Modern.az

Müğənnilər ölkəsi

Müğənnilər ölkəsi

3 Dekabr 2012, 09:02

İlham Soltanov

Konfusi deyib: “Bir cəmiyyətin musiqisi pozulubsa, o cəmiyyətdə bir çox şeylər pozulub” 

Bu yazını qələmə almağa televiziya kanallarında sonu bitməyən müğənni seçimlərini həyata keçirən layihələrin davam etməsi oldu. Sözün açığı televiziya verilişlərini çox izləmirəm. Ancaq bəzən xəbərlər proqramlarını, ictimai-siyasi mahiyyət daşıyan və futbol yayımlarını izləyirəm. Digər verilişlər - seriallar, bozbaş hazırlamağı öyrədən mətbəx verilişləri, musuqi proqramları və hansısa sms səsverməsi ilə keçirilən yarışmalar və s. mənim maraq xaricimdədir. Əsasən informasiyaları iki-üç saatdan bir internet saytlarından oxuyuram. Elə bilirsiniz ki, izlədiyim proqramlar məni qane edir. Tamamilə yox. Hər aparıcı öz regionunun ləhcəsində danışır, əgər iki aparıcıdırsa, üstünlüyü ələ almaq üçün bir-birinə danışmağa imkan verməməklə yanaşı, Azərbaycan dilini nə qədər zəif bildiklərini nümayiş etdirirlər. Bu yaxınlarda İctimai Televiziyada bir xanım - Əməkdar artist aparıcıya deyirdi ki “Sizlərin sahəsində biz efirə çıxırıq”. Digər verilişlərin aparıcıları da efir vaxtı öz şəxsi həyatlarını, xasiyyətlərini danışmağa üstünlük verirlər. Tamaşaçılar üçün bu mənasız fikirlərin nə dərəcədə maraqsız olduğunu onlar görəsən düşünürmü?

Musiqi verilişlərinə isə demək olar ki tamamilə baxmıram. Oxucular elə bilməsin ki, mənim musuqi duyumum yoxdur. Əksinə, mən hər gün axşam qısa zaman olsa da, musiqi dinləyirəm. Həm milli, həm də xarici. Televiziya ekranlarında musuqidən başqa nə desən var. İstənilən müğənnidən müsahibə götürüləndə onlar öz yaradıcılıqlarından, hansı yeni musiqi əsərləri üzərində işlədiklərini danışmaq əvəzinə, indi hansı avtomobili sürürlər, əvvəl hansı olub və hansını almaq arzusundadırlar, bunlardan bəhs edirlər. Kiminlə harada cay içib, harada kim ona salam verməyib və əvəzində o nə edəcək və s. Bəzi qadın müğənnilər isə bu deyilənlərdən əlavə boşanmalarından ya da ərə getməyə hələ tələsmədiyini, bu ay neçə qram arıqladığını, paltarını daha neçə sm qısaltdığından danışırlar.
Və başqa daha nələr deyilmir, nələr səsləndirilmir, nələr göstərilmir. Geyimlərini, ayaqqabılarını, oxuculardan üzr istəyirəm alt paltarlarını nümayiş etdirmək isə artıq sırtıq jurnalistin işıdir. Sanki ona əvvəlcədən göstərilib ki, hansı haradadır... Hələ gündəmdə qalmaq  üçün həm də özünün digər həmkarına da efir yolu açmaq üçün başqa birisi haqqında bir məntiqsiz və dəyərsiz ismarış da göndərməklə yanaşı, daun xəstəsi kimi bir jest də edirlər. Hətta o gün təsadüfən özəl telekanallardan birində kişi müğənninin xanım müğənniyə dava işmarışı göndərdiyinin şahidi oldum. Kişi hara, qadınla mübarızə aparmaq və ona ismarış yollamaq hara... Bir sözlə tamaşaçı təhqir olunur.          
Narahatlıq doğuran məqamlardan biri də yeniyetmələrin və gənclərin özünü müğənni hesab edən həmin insanlara bənzəmək  istəyinin olmasıdır. Bəzi “kişi” müğənnini dinlədikdən sonra onlarda hansı vətəndaşlıq hisslərinin formalaşacağını, vətəni necə qoruyacağını (yaşlı müğənniləri çıxmaq şərtilə cavanların demək olar ki əksəriyyəti hərbi xidmətdə olmayıb), hansı qızın isə “məşhur” xanım “müğənnilər”dən birinə bənzəmək istəsə ondan necə ana olacağı məni  narahat edir. Neçə illərdir ki, televiziya kanallarında müğənni seçimi layihələri davam edir. Ədalət naminə deməliyəm ki, bu hallar dövlət televiziyasında istisnadır. Muğam yarışmasının təşkili, ekspertlərin tərkibi, potensialı və qərarları hamının ürəyindən oldu. Mən istedadların üzə çıxarılmasının əleyhinə deyiləm. Ancaq 9 milyonluq ölkənin bu qədər müğənnisi olmaz axı? Məncə müğənnilərin bu qədər aşkar olunmasına dövlət sifarişi yoxdur. Əminəm ki, ictimai sifariş də yoxdur. Bəs belə olan halda kimə lazımdır bu qədər müğənni? Torpaqlarının 20 faizi işğal olan ölkəyə bu qədər müğənni seçimi layihəsi lazımdırmı? Həmin layihələri həyata kecirən kanal rəhbərləri qəhrəmanlığı özündə təcəssüm etdirən layihələr həyata kecirsələr, yaxşı olmazmı?

Bəlkə elə torpaqlarımızı itirməyin bir səbəbi bizim oxuyub-oynamağa çox meyilli olmağımızdır.
ABŞ, Yaponiya, Almaniya, Kanada, Sinqapur, Cənubi Koreya və s. ölkələr intellektual ölkə kimi tanınırlar... Belə getsə, müğənnilərin ölkəmizin əhalisinin sayına nisbətinə görə Odlar Yurdu-Azərbaycan yaxın illərdə Müğənnilər Ölkəsi  kimi məşhurlaşa bilər. Əziz oxucular, gəlin bu layihələrin baş tutmaması üçün orada iştirak etməyək, iştirak edənlərə isə səs verməyək. Bu səsi olmayan üzdəniraq konfliktli müğənnilərdən uzaq olaq.

Bir çox “müğənnilər” isə musiqinin başına oyun açırlar. Guya yenilik gətirirlər, nə bilim aranjeman edirlər, heç özləri də başa düşmürlər nə oxuyurlar. Belə müğənnilərin ifasından sonra kanalların birində xəbərlər informasiya proqramından əvvəl BMT-nin Qarabağın azad olunması ilə məlum qətnamələrinin nömrələri səsləndirilir.Və sonda da deyilir: dünya birliyi bu ədalətsizliyə hələ də dözür. Mənə elə gəlir ki, elə həmin dünya ölkələri belə qənaətə gəliblər ki, öz torpaqlarını azad etmək əvəzinə daha çox oxuyub–oynamaqla məşğul olan xalq onlardan heç nə gözləməsin.

Sonda qeyd etmək istəyirəm ki, bu gün telekanallarda nümayiş etdirilən layihələrin əksəriyyəti (o cümlədən müğənni seçimini hayata keçirən layihələr) milli mənəvi-əxlaqi dəyərlərimizlə yanaşı,  dövlətin milli maraq və mənafelərinə də uyğun deyil. Bu layihələr musiqimizin başına oyun açır. Üzümü bəzi müğənnilərə tutaraq fikrimi qədim Çin mütəfəkkiri Konfusinin digər bir fikri ilə yekunlaşdırmaq istəyirəm. “Bir millətin xarakterini bilmək istəyirsənsə, o millətin musiqisini dinləyin”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir