Modern.az

Məni niyə döydülər... - hekayə

Məni niyə döydülər... - hekayə

24 Noyabr 2012, 13:24

Mən evə yaxınlaşdım və artıq qapını özümə tərəf açarkən, qəfildən evdən çıxdığımı gördüm. Qayğılanaraq öz ardımca getməyi qərara aldım. Naməlum adam, yəni mən – bu sözün mənasını tam dərk edərək işlədirəm – pilləkənlə aşağı endi, küçə qapısını açdı və çölə çıxdı. Ona yetişmək istədim, amma o, addımlarını sürətləndirdi. Elə mənim qədər. Odur ki, aramızdakı məsafə qətiyyən azalmadı. Azca sonra o, kiçik bir barın yanında ayaq saxladı və qırmızı qapının arxasında gözdən itdi. Bir neçə saniyə keçdi və artıq mən piştaxta qarşısında onunla yanaşı oturmuşdum. İçməyə bir şey istədim, gözümün ucu ilə butulka cərgəsini, rəngi getmiş xalçanı, kiçik, sarı masaları və asta səslə söhbət edən cütlüyü nəzərdən keçirdim. Qəfildən kəskin bir tərzdə çöndüm və gözlərimi ona zillədim. O, qayğılandı və qızardı. Mən ona baxır və düşünürdüm: “Tanrıya and olsun ki, bu dəqiqə onun haqqında düşündüklərimin hamısını öz qulağı ilə eşidir: “Heç bir haqqınız yoxdur. Mən sizdən əvvəl gəlmişəm. Mən birinci idim. Oxşarlığın bura nə dəxli var, söhbət ondan deyil, dəyişmədən əvəzləmədən gedir. Güman edirəm ki, bunu izah eləməlisiz...”

O, zorla gülümsədi. Deyəsən, heç nə anlamırdı. Yanında oturmuş adamla söhbətə başladı. Mən qıcıqlanmama üstün gəldim və astaca onun çiyninə toxunub atmaca atdım:

– Guya məni tanımırsız. Özünüzü axmaq yerinə qoymayın.

– Üzr istəyirəm, senyor, məncə, biz tanış deyilik.

Onun çaşqınlığından faydalanmaq və məsələyə nöqtə qoymaq qərarına gəldim:

– Kişi olun, aşna. Öz hərəkətlərinizə görə cavab verməlisiz. Burnunuzu lazım olmayan yerə soxduğunuza görə sizə yaxşıca dərs verməliyəm...

O, kəskin şəkildə sözümü kəsdi:

– Səhv edirsiz. Söhbətin nədən getdiyini qətiyyən anlamıram.

Barın müştərilərindən biri söhbətə müdaxilə elədi:

– Güman ki, burda yanlışlıq var. Həm də belə rəftar eləmək olmaz. Mən bu cənabı tanıyıram, o heç vaxt...

O, məmnun halda gülümsəyirdi, hətta çiynimə də əlini vurdu. 

– Qəribədir, sanki əvvəllər sizi hardasa görmüşəm. Amma harda gördüyümü heç cür xatırlaya bilmirəm.

O, məni uşaqlıq dövrüm, əslən haradan olmağım, nəyin necə baş verməsi və s. barədə sorğulamağa başladı... Yox, danışdıqlarımdan heç nə ona bir şey xatırlatmadı. Mən güclə gülümsədim. O hamının xoşuna gəlirdi. Bir neçə qədəh içdik. O, aşkar bir rəğbətlə mənə baxırdı.

– Siz buralı deyilsiz, senyor, etiraz etməyin, bilirəm. Sizi himayəmə götürürəm. Sizə Mexikonu göstərəcəm, bütün federal dairəni.

Onun səfehliyi məni çilədən çıxardı. Az qala göz yaşları içində pencəyinin yaxasından tutub üstünə qışqırdım:

– Sən doğrudan da məni tanımırsan!? Kim olduğumu bilmirsən!?

O, kobud şəkildə məni itələdi:

– Boşboğazlığınızla məni bezdirdiz! Dava-dalaş istəyirsiz!?

Hamı qınayıcı tərzdə mənə sarı boylandı. Ayağa qalxıb onlara dedim:

– İndi məsələni sizə izah edərəm. Bu cənab sizə yalan danışır. Bu cənab saxtakardır...

– Siz axmaq və dəlisiz! – deyə o qışqırdı.

Üstünə atıldım. Bəxtsizlikdən büdrəyib yıxıldım. Piştaxtaya söykənib ayağa qalxmağa cəhd edənə qədər o, üzümü yumruqlayırdı. Məni danışmadan vururdu, soyuq amansızlıqla. Amma bu vaxt barmen işə qarışdı:

– Di yaxşı, onu rahat burax, görmürsən sərxoşdur.

Bizi ayırdılar. Yaxamdan yapışıb xəndəyə atdılar.

– Bir də bura qayıtmaq fikrinə düşsəz, polisi çağıracağıq.

Kostyumum cırılmışdı, ağzım şişmişdi, boğazım göynəyirdi. Güclə tüpürürdüm. Bütüm bədənim sızıldayırdı. Bir müddət hərəkətsiz halda uzanıb gözlədim. Sonra daş, yaxud bir taxta parçası axtardım. Heç nə tapmadım. Orada, içəridə, yəni barda mahnı oxuyur və gülüşürdülər. Cütlük çölə çıxdı, qadın həyasızcasına gözünü mənə zillədi və hırıldadı. Özümü bu dünyada tək-tənha hiss etdim, sanki məni insanlıq aləmindən çölə çıxarmışdılar. Qəzəbim keçib getdi, utandım. Yox, yaxşısı budur ki, evə qayıdım və növbəti görüşə qədər gözləyim. Asta addımlarla evə yetişdim. Yolda şübhələr məni didirdi və məni incidən bu fikir hələ də ağlımdan çıxmır: bəlkə, bu, o deyil, elə mən idim?..

Tərcümə: Əziz Rzazadə

Qeyd: Oktavio Pas – meksikalı yazıçı-jurnalist, şair, kulturoloq, ŞƏrq və Qərb sivilizasiyaları tədqiqatçısı (1914-1998)

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?