Modern.az

Sumqayıtın icra başçısı kinodan danışdı

Sumqayıtın icra başçısı kinodan danışdı

30 Noyabr 2012, 18:58

Eldar Əziziov: ““Dolu” filminə baxanda adam özünü hadisələrin içində hiss edir”

Aqil Abbas: “Lap az qalıb, biz torpaqlarımızı işğaldan azad edib, qələbəmizi göstərən film çəkəcəyik”

“Dolu” filminin yaradıcı heyəti bu dəfə Sumqayıt şəhər ictimaiyyəti ilə görüşüb. İcra başçısı Eldar Əziziovun da iştirak etdiyi görüşü Sumqayıt şəhər Mədəniyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov açıb. Sumqayıt Dövlət Musiqili Dram Teatrında baş tutan tədbirdə “Dolu” barədə geniş məlumat verən Namiq Qafarov ekran əsərinin tamaşaçı sevgisi qazanmasını  filmdə adı keçən hər kəsin işinə can yandırması ilə əsaslandırıb:
“Müharibə filmləri o vaxt tamaşaçını riqqətə gətirir ki, yaradıcı heyyətin hər bir üzvü odu, alovu, ölümü içindən keçirə bilsin. Hörmətli yazıçımız Aqil Abbas “Dolu” romanını oradakı hadisələri yaşayaraq yazıb. Qarabağ müharibəsində tez-tez səngərdə olan yazıçı ancaq belə əsər yaza bilərdi. Aqil Abbas ssenarini də eyni hisslərlə hazırlayıb. Filmdəki hadisələr, qəhrəmanlar təxəyyülün məhsulu deyil, gerçəkliyin yazıçı dili ilə təqdimatıdı. İstedadlı rejissor Elxan Cəfərovun ssenarinin tam mahiyyətini aça bilməsi, aktyor seçimində zərrə də olsun yanlışlığa yol verməməsi, qəhrəmanların özlərini döyüşdəki kimi hiss etmələri, operatorların, işıqçıların, kütləvi tamaşalarda iştirak edən yerli sakinlərin, bir sözlə hər kəsin yüksək əməyi “Dolu”nun möhtəşəm alınmasına səbəb olub”. 

Görüşdə Namiq Qafarov yaradıcı heyəti səhnəyə dəvət edib. Ssenari müəllifi Aqil Abbas “Dolu” filmində əziyyəti olan hər kəsə minnətdarlıq edib: “Filmin bəzi epizodları Sumqayıt şəhərində çəkilib. Yerli əhalinin, o cümlədən icra strukturlarında çalışanların əməyini heç vaxt unutmayacağıq. Bu film rejissor Elxan Cəfərovun və sizindi. Burdan cənab prezident İlham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə dərin təşəkkürümü bildirirəm. Dövlətin dəstəyi ilə daha gözəl filmlər çəkilir və çəkiləcək. Lap az qalıb, biz torpaqlarımızı işğaldan azad edib, qələbəmizi göstərən film çəkəcəyik”.

Rejissor Elxan Cəfərov da çıxışında filmin sonundakı epizoda diqqət çəkib: “Finalda qəhrəmanlar birlikdə işğal olunmuş torpaqlarımıza doğru irəliləyir. Bu o deməkdir ki, doğma yurdlarımıza mütləq qayıdacağımızı heç kim unutmasın və bu amalla yaşasın”.

Tədbirdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorlarıi “Dolu”nun epizodları əsasında orijinal süget xətti olan tamaşa da göstəriblər. Ardından “Dolu” filmi nümayiş olunub. Tamaşaçılar filmi ayaq üstə alqışlayıblar.

“Dolu”nun nümayişindən sonra səhnəyə çıxan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yaradıcı heyəti də yanına dəvət edib. İcra başçısı filmi çox bəyəndiyini deyib: “Bu gün çox heyratamiz gün yaşadıq. “Dolu” filmi bütün zalı riqqətə gətirdi. Mən yaradıcı heyətin hər birinə dərin təşəkkürümü bildirirəm. Sizin birgə əməyiniz belə gözəl filmi ərsəyə gətirib. “Dolu” kino sənətində yenilikdi. Tamaşaçı olaraq bu filmə baxanda adam özünü hadisələrin içində hiss edir. Film insanlara vətənpərvərik hissi aşılayır ki, hamımız bu hisslə yaşamalıyıq. Torpaqları işğalda olan ölkənin vətəndaşlarını vətənpərvərlik hissi bir an da olsun tərk etməməlidir. “Dolu” filmi bu məqsədə xidmət edir”.   

Eldar Əziziov çıxışında belə filmlərin çox çəkilməsinin vacibliyini də vurğulayıb.

Anar İsaoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır