Modern.az

Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı

Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı

26 Noyabr 2012, 10:23

Azərbaycan türkçülüyü ideyası - XXVI

20-ci əsrin əvvəllərində tanınmış azərbaycanlı-türk mütəfəkkirlərindən biri də Axund Yusif Ziya Talıbzadə (1877-1923) olmuşdur. Tanınmış Azərbaycan mütəfəkkiri, yazıçı Abdulla Şaiqin qardaşı olan Yusif Ziya Talıbzadənin islamçılığa və türkçülüyə bağlılığnın əsasında ilk növbədə, İranda Cənubi Azərbaycan türklərinə qarşı farslaşdırma, çar Rusiyasında Şimali Azərbaycan türklərinə qarşı ruslaşdırma siyasəti olmuşdur. Yəni soydaşlarının bir qisminin islam şiəsi adı altında farslaşdırılması, digər qisminin isə müxtəlif cərəyanların (bolşevizm, menşevizm və s.) təsiri latında ruslaşdırılması Talıbzadənin yaradıcılığında həlledici rol oynamışdır. Şübhəsiz, bu cür antimilli cərəyanlara qarşı Talıbzadə üçün o dövrdə ən uyğunu gələn islam dini və islamçılıq, türk mənəviyyatı və türkçülük idi. Xüsusilə, çar Rusiyasına qarşı mübarizədə islamçılıq cərəyanı daha effektiv idi. Çünki burada din və adət-ənənələr sahəsindəki fərqlər imkan verirdi ki, müsəlmandar islamçılıq adı altında çarizmə qarşı birgə mübarizə aparsınlar.

Bu baxımdan A.Y.Talıbzadənin 20-ci əsrin əvvəllərində qələmə aldığı bir sıra əsərlərində («Həqiqəti-islam», «Təəlümüş-şəriə», «İslam tarixi», Müəllimi-şəriə», «İslam və məzhəb» və b.) islamın əsas yer tutması başa düşüləndir. Çünki o hesab edirdi ki, yalnız islam dinin meydana çıxması ilə bir çox millətlər nicat tapmışlar. Bu gün də islam millətləri yalnız ilkin islama qayıdıb onun mahiyyətini olduğu kimi qavramaqla, dini xurafat və dini mövhumatdan, gerilik və nadanlıqdan qurtula bilərlər. Bir sözlə, Talıbzadə üçün milli və dini məsələ dedikdə, yalnız «islam milləti»nin paroblemləri mövcud idi. Ona görə də, milli məsələyə dini nöqteyi-nəzərdən yanaşan Y.Talıbzadənin əsərlərində «islam» və «millət» anlayışları eyniyyət təşkil edərək «islami-millət» kimi öz əksini tapmışdır. Talıbzadə hesab edirdi ki, islam dini milli dilin, milli adət-ənənələrin, ümumiyyətlə millətlərin təşəkkülü və təsirinin mayası rolunda çıxış edir. O yazırdı: «Məhəmməd (s.) peyğəmbərin gətirdiyi din və ayin üsuli-etiqadiyyələrdə və kitabi-müqəddəs Qurani-Şərifdə təğəyyürdən məsun qaldığı üçün zati bariyənin ittihad… yolundan bir nişanə qalmış deməkdir». Onun fikrincə, Allahını tanıyan fərd millətini, milli birliyini, «ittihad»ını da dərk etmiş olur: «Xudavəndi aləmin… məxluqatı xəlq etməkdə əsl məqsədi xəlayiqi təşkil etməkdir… Bu səbəbdəndir ki, Xudavəndi aləm əsl fitrət insaniyyəni ümuma bir təriqi-müstəqim üzrə xəlq edibdir». Bu baxımdan Talıbzadə hesab edirdi ki, islamiyyət uğrunda mübarizə aparmaq, eyni zamanda türk millətinə, türk birliyinə xidmət etməkdir. Belə ki, türklük və islamlıq bir-birinin sinoniminə çevrilmişdir.

Talıbzadə bu dövrdə islam dinini müsəlman xalqlarının geriliyinin əsas səbəbi kimi göstərən erməni, rus və başqa xristian inanclı millətlərin ideooloqlarına da tutarlı cavablar vermişdir. Məsələn, 1906-cı ildə erməni şərqşünası İbrahim Əmirxanyans «İrşad» qəzetində (№252-262,  27 oktyabr) nəşr olunan «İslam və tərəqqi» məqaləsində yazırdı ki, müsəlmanlar islam dininin tələbləri əsasında dövrun ümumi qanunlarına uyğun «inkişafa üz tuta bilməycəklər». Çünki müsəlmanların müqəddəs kitabı «Quran» bu müasir məsələlərə doğru yol göstərmək vəziyyətində deyildir: «İslam ruhanilərinin imanları budur ki, əgər müsəlmanlar Avropa millətlərinin əməllərindən birini də əxz edərlərsə, kafir olurlar». Əmirxanyans bir qədər də qabağa gedərək yazırdı ki, müsəlmanlar üçün nəsihətin, elmin və mədəniyyətin faydası yoxdur.

Talıbzadə isə Əmirxanyans kimi müəlliflərə cavab oalraq yazırdı ki, islam heç vaxt dünyəvi elmlərin öyrənilməsinin əleyhinə olmamış, əksinə müasirliklə ayaqlaşmış və özünün yenilikçi ruhunu qoruyub saxlamışdır: «Sizin dediyinizə görə «İslam milləti Avropa mədəniyyətinin düşmənidir». Halbuki İslam dininin müqəddəs kitabı Quranı-şərifə nəzərən ümumən elm və mərifət, tərəqqi və mədəniyyət islamın ümdə əsasıdır. Və islam dinində rəhbaniyyətin haram olduğu və Çinəcən elm dalınca getmək tövsiyəsi bu mətləbə dəxi şahiddir».

Sadəcə olaraq, Talıbzadə hesab edirdi ki, islam millətlərinin hazırda pərişan olmasının sbəbəkarı İslam, onun müqəddəs kitabı Quran və peyğəmbər deyil, yalançı ruhanilər, despotik islam hökmdarları və islama aid olmayan məzhəblərdir. Bu baxımdan Talıbzadənin həmin dövrdə «İrşad» qəzetində nəşr olunmuş «Hürriyyəti-dəyanətə cavab» və yaxud «Axund Yusifzadə ilə müsahibə» başlıqlı məqaləsi diqqətəlayiqdir. Həmin məqaləsində islamın pərişan halda olmasına səbəb kimi məzhəblərarası intiriqaları, ikiüzlü ruhanilərin əməllərini və sairəni nümunə göstərən Talıbzadə yazırdı ki, müsəlmanların sünni və şiə deyə, iki yerə parçalanması islamın əsaslarını sarsıdır: «Aya bu ixtilafdan onların məqsədləri nədir? Məgər Allah-təala onlara ixtilafmı əmr edibdir ki, onlar Allahamı itaət edirlər? Yainki Allah-təala bu ixtilaflardan nəhi edib. Onlar Allaha üsyanmı ediblər? Ya ki, Allah dini naqis göndərib, onlar təkmil etmək istəyirlər. Yainki ehkamda Allah ilə şərik olub, bunlar hər nə desələr Allah da gərək razımı olsun? Ya Allah-təala dini tamam göndərib, Rəsuli-Kərim həzrətləri xəlayiqə təbliğ etməyibdir?».

Bir məsələni də qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə Quranı Azərbaycan türkcəsinə tərcümə etdirən tanınmış xeyirsevər Hacı Zeynalabdin Tağıyev, onu Yusif Ziyanın vasitəsilə 1907-ci ildə İstanbula Sultan Əbdülhəmidə hədiyyə olaraq göndərmişdir. Bu da ondan irəli gəlirdi ki, həmin dövrdə Yusif Ziya din alimləri arasında kifayət qədər nüfuza malik idi. Ancaq burada daha önəmli olanı Yusif Ziyanın Osmanlı İmperatorlğunun Sədarət məqamına tədqim etdiyi məktubdur. Həmin məktubunda özünü üləma ailəsindən gələn, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü və «Təzə Həyat» qəzetinin yazarı kimi tədqim edən Talıbzadə daha sonra başda Cəmiyyətin sədri H.Z.Tağıyev olmaqla, Azərbaycan türklərinin məramlarını onlara çatdırmışdır:

1. İndiyə qədər Qafqaz türkləri yazışmalarında əsasən, farscanı qullanmışlar. Bundan sonra farscanın yerinə ana dilimiz olan türkcənin istifadə olunması və gəlişdirilməsi;

2. Orta məktəb kitablarının osmanlı türkcəsi ilə yazılması;

3. Məktəblərimizin proqramının Osmanlı Maarif proqramına görə yapılması;

4. Mərkəzi idarəsi Bolqarıstanın Varna şəhəri ilə İranın Urmiya şəhərlərində bulunan «Erməni-Amerikan və Erməni-Protestion Komitəsi» Muzırrasının Qafqaz və Azərbaycan türklərini Xilafət məqamına bağlılıqdan və müqəddəs qaye olan İslam ittihadından uzaqlaşdırmaq üçnü ərəbcə, türkcə, farsca və kürdcəyə vaqif olan ermənilər tərəfindən Qafqaza zərərli nəşriyyatlar soxulmaqdadır. Bunları bir an öncə zərərsiz hala gətirmək və Qafqaz müsəlmanlarını etkiləmələrini önləmək üçün qarşı nəşriyyatda bulunulması;

5. İrana, Misirə və Avropaya fərarlilik edib, oralarda tutunamayaraq Qafqaza dönmək istəyənlərə izn verilməməsi;

6. Məktəb müdirləri və öyrətmənlərin Osmanlı hökumətinin də uyğun görməsi ilə İstanbuldan tədarük edilməsi;

7. Dini kitabların təfsirləri, peyğəmbərimizin hədisləri, əxlaqi kitablar və bu konulardakı yararlı tamimlərin yayınlanması.

Qeyd edək ki, H.Z.Tağıyevin bu müraciətindən sonra Türkiyədən Azərbaycana kifayət qədər müəllimlər, jürnalistlər, din alimləri, o cümlədən milli və dini ədəbiyyat göndərilmişdir.

Ümuiyyətlə, bir çox mütəfəkkirlərimiz kimi, A.Y.Talıbzadənin də dünyagörüşündə türkçülük və islamçılıq bir tamdır. Ancaq etiraf etməliyik ki, bütün dövrlərdə istər 1900-1910-cu illərdə, istərsə də 1910-1923-cü illərdə o, daha çox üstünlüyü islamçılığa vermişdir. Talıbzadə həmin dövrlərdə islam xalqlarının inkişafını «İslam birliyi»nin təməli saydığı Osmanlı imeriyasında görürdü.  Xüsusilə, 1910-1918-ci illərdə Osmanlı ordusuun tərkibində əvvəlcə Balkan müharibəsində, daha sonra 1-ci Dünya müharibəsində bir əsgər kimi qulluq etməsi, onun «İslam birliyi» inancını daha da gücləndirmişdir.

Bu baxımdan hökmən qeyd etməliyk ki, 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin hərbi yardım çağrışına uyğun olaraq, Nuru paşanın başçılığı ilə Vətənimizə göndərilən Qafqaz-İslam ordusunun tərkibində olan Talıbzadə «islam birliyi»nin tərəfdarı kimi hesab edirdi ki, Azərbaycan Osmanlı dövləti ilə birləşməlidir. Bu məsələ ilə bağlı Talıbzadənin tədqiqatçıldarından Minəxanım Əsədli yazır: «Heç şübhəsiz ittihadçı və panislamizmin qatı tərəfdarı olan Yusif Ziya birbaşa olmasa da, sonuc etibarilə Azərbaycan Xalq Cümhuriyyətini istiqlal ideyalarına həmrəy olmamışdır. O da dövrün bir çox böyük türk mütəfəkkirləri kimi, Azərbaycanın qurtuluşunu ən yaxşı halda Osmanlı hüdudlarına qatılmaqda görürdü».

Ancaq bəzi hallarda Talıbzadənin Azərbaycan Cümhuriyyətinin müstəqil varlığını müdafiə etdiyni də görürük. Belə ki, 1919-cu ildə «Azərbaycan» qəzetində nəşr olunan «Cəmiyyəti əqvam» məqaləsində Talıbzadə üzünü Versal sülh konfransınının rəhbərlərinə tutaraq, Azərbaycan xalqının müstəqil yaşamağa haqqı olmasından bəhs edir: «Hər kəs bu sülhün nəticəsində həqqini istər və ümum millətləri məsud görmək arzu edər. Bilxassə bu xüsusda vəzifədar olub böylə bir mühüm vəzifə və məsuliyyəti dərhödə etməkdə olan cəmiyyəti əqvam bunu hər kəsdən daha ziyadə düşünməyə məcburdur. Cəbr və ilhaq, istila və nifaq dövrü keçmişdir, əski dünyayə təzə ruh vermək və təzə dünyanın ehtiyacına riayət etmək üçün ruh milliləri tətmin və milliyyətlərin məsud yaşamalarını təmin etmək lazımdır».  

Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası devrildikdən sonra İranla sərhəddə saxlanılaraq Bakıya göndərilən Talıbzadə burada Nərimanovla görüşdən sonra bir müddət Naxçıvanda hərbi komissar vəzifəsində çalışır. Ancaq bolşeviklərin əsil simasını anladıqdan sonra onlarla birgə işləməkdən imtina edən Talıbzadə Nərimanovun sayəsində Sovet İttifaqı sərhədlərini tərk etməsi ilə bağlı rəsmi sənəd əldə edir. Beləliklə, Azərbaycanı tərk edən Talıbzadə çox keçmir ki, «İslam birliyi» inancı ilə, Türküstanda Ənvər paşanın başçılığı ilə bolşevizmə qarşı aparılan «basmaçılar» hərəkatına qoşulur və burada döyüşlərin birində şəhid olur.

Türkçüstandakı «basmaçılar» hərəkatında Talıbzadəni yaxından tanıyan türk dünyasının tanınmış mütəfəkkirlərindən Zəki Vəlidi Toğan «Xatirləri»ndə onu «azərbaycanlı panislamist və pantürkist» kimi dəyərləndirmişdir. Hətta, Z.M.Toğan Talıbzadənin bir fikir adamı və din xadimi olduğunu söyləmişdir: «Axund Yusif Talıbzadə Azərbaycanın fikir həyatında mühüm yer alan mütəfəkkir və yazardı. Onun türkcə əsərləri və liberal fikirləri ehtiva edən qısa Quran təfsiri vardı… O kəlmənin tam mənası ilə bir panislamist və pantürkist idi».

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər