Modern.az

Yurd istəyi, Vətən sevgisi

Yurd istəyi, Vətən sevgisi

6 Dekabr 2012, 09:56

(HAFİZ RÜSTƏMİN « YARDIMLIYA SƏYAHƏT»İNƏ SƏYAHƏT)

Azərbaycan  ədəbiyyatında  öz  dəsti-xətti  olan  Hafiz  Rüstəmlə  mən  yaradıcı  insanların  gediş – gəliş  yeri  olan, Əli  Rza  Xələflinin  rəhbərlik  etdiyi və mənim əməkdaşlıq etdiyim “Kredo”  qəzetində  tanış  olmuşam. Onun bədii  ədəbiyyatımız  haqqındakı  ürək  yanğılı  söz-söhbətindən  doymaq  olmur. Hafiz  bəy  geniş ürək  sahibidir. O, əsil  yaradıcılığı  simiclik  etmədən  qiymətləndirməyi  bacaran  söz, fikir adamıdır, sözünün  urvatı, axarı  misralarından  boylanan, qəlbi  sözlə  çalxalanan  şairdir.  Hafiz Rüstəm  hər  cümlənin  qurluşuşuna, hər  misranın  düzülüşünə  məsuliyyətlə  yanaşan  yaradıcı insandır. Qəlbi  Vətən  eşqiylə  döyünən  vətəndaş  yazardır.

Müəllifin  «Bakıdan  Yardımlıya  Səyahət»  kitabı  haqqında  öz  fikirlərimi  yazmamışdan  öncə  bir-iki  kəlmə  indiki  yaradıcı  durum  barədə  fikir  söyləmək  yerinə  düşərdi. Son  illərdə  bəzi  yazar insanlarımızın  yaratdığı  ədəbi  məhsullarda  milli  məfkurənin  unudulduğu, hətta  eldən, yurddan  yazmağa  rişxədlə  baxıldığının  təəssüflə  şahidi  olursan. Vətənlə  bağlı  mövzulara  geridə qalmışlıq  kimi  baxan  dırnaq  arası  söz  xiridarlarının  fikiri-zikiri  avropasayağı  söz  oynatmaqdır. Fikrimizcə,  Vətən  eşqi  bütün  hisslərdən, duyğulardan  öndə  olmalıdır. Kişini  kişi  edən  Vətəndir, millətin  xoşbəxtliyi  onunla  təndir!

İndi  qayıdaq  haqqında  yazmağa  qərar  verdiyim  müəllifin  «Bakıdan  Yardımlıya  Səyahət» kitabının  üstünə. Müəllifin  bu  kitabı  özünün  qeyd  etdiyi  kimi  yaddaş- poemadır. Poema  başdan-başa  bütöv  bir  elin  kədərini-sevincini, ağrısıni-hekayətini  özündə  birləşdirən  möhtəşəm  bir  əsərdir. Əsərin  baş  qəhrəmanı  müəllif  özüdür  və  dostu  Mir  Mahmud  ağadır. Poemada  müəllif  klassik  şairlərimizin  yazı  üsuluna  sadiq  qalıb. Xüsusən  indiki  dövürdə  yazar  insanlarmız  arasında  Allahın  varlığına  şübhəylə  baxan, allahsızlıq  ideyaları  ilə  nəfəs  alan  qövm  yaranmaqdadır. Hafiz  Rüstəm  bu  növ  düşünənlərin  əksinə  olaraq  poemanı  Allaha  münacatla  başlayır.

                                Sən ey bağışlayan, sən ey rəhm edən,
                               
Əsirgəmə eşqi ilhamı məndən.
                               
Ey iki dünyaya yeganə sahib,
                               
Həm işin içində, həm  ki, qalib.  

Haqqın  varlığına  sidqi  ürəklə  bağlanan, onu  yaranışların  sahibi  sanan  müəllif  dünyanın  böyük dahilərinin  gəldiyi  fikirlə  həmahəng  olur. Biz  bütünlükdə  ağrılı  bir  ömür  yaşayan millətlərdənik. Bu  ağrını  isə  öz  çiyinlərində  ömrü  boyu  daşıyan  vətən  təəssübü, yurd  ağrısı çəkən  düşüncə  sahibləri,  həqiqi  yazar  insanlardır. Hafiz  Rüstəm  də, məhz  belə  yazar insanlardandır. Əgər  belə  olmasaydı  bu  cür  iri  həcimli  poemanı  araya-ərsəyə  gətirə   bilməzdi.

Biz  hamımz  doğulub  böyüdüyümüz  ocaqlardan, yuvalardan  şəhərə  peşə, sənət, böyük  arzular dalınca  üz  tutan  kəslərik. Kəndin  təmiz  havasını, saf, sadəlövh, dilə bağlı, yurda  aşiq  insanlarını  buraxıb  paytaxta  yüksək  amallar  dalınca  üz  tuturuq. Hələ  şəhərin  isti  asfaltını, boz üzünü  görməmiş  quş  kimi  qanad  açırıq. Gəlib  bir  çox  mətləblərdən  hali  olub  qaim-qədəm  olandan  sonra  çox  şeylərin  bizim  gənclik  düşüncələrimizdən  daha  ağrılı, daha  çətin  olduğunun  fərqinə  varırıq. Bu  yolda sağlamlığımızı, uşaqlıq, gənclik  illərinin  şirinliyini  itiririk, yavaş-yavaş  iddialı, təkəbbürlü  anadangəlmə  şəhərli  olmasaq  da  belə  şəhər  insanına  çevrilirik. Doğma  yurdlarımızda  qoyub gəldiyimiz  istiqanlığı  xatirələrə  gömüldürük, amma  hər  birimizin  içində  doğulduğumuz  yurdların  eşqindən  qaynaqlanan  bir  niskil  yatır. Biz  vaxt  tapanda  hərdən  bir  qoyub  gəldiyimiz  ocaqlara  yollanırıq. Bəzən  soyuq, bəzən  isti  qarşılanırıq. Çünki  tərk  edilmiş yuvalardan  canıbir, qanıbir  yurddaşlar  olsa  belə  sən  qonağsan. Qoynunda  məskən  saldığın  şəhərə  qayıtmalısan. Ürəyi  qan  yaddaşından  qopub  gələn  ocaq  sevgisi  adamı bir  an  belə  tərk  etmir, bu  sevgi  ağır  vaxtlarda  göz  yaşlarına, xoş  çağlarda  isə  yurdla  təmasda  olmaq  istəyinə çevrilir. Müəllifi  də  yəqin  yaşının  yarıya  adlayan  çağında  bu  istək, bu  dilək  çalxaladıb, onu atalı, analı  günlərinin  ürək  titrədən, qəlbə  məlhəm  xatirələrinə  yönəldib. Ata  ocağından  boylanan  isti  ana  nəfəsinin, cana  mərhəm  şirin  laylalarının  qulaqlarda  donub  qalmış  havasının  sədası  niskilli  xatirələrinin  dünyasından  onu  səsləyib. Onun da ata ocağının şirinliyi uşaqlıq çağlarının  uzaq  xatirələrində  özünə  məskən  salıb. O  da  qələminə  və  kağızına  sarılıb  bu istəyi  boğça-boğça  xatirələr  taxçasından  çıxarıb  misra-misra  dastana  çevirib. Şair yaşadığı  anların  xatirələrə  dönmüş  zamanlarını  keçmişin  ötüb  qalmış  günlərində  itib-batmamaq  üçün, doğulduğu ocağını, yurdunu  sözün  sehri  ilə  əbədiləşdirmk  üçün  bu həyat  hekayətini  muncuq-muncuq  söz ovqatına kökləyir.

Hafiz  Rüstəm  poemanı  ayrı-ayrı  başlıqlarla  səhifələyir. Hər  başlıq  adamı  bəhs  etdiyi  hekayətin  izinə  salır. Müəllifin  «Yardımlıya səyahət» yaddaş-poemasında «Cənuba doğru», «Sərhəd ağrıları», «Ricət», «Dağlar… meşələr» , «Yollar-görüntülər», «Məcnun dağ havasında»  və  sair  başlıqlarla  sıralanmış  hekayətlər  Yardımlı  bölgəsinin  tarixi, etniki adət-ənənələri  ilə  oxucunu  hali  edir, yurdun gəlməli-görməli gözəllikləriylə  onu tanış  edir.  Sanki  müəllif  oxucunun  əlindən  tutub  onu  öz  doğulduğu, boya-başa  çatdığı  məkana  aparır. Şair  poemanın «Sərhəd ağrıları» bölməsində  yolların  zaman  köhləninə  əyləşib  insanı  ömrün  rəngarəngliyi  ilə  ulaşdırdığını  şirin  bir  dillə  nəzmə  çəkir:

Yollar elə uzanır,
       
Sanki qurtarmayacaq.
Bizi apardığıtək 
       
geri qaytarmayacaq
Vaxt
 keçir aşıb-daşır
         insan dözmü, səbri,
Yardımlıölkəmizin
         uzaq, ucqar « Sibiri».

Hafiz Rüstəm  indi  bir  tarixə  çevrilmiş  sovet  dövrünün  yaşantılarını  qələmə  alır. O, Rus İmperiyasının  ölkəmiz  içində  cızdığı  sərhədlərinin  törətdiyi fəsadları  poemanın  misralarına  gətirir. Vətən  içində  öz  yurd-yuvasına  çətinliklə  gedib-gələn  insanların  məşəqqətli  həyatını  yana-yana  qələmə alır.  O,  parça-parça,  tikə-tikə  olmuş  başıbəlalı  Azərbaycanın  faciəvi  taleyini, bütünlükdə  hamımızın  ürək  ağrısını  poemasında  əbədiləşdirir. Hələ  tələbəlik  illərində Bakı  Universitetində  oxuduğum  zamanlarda  tələbə  yoldaşlarım  Naxçıvana, Yardımlıya bir  çox  sərhəd  rayonlarına   gediş-gəlişin  başağrısı  olduğunu  deyirdilər. Onların  başıbəlalı  Azərbaycanımızın  içərisindən  çəkilmiş  tikanlı  məftillərin  hər  iki  tərəfində  həsrətli gözlərin  axıtdığı  kədər  yaşlarının  hekayətini  nəql  etdiklərinin  şahidi  olmuşam. Tələbə yoldaşlarım  öz doğma  yurdlarına  çətinliklə  gedib  gəlirdilər. Məhz  şair  də  bu  həyat  hekayətində  xalqın  keçirdiyi  acı-ağrıları  misraların  dili  ilə  oxucuya  bəyan  edir. Müllif  əsərin «İlk bahar lövhələri» bölməsində  öz halı-əhvalını  dağlarla  bölüşür:

 Sizinçün burnumun ucu göynəyir,
 
Burnumdan uzağa getmədim, dağlar.
 
Mən  bəxtəvərdim guya şəhərdə,
 
Əslində murada yetmədim, dağlar.

  Sizsiz neçə-neçə illər ötüşdü,
 
Əsdi rüzgarlar, yellər ötüşdü,
 
Ələndi qar-yağış, sellər ötüşdü,
 
Mənsə yanınızdan ötmədim, dağlar.                                                

Deyirlər  ki,  insanın  yaxşı  günləri  barmaqların  sayı  qədərdir. Müəllif  dağlara  həsr  etdiyi  bu gözəl  qoşmasında  keçirdiyi  xoş  günlərinin  xatirələrindən  doğan  yurd  istəyini, təbiət gözəlliklərini  misraların  sehri  içində  bəsləyir. Sözün  aliliyi  ilə  təbiət  mənzərələrinə  aşina  olur. Şəhərin  texniki  üstünlükləri  saf  kənd  havasının, onun təbii yeməklərinin  qarşısında  olduqca  aldadıcı  və  keçicidir. Adam  yaşa  dolduqca, fiziki  problemlər  ortaya  çıxdıqca  daha  çox  o  təmizliyin, o  saflığın, o  büllurluğun  həsrətin  çəkir. Hər  kəsə  bəllidir  ki,  candan  şirin  heç  nə  yoxdur,  o  şirin  can  bədən  ağrıları  artıqca  öz  öhdəsinə  düşən  yükü  çəkə  bilmir.  Yavaş-yavaş  insan  özü  üçün  sakit  bir  guşə  arzusunda  olur. O  sakit  guşələr  isə  uf demədən  atıb  gəldiyimiz  yurdlar, obalardır. Məhz  Hafiz  Rüstəm  də  o  obaların,  o  yurdların  qəlbdən  getməz  məhəbbətini  möhtəşəm  sözün  axarı-buxarı  ilə  misralarının  ovqatına  kökləyir.  Qardaşım Hafiz  Rüstəm,  yurdun  şirinliyi  canla  ölçülür, can  nə  qədər  insana  əzizdirsə, yurd da  elə  can  mərtəbəsindədir. Mən  əskərlikdən  sonra  Rusiyanın  ucqarlarının  birində  gün-güzəran  sürmüş  bir  nəfər  yurddaşımızın  ağır  vəziyyətdə  kəndə  dönüb  ata  evinin  daş  divarını  qucaqlayıb  hönkür-hönkür  ağladığının  şahidi  olmuşam. Nə  idi  ömürünün  qüruba  enən  çağında  onu  klometrlərlə  yolu  qət  edib  can  ağrılarıyla  ocağa  gətirən?! Mənə  elə  gəlir  ki,  beyinin  hansısa  qatında  özünə  yuva   salmış  ocaq  sevgisi, uşaqlıq  xatirələrində  mürgüləyən  ata  mehri,  ana  məhəbbəti idi. Diş  göynədən  bulaqların  şaqqıltısı  şairi  hansı  andasa  gecə  yuxusundan  ayıldıb, şirin  yuxusuna  soyuq  su  səpib:

Get Çanaqlı bulağa
Diş
 göynədən,
Dil-damağ donduran
Bir kuzə su gətir

Necə  deyərlər  bir  el mahnısında  deyildiyi  kimi:

«Sudan gələn sürməli qız,
Çox incidir küzə səni…»

Çanaqlı  bulaq  kim  bilir  neçə  əsmər  üzlü  gözəlin  kuzəsinə  su  doldurub, üz-gözünə  çisək  ələyib, bulaq  qənşərindən  keçən  hansısa  bir  igidin  oğrun  baxışlarına  tuş  gələn  qız  sonra 

barmağına  nişan  üzüyü  taxıb.  Şair «Kaş  bir  çoban  olaydım»  bölməsində  təbiət  rahatlığını  çobanlığın  sehirli  çubuğu  ilə  ölçür. Uzun  yollar  qət  edən  çobanların  dağda, düzdə  keçən  həyatını  misralar  içində  mirvaritək  sapa  düzür:

                      Obaşdan  örüşlərdə hər gün açam səhəri,
                     
Tütəyimlə otaram, yatıram sürüləri.
                     
Fəqət qoyun-quzudan ayrı bir şey qanmayam,
                     
Bekara bir söz üstə alışmayam, yanmayam.

Ümumiyyətlə, şairlik, yazıçılıq, söz, misra  pərvanəsi  olmaq  ürək  ağrısından, ağrılı-acılı  günlər  içində  çalxalanmaqdan  başqa  bir  şey  deyildir, bunu  dərdi  söz  içində  dağ  edənlər  yaxşı  bilərlər, üstəlik  həmkarlarının  sənə  olan  basqıları, soyuq  baxışlar, soyuq  üzlər,  nifrət  dolu  gözlər…  

Şair «İlk bahar  lövhələri» hekayətində doğulduğu elin, obanın  güllü-çiçəkli  ormanlarının, yamyaşıl  düzlərinin, boy-boya  verib  təbiətə  bir  loğman  dəqiqliyi  ilə məlhəm edən ağacların çiçək  açan  vaxtında  ətrafa  rahiyə səpdiyini, ruhu  diləndirdiyini  rəssam  təki  boyalara tutur, amma  rənglərlə  yox,  qəlbi  təlatümə  gətirən  sözlərlə…O əsərə  baş qəhrəman  seçdiyi  dostu  Mir Mahmud  ağaya  üzünü tuturaq  deyir:

                             Gəl, düşək maşından, Mir Mahmud ağa,
                            
Çoxdandır bu yerə ayağım dəymir.
                            
Üz tutaq dərədən axan bulağa,
                            
Onun saf suyuna dodağım dəymir.

Yuxarda  qeyd  etdiyim   kimi,  Hafiz Rüstəm  hər  birimizin  gizli  bir  xiffətinə  çevirilmiş  ocaq  həsrətini, yuva  istəyini «İlk  bahar  lövhələri»nin  qəlb  yandıran, ruh  tirədən  misralarında  sözə  gətirir, nəzmə çəkir. Ali  düşüncələr  burulğanında  özünə  yer  tapmayan  şairin  ilhamı  bir  qanadlı  quşa  bənzəyir. Daxilən  öz  dünyasına  çəkilir,  hüdudsuz  səmalarda  səkdikcə  səkir. O, onu  içəridən  rahat  buraxmayan  ruhuna  qoşulub  istəkli  məkanlarda şahin  təki  süzdükcə  süzür. Hərdən  bir  talalara enir, yemliklərdən, quzuqulaqlardan  dadır, böynubükük,  kol  dibində  nazlanan  bənövşələrin  başına  tumar  çəkir, nazlı  təbiətin  gül  qoxuyan, bal  dadan  havasını  ciyərlərinə  çəkir:

                               Bilirəm, yol gəlib susamısan sən,
                              
İç dərə döşündə soyuq bulaqdan.
                              
Dər güllü təpənin yemliklərindən,
                              
Həzz al çeynədikcə quzuqulaqdan.

Şair  təbiətin saf və bol nemətlərini, qarın  doyduran  bərəkətini  saydıqca, insanda  şəhərin  hay-küyünü  atıb  təsvir  etdiyi  məkanlara  qaçmaq  istəyi  yaranır. Bax  budur, dəyərli  oxucu,  şairin, yazıçının  ürəyinin təbiətlə  həmahəng  vurmağı, onun  nəbzini  tutmağı… Bizlər  təbiətə  nə  qədər  divan  tutsaq  da,  onun  qədrini  bilməsək  də, hər  addımda  çirkləndirsək  də  torpaq  bizdən  hələ  öz  bar-bərəkətini  əsirgəmir. Bizlər  isə, sanki  onun  butib-tükənməyəcəyinin  fərqindəyik. Daha  fikirləşmirik  ki,  heç  nə  əbədi  deyil. Hər  bir  canlı  kimi  torpağın  da  canlıdır, yalnız  və  yalnız  onun ömrünü  uzada  bilərik…Çünki  bugünki, sabahkı insanın  taleyi  ayağımızı  basıb, üstündə  gəzdiyimiz  yerdən  aslıdır. O  bizi  bir  gün  qoynundan  kənara  tullaya  bilər. Bu  faciənin  tezliklə  baş  verməməsinin  qarşısını  almaq  üçün  dəyrli  söz  adamı  Hafiz  Rüstəmin  təsvir  etdiyi   ruh  oxşayan,  qəlb  ovlayan  təbiətin   istəkli  övladı  olan  torpağı  qorumalıyıq!... 

Ürəyimizi  yandıran, qəlbimizi  sızladan  şəhid  balalarımız  bizlərə  nə  qədər  kədər  şərbəti  içirtsələr  də onların  Böyük  Yaradan  qarşısında  da, vicdanımız  qarşısında  da müqəddəs  mərtəbəsi  var.  Hər  kəsə  o  mərtəbəyə  qalxmaq  nəsib  olmaz! Şair şəhid  bacısı  oğlu  Füzulinin  nakam  taleyinə misralarla  heykəl  yonaraq  deyir:

                      Deməyin yatıbdır bir uyqu kimi,
                     
Təkcə məhşər günü qalxar Füzuli.
                     
Günəş dan yerindən çıxdığı kimi,
                     
Hər gün qarşımıza çıxar Füzuli

Məncə  Şəhidi  olmayan  xalq  yoxdur, əgər  varsa  belə  xalqın  yaşadığı  yer  Vətən  deyil… Vətən  sahibi  olmaq  çox  çətin  bir  işdir. Vətən  itgisiz, qansız, qadasız  olmayır. Onu  qorumağa  hünər  gərək, ər  gərək…Nə  yaxşı  ki,  bizdə  belə  ərlər  var…Nə qədər soyqırımlarına  məruz  qalsaq  belə Vətən  təəssübünü  çəkənlərimizin  sayı  azalmayıb, azalsaydı  bügün  biz Vətənsiz  qalardıq…Minlərlə  şəhidimizin  yurd-yuvalara  tökülən  qanıyla  yoğrulan,  Vətən  torpağı,  sən  Füzuli  kimi  igid  balalarımızı  qoynunda  bəslədikcə  məmləkətimizin  var  olma  qisməti  canımız-dan  boylanacaqdır! Onların  ruhu  bizlərin  ruhundan  çox-çox  yüksəklərdə  olcaqdır, hərçənd  ki,  bəzi  sağlarımız  belə  düşüncə  tərzinin  fərqində  deyillər. Sağ  ikən  qarın  doldurub  dünyanın  nazü-nemətlərini  dörd  əllə  qucaqlayıb  başqalarına  daddırmayanlar, xəstə  ruhlarının  şəfasına  çarə  ummalıdırlar. Bu  çarə  haqqın  tərəzisin  əyməməkdən,  başqasının  qəlbinə  dəyməməkdən  keçir. Sizsə,  dəyərli  şair,  öz  bacıoğlunuzla  qürur  hissi  keçirə  bilərsiz, O  bu dünyadan  pak  getdi,  o  qədər  aramızda  ruhunu  çirkaba  batıranlar,  vicdanını  yatıranlar  var  ki…

Hafiz  Rüstəm «Bakıdan Yardımlıya səyahət»  kitabında  əsər  boyu  adını  çəkdiyi,  yer, yurd  adları,  ordan  çıxan  şəxsiyyətlər, maraqlı  adamlar  barədə  izahlar  verir,  onların, kim, nəçi  olduğu,  hardan  gedib  hara  gəldiyi  barədə  əsər  boyu  gen-bol  məlumatlar,  açıqlamalar  verir. Şair  şahidi  olduğu  və  olmadığı  bir  çox  məqamlar  barədə  oxucunu  hali  edir. Onun «Məcnun  dağ  havasında» hekayətində  təmiz  bir  etirafla  qarışılaşırsan:

                       Şəhərdə kəndliyəm, kənddə şəhərli,
                      
Yarı sevincliyəm, yarı kədərli.
                      
Mənim kənd mənşəyim, əslim, zatım var,
                      
Əslində ikili bir həyatım var.
                      
Çağırır hüsnünə təbiət məni

Dəyərli  oxucu, şərafətli, ləyaqətli  söz  xiridarları, fikir  adamları Hafiz  Rüstəmin «Bakıdan Yardımlıya səyahət»  əsəri  yaddaş-poemadır. Müəllif  beynimizin  dərin  qatlarında  uyuyan,  hərdən  bir  diksinib  ayılan  və  ruhumuzu  göyüm-göyüm  göynədən  ocaq  həsrətini, yuva  istəyini  misra-misra  nəzmə  çəkir, onun  yaddaş-poeması  bizi  geriyə  səsləyir,  gəldiyimiz  yerlərin  görüşünə  tələsdirir. Unutqanlığın  daşını  atıb  o  yerlərin  şirin  qoxusunu  nəfəsimizə  çəkməyə,  ciyərimizə  daddırmağa  çağırır.  Yad  baxışların  əhatəsində  ötüb  keçən  ömrümüz  istəkli  yurdlarımızın, ellərimizin  həsrət  dolu  ağrısını  canda  bəsləyir. Əsər  başdan-başa  bir  elin, bir  yurddun  həyat, yaşam  kitabıdır. Böyük  şairimiz  Məhəmmədhüseyn  Şəhriyarın  Heydərbaba  məktəbinə  sadiq  qalıb  Hafiz  Rüstəm… Əsər  barədə  «Kredo» qəzetinin  baş  redaktoru,  dəyərli  araşdırmaçı-şair Əli Rza Xələfli  «Yardımlıya aparan yollar» adlı sanballı  bir  kitab  hasil edib. Hər  iki  müəllifə  həm  Hafiz  Rüstəmə, həm  də  Əli Rza  Xələfliyə  yeni-yeni  yaradıcılıq  uğurları  arzulayıram, Vətən  duyğlu  belə  bir  əsərin  meydana  gəlməsində  şair  qardaşım  Hafiz  Rüstəmə  cansağlığı  diləyi  ilə:

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir