Modern.az

Kitab bolluğu, oxucu qıtlığı...

Kitab bolluğu, oxucu qıtlığı...

Ölkə

19 Fevral 2010, 11:48

AZƏRBAYCAN GƏNCİ KİTAB OXUYURMU?

 

Bir vaxtlar tələbə olan 24 yaşlı Pərviz kitab oxumağın insana heç bir fayda vermədiyini deyir:

- İşim-gücüm qurtarıb kitab oxuyacam. Tələbə vaxtı oxuduğum kitablardır. Kitaba sərf etdiyim vaxtın əvəzinə filmə baxaram da.

Pərviz Raqif oğlu informatika müəllimi olsa da, bizneslə məşğul olur. O, deyir ki, kitab adama pul gətirsə, oxuyar:

- Kitab oxudum nə olsun?! Pul verəcəklər, yoxsa mənə heykəl qoyacaqlar?!

Pərvizdən fəqli olaraq 23 yaşlı tələbə Azər Rzayev deyir ki, kitab onun ən yaxın dostudur:

- Günüm demək olar ki, kitab oxumaqla keçir. Artiq alışmışam. Hər gün az da olsa, bədii ədəbiyyat oxuyuram.

Azər Rzayev Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində təhsil alır. O, bildirir ki, biliyi, intellektini artırmaq üçün həm dərs vəsaitlərindən, həm də bədii ədəbiyyatdan yararlanır:

- Bilikli, savadlı olmaq istəyirsənsə mütləq mütaliə etməlisən. Bu, insanın gələcək həyatında inamlı addımlamağına yardımçı olur. Həm də həyata baxışını dəyişir.

Tələbə Azər qeyd edir ki,bədii ədəbiyyat qədər insanın söz ehtiyatını artıran ikinci bir vasitə yoxdur:

- Detektiv əsərləri oxumağı sevirəm. Ancaq ən son oxuduğum əsər  Paulo Coelhonun  "Əlkimyagər"əsəridir.

 

Hansı kitab daha çox sifariş edilir?

 

Kitab Klubunun əməkdaşı Elnur Babayev deyir ki, Kitab Klubu kitab oxumaq istəyənlər  üçün hər cür şərait yaradır: “Yaşından asılı olmayaraq istənilən şəxs təmənnasız olaraq Kitab Klubunda oturub istədiyi qədər kitab oxuya bilər”.

Elnur Babayev bildirir ki, ancaq Kitab Klubunu kitabxanasına üzv olmaq istəyirsənsə, gərək 20 manat ödəyəsən:

- Üzv olanlara  oxucu bileti verilir. Oxucu bileti bir il müddətində etibarlıdır. Oxucu biletinin etibarlı olduğu müddətdə  oxucular dəyəri 20 manatadək olan istənilən kitabı aparıb evdə oxumaq (qaytarmaq şərti ilə ) hüququna malikdirlər. Bu xidmətdən əsasən tələbər istifadə edir.

Elnur Babayev onu da qeyd etdi ki, oxucular əsasən xarici ədəbiyyat sifariş edir:

- Xarici ədəbiyyata maraq daha çoxdur. Xarici ədəbiyyatdan Şekspir, Tolstoy, Hüqonun əsərləri, yerli ədəbiyyatdan isə Tusi, Füzuli, Vahidin əsərləri sifariş edilir.

Kitab Klubunun son (yanvar) monitorinqinə görə ən çox oxunan kitablar arasında ilk yeri Yunus Oğuzun  “Təhmasib şah”əsəri tutur.

Kitab Klubu son monitorinqinin nəticələrinə gorə ən çox oxunan kitablar göstərilən qayda ilə sıralanır: 1. Yunus Oğuz, Təhmasib şah 2. Harun Yəhya, “Quran möcüzələri” 3. Makiavelli, Hökmdar 4. Harun Yəhya, “Qlobal masonluq” 5. Paulo Coelho, "Əlkimyagər" 6. Sultan Məmmədov, "Masonluq: dünyanı idarə edən qüvvə" 7. Yunus Oğuz, Bəxtiyar Tuncay, “Türkün gizli tarixi” 8. Varis, "Sonuncu ölən ümidlərdir" 9. Osman Gündüz, "İnternet. Azərbaycan internet resursları" (2008) 10. Mirzə Ənsərli (Ləmbəli), “Türkiyədə Masonların və sionistlərin fəaliyyəti” 11. Osman Gündüz, "Kompüter. İnformasiya texnologiyasının əsasları" 12. Çingiz Abdullayev, "Quba kapriççiosu" 13. Mələk xanım Quliyeva, “Evdarlıq” 14. N.Qreqori Mənkyu, "Ekonomiksin əsasları" 15. Cəmil Həsənli, “Azərbaycanda milli məsələ” 16. Т.М. Xudazarov, “İngilis dilinin qısa kursu" 17. “Azərbaycan dilinin izahlı lüğəti” (4 cilddə) 18. Чингиз Гусейнов, “Мерадж” 19. Rafiq Məmmədli, “ICQ – Mən Səni Axtarıram. ICQ ilə dost tap, söhbət elə və əylən” 20. Çingiz Abdullayev, “Payız madriqalı” (tərc.: T.Muxtarova) 21. Jack Harvey, Ernie Jowsey, "Müasir ekonomiks" (8-ci nəşr – Azərbaycan dilində) 22. Fərəh Pəhləvi, “Xatirələr” (Yıxılan rejimin və bitməyən eşqin hekayəti) 23. Nazim Rza İsrafiloğlu, “Neft qlobal münaqişələr mənbəyi” 24. Rövşən Yerfi, “Residivist” 25. Cürci Zeydan, "Kərbəla dilbəri" 26. Rafiq Babayev, “Min bir mahnı” 27. Tərt.: Əlişir Azəri, “Allah Rəsulunun müqəddəs kəlamları” 28. Kurt David, "Çingiz xan" (2 cilddə) 29. Deyl Karnegi, “Dostu necə qazanmalı və insanlara necə təsir etməli” (tərc.: A.Hacıyev) 30. Vahid Məmmədli, "Tunc mələk"

  

Kitab satışı reklamla düz mütənasibdir

 

Bukinist kitab mağazasının satıcısı Taleh Hacıyev deyir ki, mağaza hər cür kitablarla zəngin olsa da, di gəl yetərli sayda oxucu yoxdur:

- Alıcılarımız daha çox tələbələr olur. Bəziləri dərs vəsaiti, bəzilər isə bədii əsər almaq üçün gəlirlər.

Yerli ədəbiyyatdan ən çox Yunus Oğuz, Anar, Elçin, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, İlqar Fəhmi, Çingiz Abdullayevin  kitabları, xarici ədəbiyyatdan Dostayevski, Paulo Coelho, Cek London, Mark Tvenin kitabları satılır.

Satıcı Taleh onu da bildirdi ki, kitabların satışı daha çox reklamdan asılıdır: - Kitabı nə qədər çox reklam etsən, o qədər çox satılacaq. Məsələn, Yunus Oğuzun “Təhmasib Şah” kitabı buna misal ola bilər.

 

Biz də oxuyanda var! Yazanda var!

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyir ki, Azərbaycanda həmişə oxumaq qıtlığı olub: - Ancaq biz gənclərin üstünə getməməliyik. Biz ictimaiyyətin üstünə getməliyik. Övladlarını rüşvət hesabına oxudan valideynlərin üstünə getməliyik, mübarizə aparmaqdansa rüşvət verib özünü kənara çəkən adamların üstünə getməliyik. Şahbaz Xuduoğlu  onu da vurğulayır ki, gənclərin  kitaba marağını artırmaq üçün özəl nəşriyyatlar və dövlət tədbirlər görməlidir: - Özəl nəşriyyatlar kitab bazarının genişlənməsinə çalışmalıdırlar. Dövlət isə kitabla bağlı müxtəlif tədbirlər keçirməlidir. Dövlət universitetlərin kitabxanalarını yoxlamalıdır, görək  universitet deyilən ali təhsil müəssisələrinin kitabxanaları nə vəziyyətdədir? Nə qədər kitabları var? Hər il nə qədər kitab alırlar? Dövlət gedir, dövriyyəyə baxır, sonra vergisini tələb edir, vəssalam! Bu düzgün deyil. Bizim universitetlər diplom bazarıdır. Şahbaz Xuduoğlu onu da bildirir ki, “Qanun” nəşriyyatı ancaq tələb olunan kitabları çap etdirir: - Oxucularla təmas hesabına kitabların çeşidin müəyyən edirik. Ən yeni ədəbiyyat da bu ehtiyacdan doğdu. Hələ ki bu kitablara rəqib olan kitablar yoxdur. Bu seriyada nəşr olunan Aqşin Yenisey, Sevinc Pərvanə, Pərviz, Rasim Qaracanın kitabları böyük uğurla satılır. Bu əsərləri satışını görəndən sonra daha oxucuları qınamıram. Bu nəşrlər ədəbiyyat ətalətini qırdı, dağıtdı o yalançı mifi ki, bizdə oxuyan yoxdur. Yox! Bizdə oxuyan var! Bizdə yazanda var!

Oxu- oxu deməklə heç kim kitab oxumayacaq

Psixoloq Elmir Əkbərin sözlərinə görə, kitab oxumaq insanın özünüdərkinə, intellektual olmasına yardımçı olur:

- Kitab oxuyan insan hadisəyə eyni prizmadan deyil, müxtəlif prizmadan yanaşır. Bu, insanın həyatda düzgün seçim etməsinə, adddımlamasına  kömək edir.

Deyirlər ki, “kitab oxumaqdansa, həmin əsərin filminə baxaram”. Ancaq bu düzgün deyil, Rejissor filmdə A-dan Z-yə hər şey göstərməyə çalışsa da, kitabın ruhunu, incəliyini əks etdirə bilmir. Kitabın insana gətidiyi emosianal zəngiliyin yerini heç bir film verə bilməz.

 

Elmir Əkbər deyir ki, gənclərin kitaba marağını artırmaq üçün düzgün təbliğat aparılmalıdır:

- Təbliğat öncə  KİV-lərdə getməlidir. Cəmiyyətə media qədər təsir edəcək ikinci bir qüvvə yoxdur. Saytlarda şou-biznes əvəzinə müzakirə obyekti kitablar olsa, kitaba maraq da  xeyli artar. Əvvəlcə müzakirə üçün muasir əsərlərdən başlamaq lazimdır ki, gənclərin diqqətini çəksin. Daha sonra tarixi səhifələyərək keçmişə doğru irəliləmək lazımdır.

Elmir Əkbər hesab edir ki, kitabla bağlı yarışlar keçirilsə, qaliblər mükafatlandırılsa gənclərdə mütaliyəyə istək yaranar: “Oxu-oxu deməklə heç kim kitab oxumayacaq. İnsan oturduğu yerdə ağlına gəlmir ki, gedim bu kitabı oxuyum. Əsərdən sitatlar, nümunələr gətiriləndə təbii ki, oxucuda da istək yaranir ki, bu əsəri oxusun. Buna görə də ən güclü vasitə təbliğatdır”.

Təhminə PAŞAYEVA

 

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?