Modern.az

Biz sizi eşidirik Toğrul Nərimanbəyov!

Biz sizi eşidirik Toğrul Nərimanbəyov!

1 Dekabr 2012, 15:38

Bəzən özümüzdə belə bir təəssürat yaranır ki, guya, biz rəngləri görürük. Amma əslində rəngləri eşidirik, onlar daim bizə nələrisə çatdırmaq istədiyindən mütəmadi olaraq bizimlə danışırlar. Rəssam ürəyinin ən gizli qatından kağız üzərinə şığıyan həmin sehrli rənglər bəlkə də bizləri həmin fərqli aləmə qonaq edir, hər an insanları səsləyir, amma nə yazıq ki, onları anlaya bilmirik, daha doğrusu  eşidə bilmirik. Bəzən həyat eşqini, bəzən isə insan ürəyinin ən dərin qatlarını obrazların, əşyaların üzərində əks etdirən bu ulu rənglərin bizimlə ünsiyyəti istədiyimiz vaxt baş tutsa idi, onda kamil şəxsiyyət kimi formalaşmağımız daha tez baş verərdi. Rənglərin
fəlsəfəsində emosionallıq, duyğusallıq nə qədər olarsa, bir o qədər də rasionallıqla irrasionallığın vəhdəti var.

Azərbaycanın, eləcə də dünyanın tanınmış rəssamlarından olan böyük həmvətənimiz Toğrul Nərimanbəyovun da əsərləri bütünlükdə bu sintezə söykənib, insanların sevgisini qazanəb.
Amma əsərin gücündən, təsir qüvəsindən danışmazdan əvvəl onu araya-ərsəyə gətirən sənətkardan söhbət açmaq gərəkdir ki, biz də buna istinad edib Toğrul Nərimanbəyovdan
danışmağa çalışacayıq.

Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakıda doğulub. Nüfuzlu boyakar, teatr rəssamı və monumentalist sənətkar kimi tanınan Toğrul Nərimanbəyov həm Azərbaycan, həm də keçmiş SSRİ hüdudlarında tanınan və sevilən incəsənət xadimlərindəndir. SSRİ və
Azərbaycanın xalq rəssamı fəxri adına, həmçinin Dövlət mükafatları laureatlarına sahib olan boyakar özünün fərqli dünyagörüş, düşüncə tərzinə görə bir çox kolleqalarını qabaqlaya bilib. O, 1950-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litva Dövlət İncəsənət İnsitutunu bitirib. T. Nərimanbəyovun romantik aspektdə işlənmiş tabloları gərgin ritm və ekspressivlik əlvanlığı ilə zəngindir. Əsərlərində çılğın ehtirasla  güclü xarakterin, emosional yüksəlişlə bədii duyum əsrarəngliyinin möhtəşəm sintezini görmək olur. Onun “Xəzər içində şəfəq”, “Baltika balıqçıları” tablolarında  gənc entuziastların romantik obrazları əks olunub.
“Emalatxanada”, “S.Bəhlulzadə”, “Məhsuldarlıq”, “Polyaçka”, “Sevinc” kimi lirik lövhələrində isə  həyatın işıqlı anlarının mükəmməl təsviri verilib.
Əsərlərində ekspressivliyə yəni emosionallıq, bədii ifadə tərzinə daha çox yer ayıran sənətkarın daxili aləmi maraqlı olduğu qədər də mücərəddir.
Hətta bu ekspressivliyin daxilində də nəsə bir fəlsəfi yanaşma tapmaq mümkündür. Adi nüansın tam fərqli rakursdan ifadəsi Nərimanbəyov sənətinin böyüklüyündən xəbər verir. O, bir bakılı kimi, Bakı vurğunu kimi doğma şəhərinin çayxanasını adi yol kənarında, park ətrafında deyil ağac üstündə verə bilir. Şərq-Qərb sintezi ilə təbiət kontrasını tam fərqli biçimdə canlandıran rəssam düşüncə baxımından Avropaya yaxın olsa da, ürəyinin həmişə, Şərq və onun bir hissəsi olan Azərbaycanla döyündüyünü göstərmiş olur. O , milli olduğu qədər müasir, müasir olduğu qədər də  qədim soykökə bağlı olan bir şəxsiyyətdir. Əsərləri də məhz, bu xarakterin ortaq məhsulu kimi meydana gəlib. Böyük insanlıq və kamillik mahiyyətini özündə cəmləşdirən qədim muğamımıza aid olan portreti onun bütövləşmiş tam olaraq intellektin ali mərhələsinə çatmış bir insan olduğunu sübut edir. Onun vətənə  bağlılığı yaratdığı bir çox əsərlərdə -“Göyçay bağlarında”,” Bahar yarmarkası”, “Narlar və armudlar”- özünü açıq-aşkar nümayiş etdirir.

Milliliklə naturalizmin, peyzaj sənəti ilə doğma torpağa sevgi hissinin qarışığından əmələ gələn bu portretlər sanki Nərimanbəyovun öz simasını əks etdirir. O, hər bir əsərində özüdür, ürəyinin işıqları zərrə-zərrə portretlərinə hopub və həmin işığı ordan qoparmaq  tamamilə müşkül  məsələdir. O, şəxsiyyət kimi mahiyyətini təkcə rəsm əsərlərində deyil, həmçinin şeir və musiqidə də nümayiş etdirir. Çox gözəl vokal imkanlarına malik olan və fortepionada peşəkarcasına ifa edən Nərimanbəyovun  Paris də daxil olmaqla bir sıra Avropa şəhərlərində solo-konsertləri olub. Klassik İtaliya və Almaniya bəstəkarlarına daha çox müraciət edən sənətçi opera musiqisinin incəliklərini portretlərində olduğu kimi səhnədə də insanlara çatdırır.
Rəsm əsərləri Fransa, Çexiya, Polşa, Litva, Slovakiya, Almaniya, ABŞ, eləcə də Rusiyada saxlanılan Nərimanbəyovun hadisələrə, insanlara, təbiətə yanaşması təkcə bunlarla bitmir. Onun həddindən artlıq novatorluq prinsiplərini özündə əks etdirən şeirləri vardır. Xalq şairi Fikrət Qoca onlardan bəzilərini Azərbaycan dilinə tərcümə edib. Şeirlərinin nə qədər fərqli bir dünyagörünün məhsulu olması onu oxuyandan sonra dərhal bilinir.

Özünü həvəskar şair adlandırsa da misralarında gizlənən fəlsəfi qat, hikmət çələngi onu gələcəkdə şair kimi də tanıda biləcək. ”Ov səhnəsi“ adlı şeirində qədim Qobusatan qaya rəsmlərinə müraciət və bu müraciətdə əks olunan Qərb müasirliyi ilə, ulu söykökü arasında bağlantı  Nərimanbəyov şəxsiyyətini bir daha gözlərimizin qarşısında böyüdür.

Amma bütün bunların sonunda ən çox rənglərlə dostluq edən və öz iç aləmini onlara açan dahi bir sənətkarı duya bilirik. O,öz rəgləri ilə birgə danışır, bizi kamillik mərhələsinin daha ali qatlarına dəvət edir. Nə xoş olardı ki, biz onun portretlərinə baxa  - “biz sizi eşidirik” cümləsini
deyə biləydik!

Elmin Nurizadə

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir