Modern.az

“Qış parkı”nın ərazisi fevralın sonunadək boşaldılacaq (fotosessiya)

“Qış parkı”nın ərazisi fevralın sonunadək boşaldılacaq (fotosessiya)

18 Fevral 2010, 11:14

Bakıda “Qış park” salınır. Parkın salınacağı Heydər Əliyev sarayının arxasından Füzuli meydanınadək olan evlərin hamısının yaxın günlərdə söküləcəyi dəqiqləşib. Əslində spküntü işlərin çoxdan başlayıb, evlərin bir qismi də artıq sökülüb. Ancaq evlərini tərk etmək istəməyən sakinlər də var. Səbəb onlara az pul təklif edilməsidir. Onlar sökülən evlərin hər kvadratmetri üçün 1200 manat təklif edilməsilə razılaşmırlar. Deyirlər “biz bu pulla ev ala bilmərik”. Hətta dəfələrlə buna görə eturaz aksiyaları da keçiriblər.

Sarayın arxasından Füzuli meydanına qədər olan ərazidə yaşı bir neçə yüz ili keçən köhnə evlər yerləşir. Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri sakinlərə xəbərdarlıq edib ki, çıxmayacaqları təqdirdə, yaxın günlərdə qaz, işıq və suları kəsiləcək. Sözügedən ərazidə olub, sakinlərlə söhbətləşdik.

47 yaşlı Atlas Nəbiyeva evlərini tərk etməyəcəklərini deyir: “20 ildir “JEK” də süpürgəçi işləyib, 7 min manata bu evi almışam. 5 nəfər 20 kvadratmetrlik otaqda yaşayırıq. Gündə gəlib bizə deyirlər ki, “1500 dollara  razılaşın”. Nəyə görə razılaşmalıyam? Hökumət bütün bunlara niyə göz yumur? Əsgər lazım olanda, seçkilər gələndə yada düşürük. Amma qara günümüzlə maraqlanmırlar". Təzəcə buradakı evlərdən birinə gəlin köçdüyünü deyən Ulduzə Ələkbərovanın sözlərinə görə, onlar pul istəmirlər, başqa yerdə ev istəyirlər.

16 ildir ərazidə yaşayan sakin Nailə Məmmədova onlara təklif olunan pulun həddən artıq az olduğunu deyir: “Bu pula biz harda ev ala bilərik? 6 nəfərlik ailə darısqal otaqda qalırıq. Heç olmasa az kvadratmetr olan evlərə çox pul versinlər. Bizi it kimi qovurlar”. Namiq Hüseyinov da narazılıq edir: “Neçə illərdi biz burda zülmlə yaşamışıq. Bütün sənədlərimiz də öz qaydasındadır. Biz yolu da bağladıq. Amma yenə də xeyiri olmadı. Bizə deyiblər qaz, işığı kəsəcəklərlər ki, biz çıxaq. İstərdik şəraiti olan ev versinlər yaşayaq. Bizə pul lazım deyil”.  Yaşlı qadın Əzizə Mehdizadə özünə qəsd edəcəyini bildirir: “Məni bu evdən çıxarsalar, özümə od vuracam. Qoy məsuliyyət onların üstündə qalsın. 17 kvadratmetrə 1500 dollardan nə düşür? Mən ona harda ev ala bilərəm. İnsafları olsun”.

Arif Hacıyev də pul istəmədiklərini deyir: “18 kvadratmetrə mən nə ala biləcəm? Biz bu pula heç yerdə ev ala bilmərik”. Biz ərazidə olan vaxt söküntü işləri davam etdirilirdi. Buradakı dükan sahibləri mallarını tez-tələsik yığışdırırdılar. Dükanlardan birinin sahibi Lütfəli Heydərov məcbur olub təklif olunan pulla razı olduğunu dedi: “Mənə 1500 dollardan verdilər. Neyləyək az olsa da məcburuq. Çünki traktor dayanıb başımızın üstündə bizə 20 dəqiqə vaxt qoyublar ki, çıxaq”. Ərazidə olan Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi bizə bildirdi ki, fevral ayının sonunadək evlərin hamısı söküləcək: “Bizə göstəriş verilib sökün. Biz də vəzifəmizi yerinə yetirik. Hər bir ailəyə 1 kvadratmetr üşün 1500 dollardan pul təklif olunub. Əgər istəmirlərsə, öz problemləridir”.

 

 

 

 

 

 

 

 

 

 

Günay MUSAYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı