Modern.az

Azay Quliyev ATƏT PA-da Qarabagdakı "seçkiləri" məsxərə adlandırıb

Azay Quliyev ATƏT PA-da Qarabagdakı "seçkiləri" məsxərə adlandırıb

19 Fevral 2010, 10:17

Vyanada ATƏT-in Parlament Assambleyasının (PA) qış sessiyası keçirilir. Modern.az saytı xəbər verir ki, PA-nın siyasi komitəsinin iclasında 2010-cu ildə Norveçdə keçirilməsi planlaşdırılan Parlament Assambleyasının illik yığıncağının gündəliyi müzakirə edilən zaman Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev Qarabağ münaqişəsinin həll edilməməsi ilə bağlı çıxış edib. Deputat  çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların 15 ildən artıq davam etməsinə baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi sayəsində indiyədək münaqişənin həll variantı tapılmadığını diqqətə çatdırıb: “Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkün şəraitində yaşamaqda davam etməkdədir. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəklədiyini bəyan edir, Azərbaycan da münaqişənin sülh yolu ilə nizamlanmasına səy göstərir. Lakin 17 ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş məlum 4 qətnamənin, Avropa Şurası və ATƏT-in müvafiq sənədlərinin tələblərinə əməl etmir, işğal altında saxladığı Azərbaycan ərazilərini boşaltmır. Ona görə də artıq Osloda keçiriləcək PA-nın illik yığıncağında BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in qəbul etdikləri sənədlərlə bağlı konkret mexanizmlər işlənib hazırlanmalıdır və iclasda qəbul edilməlidir. Bu işi ATƏT PA-nın xüsusi nümayəndəsi və Dağlıq Qarabağ üzrə həmməruzəçi Qoran Lenmarkerə də tapşırmaq mümkündür”.

A.Quliyev onu da bildirib ki, Azərbaycan daha 15 il nəticəsiz danışıqları gözləyə bilməz və ATƏT PA bu istiqamətdə konkret mövqeyini ortaya qoymalıdır. Ermənistan nümayəndə heyətinin rəhbəri Aram Safaryan isə cavab nitqində mövzudan yayınaraq, diqqəti Azərbaycanda demokratiyanın vəziyyətinə və may ayında Dağlıq Qarabağda keçiriləcək „seçki“lərə cəlb etməyə çalışıb. Yenidən söz alan Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev isə bildirib ki, həqiqətən də Ermənistan nümayəndəsinin faktla bağlı deməyə sözü olmadığından, diqqəti işğal faktından yayındırmağa və auditoriyanı çaşdırmağa çalışır: “Əgər demokratiyadan danışmaq gərəkdirsə, ilk növbədə Ermənistandakı demokratik vəziyyət və öz mülki vətəndaşlarını öldürməkdən belə çəkinməyən Ermənistan hakimiyyətinin əməllərindən danışmaq olar və biz bu mövzuda müzakirələrə hazırıq. Hazırda isə biz demokratiyadan deyil, konkret Ermənistanın işğalçı siyasətindən və beynəlxalq hüquq normalarını kobudcasına pozmasından danışırıq. Tanınmamış Dağlıq Qarabağda keçirilən "seçkilərə" gəldikdə isə, hamıya məlumdur ki, bu bir məsxərədir və bu cür addımlar bütün dünyada gülüş doğurur. Bu kimi təxribat xarakterli oyunlar, təbii ki, dünya tərəfindən tanınmayıb və bundan sonra da tanınmayacaq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq