: “Sirr deyil ki, Azərbaycanda hələ də qanunların qəbulu və onun işləklik mexanizmi arasında böyük bir boşluq, məsafələr qalır. Bu çatışmazlıqdan media barədə normativ aktlar da sığortalanmayıb. Amma bu bizim ölkəmizdi. Bu problemləri də biz özümüz həll etmək məcburiyyətindəyik”. N.Quliyev deyib ki, informasiya almaqda çətinlik çəkən və ya buna ümumiyyətlə nail ola bilməyən media təmsilçisinin öz arqumenti olur. Onlar adətən “KİV haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlara istinad edərək məlumatın mütləq verilməsinin vacibliyini arqumentləşdirirlər. Qarşı tərəfin – mətbuat xidməti əməkdaşlarının da öz mövqeyi, öz prinsipləri olur. Onlar bəzi hallarda jurnalistin müraciət zamanı jurnalist etikasını, iş kodeksini pozduğunu bildirir, bəzi hallarda isə hətta az qala onlardan soruşulan informasiyanı konfidensial, dövlət sirri əhəmiyyətli məlumat kimi xarakterizə edirlər. Bütün hallarda Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ləngiyir. “Ona görə də problemin həlli istiqamətində ilk addımın informasiya ötürülməsinə qanunla cavabdeh olan mətbuat xidmətləri institutlarının təmsilçiləri ilə informasiyanı ictimailəşdirməyə can atan KİV işçilərinin arasında işgüzar münasibətlərin məcrasına düşməsi olması fikrimizcə çox təqdirəlayiq haldır. Hesab edirik ki, əsas problem olaraq bu istiqamətin cızılması daha məqsədəuyğun olardı”. Sonra SAMF-ın icraçı direktoru Vüqar Tofiqli KİV təmsilşiləri arasında keçirilmiş sorğunun nəticələrini açıqlayıb.

    Məlum olub ki, respondentlərin 5.7 faizi dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətindən qane olduğunu bildirib. 60.3 faizi bu fəaliyyətin onları qismən qane etdiyini, 31.4 faizi qane etmədiyini bildirib. “Dövlət orqanlarının mətbuat xidmətlərində informasiya açıqlığı necə təmin olunur?” sualına cavab olaraq sorğu iştirakçılarının 4.8 faizi yaxşı, 36.7 faizi pis, 55.7 faizi orta səviyyədə qiymətləndirib və 2.8 faizi cavab verməkdə çətinlik çəkib. İnformasiyanın ötürülməsində operativliyə əməl edən mətbuat xidməti barədə suala iştirakçıların 16.6 faizi Xarici İşlər Nazirliyinin mətbuat xidmətini göstərib. Sonrakı yerlərdə Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və digər dövlət qurumları gəlir. Respondentlərin 38.3 faizi hesab edir ki mətbuat xidmətlərinin fəaliyyətinə təmsil etdikləri təşkilatların rəhbərləri, 35.6 faizi xidmət rəhbəri vəzifəsinə qeyri-peşəkarların təyinatı, 16.8 faizi jurnalistlərin qeyri-peşəkarlığı mane olur. 2009-cu ildə fəaliyyəti qənaətbəxş hesab olunan təşkilatlara gəldikdə birinci yeri XİN tutub. Sonra FHN, MSK, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ekologiya Nazirliyi, Təhsil Nazirliyi və digər dövlət qurumları ilk yerləri tutublar. Dövlət qurumlarının internet resurslarının qiymətləndirilməsində isə ilk beşliyi Vergilər Nazirliyi, MSK, FHN, DİN, XİN tutur. Daha sonra çıxış edən millət vəkili Elmira Axundova isə jurnalistləri qınayıb. O, Milli Məslisin iclaslarında jurnalistlərin axıra qədər iştirak etməməsindən gileylənib. Milli Məclisin mətbuat xidmətinin sorğunun nəticələrinə əsasən aşağı yerdə qərarlaşması ilə razı olmadığını bildirən millət vəkili qeyd edib ki, həmin siyahıda olan bir çox nazirlik və komitələr layiq olduğu yerdə deyil. Adları sonuncu sıralarda olan Müdafiə Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətlərinin əməkdaşları da sorğunun nəticələri ilə razılaşmadığını söyləyiblər. Onların fikrincə, sorğuda subyektiv amillərə yer verilib. Tədbirdə iştirak edən mətbuat orqanlarının rəhbərləri təklif səsləndiriblər ki, gələcək sörğularda mətbuat orqanları qruplaşdırılsa daha dolğun nəticələr alınar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?