Modern.az

Ramiz Rövşənlə eyni evdə yaşayan və başqa evdə yazan Yaşar - ƏDƏBİ PORTRET

Ramiz Rövşənlə eyni evdə yaşayan və başqa evdə yazan Yaşar - ƏDƏBİ PORTRET

11 Dekabr 2012, 13:16

“Mən hələ elə bir hekayə yazmamışam ki, onlar Mirzə Cəlil hekayələrinin yanında durmağa utansın“                                              

Onunla ünsiyyətdə olanda bəlkə də başa düşməmişdik ki, qarşımızdakı şəxs hər gün rastlaşdığımız sıravi adamlardan deyil. Verdiyimiz hər bir suala canla-başla, müfəssəl cavab verən və bilgilərimizin artmasında yardımçı olan yazıçı Yaşarın daxilində paralel bir dünya yaşatdığından heç birimizin xəbəri yox idi. Bilmirdik ki, “525-ci qəzetin” redaktoru, müasir ədəbiyyatımızın sayılıb-seçilən nümayəndələrindən olan Yaşar həmin dünya ilə öz daxilində yaratdığı və yaşatdığı aləm arasında var-gəl edir. Onun üçün ədəbiyyat dünyası ilə yaşadığımız dünyanın sərhədləri mənəvi və maddi aləmlər arasında qoyulmuş, keçilməsi Tanrı tərəfindən qadağan edilmiş tikanlı məftillərə çox bənzəyir. Sanki ədəbi nümunə yaradan Yaşar tam başqa insan, adamlarla ünsiyyətdə olub, gündəlik həyat tərzini yaşayan Yaşar isə ümumiyyətlə ayrı məxluqdur.

“Mənim üçün ədəbiyyat yaşadığımız həyatdan fərqli bir həyatdır. Elə bir həyat ki, mən orda etmək istədiyimi edə, görmək istədiyimi görə bilirəm”, – deyən yazar bu işləri görərkən aldığı böyük mənəvi zövq və daxili rahatlıqdan da danışmaqdan usanmır. Bəzi yazıçıların yazarkən xeyli əziyyət çəkməsi fikri ilə qətiyyən razılaşmır. Elə bu razı olmamağın da mahiyyətində Yaşarın daxili aləminin gizli bir qatı ortaya çıxır. O qat doğrudan da onun ədəbiyyat aləminin sehrlərindən qopub gəldiyini, daxilində məhz oranın ab-havasını yaşatdığını göstərir. Çünki o, yazanda bir növ öz əsl varlığına qovuşur, maddi cəfaları ilə uğraşdığı bu dünyadan, bütün insanlardan təcrid olunur və bu özünəqovuşma yazara dillə deyiləsi mümkün olmayan mənəvi rahatlıq bəxş edir. Bəlkə də Yaşarın həyatı sintez etməklə, nəyisə nə iləsə əlaqələndirməklə keçir. Yaşadığı aləmdə öz daxili varlığının izlərini axtarır və bu kimi predmetlərə rast gəldikdə isə dərhal xüsusi bir əlaqələndirmə üsuluna əl atır. Bəlkə də onun yazar kimi təyinatı və mahiyyəti məhz, bu “sintezetmə”də ortaya çıxır. Fikrimizi qəhrəmanın özü də təsdiqləyə bilər:

“Özümü dərk edəndən yazıram. Hər maraqlı hadisə mənim üçün bir ədəbiyyat predmetidir. Mənə “nə vaxtdan yazmağa başlamışsan” sualı, başqasına nə vaxtdan nəfəs almağa başladın sualına oxşayır. Hətta uşaqlıq, gənclik illərimdə yazmayanda belə, qarşılaşdığım maraqlı hadisəni nə vaxtsa yazacağıma qəti əmin olmuşam. Yazıçının sonrakı ömrü də ilk dəfə o yaşlarda dərk etdiklərini maddiləşdirməkdə keçir. Burada yazıçının  mahiyyəti və təyinatı ortaya çıxır”.

Xeyli sayda “şikəst”, yəni tamamlanmamış yazılarının olduğundan gileylənən yazıçının ən məhsuldar yaradıcılıq dövrü 1981-83-cü illərə təsadüf edir. Həmin vaxtlar ədəbiyyatla müntəzəm məşğul olan gənc yazarın ilk hekayələri 1986-cı ildə “Ulduz” jurnalında çap olunmağa başlayır. Həmin vaxtlar ədəbi jurnallarda çap olunmaq nə qədər çətin olsa da, Yaşarın 24 yaşında 25 səhifəlik və ondan da çox iki hekayəsi işıq üzü görür ki, bu da o illər üçün az təsadüf olunan hallardandır. Ədibin “Oğul“ hekayəsinin təhlilinə tənqidçi Mais Əlizadə yarım saata yaxın bir proqram ayırır. Ədəbi fəaliyyətinin müntəzəm olaraq davam etməsində, bir yazar kimi formalaşmasında nasir ancaq və ancaq mütaliəyə borclu olduğunu bildirir. Hətta qardaşı – şair Ramiz Rövşən də onun fərqli dünya baxışına təsir edə bilməyib. R. Rövşən verdiyi müsahibələrin birində ”Biz bir evdə yaşasaq da, mənim yazdığım evlə, Yaşarın yazdığı ev tamamilə fərqlidir“, – deyə vurğulaması yazarın nə dərəcədə özünəməxsusluğunu göstərən faktlardandır.

Əslində, bu kimi özəlliklər demək olar ki, həyatı boyu Yaşarı izləməkdə davam edib: “Çox qəribə bir şeydir. Yazdıqlarımın əksəriyyəti sonradan mənim taleyimə çevrilir. Bu yaxınlarda amerikan yazıçı Artur Millerin tərcümə üçün götürdüyüm təsadüfi bir əsəri məni təəccübləndirdi. Oradakı hadisələri, situasiyaları 10-12 il bundan əvvəl yaşadığımı gördüm. Ümumiyyətlə, tərcüməçi kimi heç vaxt əvvəllər oxuduğum əsəri tərcümə etmirəm. Tamamilə yad və məlumatım olmayan istənilən əsəri götürəndə onların mənim həyatımla necə səsləşdiyinə heyrət edirəm. Hollivud mühitinin parlaq, səs-küylü ab-havasında yaşayan, aktrisa Merlin Monronun həyat yoldaşı olmuş A. Miller sanki mənimlə eyni evdə böyüyüb. O, bütün sərhədləri aşır və mənimlə özü arasında mənəvi bir bağlantı, dərin doğmalıq hissi yaradır”.

Ümumiyyətlə yazımızın əsas mərkəzində qəhrəmanımızın tamam fərqli, özəl bir dünya baxışından danışmaq durur ki, bu amil özünü onun əsərlərinin yaranmasında da göstərir. Öz iki dünyası ilə qırılmaz rabitədə olan Yaşar həyatda baş vermiş bəzi situasiyaları daxili aləminin  incə telləri ilə bağlayır: “Mən bir şeyi görürəm, amma ona dəxli olmayan tamam başqa rakursdan hekayəmi yazıram. Məsələn, mənim “Rahatlıq” hekayəmin yazılmasının qəribə bir tarixçəsi var. O vaxt bacımın yoldaşı xəstə idi və mən atamla ona baş çəkməyə getdim. Otaqda tamamilə başqa bir ab-hava hökm sürürdü. Oğlu kitab oxuyur, qızı isə xəstə atasının yanında oturub tərpənmir. Mən artıq gördüm ki, bu hekayədir. Yəni tamamilə dəxli olmayan hadisədən, ona qətiyyən aid olmayan bir hekayə meydana çıxır. Yəni bir informasiya mənim üçün böyük bir hekayəni doğura bilir”.

Oxuduğunuz yazıda əsl ədəbiyyat dünyasının sakinindən danışdıq. Onun  qismən tərcümeyi-halından, qismən də yazar kimi özəlliyindən söhbət açmağa çalışdıq. Amma fakt öz faktlığında qalır. O, əsl “diri ədəbiyyat” yaradan bir nasirdir. Çağdaş dövrümüzdə qurama ədəbiyyatın hökm sürdüyü bir məqamda onun kimi təmiz, tam söz adamlarının sayı həqiqətən azdır. Çünki belə insanlar heç kimin sifarişilə heç nə yazmır, daxillərində gəzdirdikləri o ülvi aləmə xəyanət etmirlər. Yaşar bəyin də yaratdığı ədəbiyyat təbii olduğundan, ruhi vəziyyətindən pərvaz etdiyindən gələcəkdə də diri ədəbiyyat kimi yaşayacaq. Sonda isə yazarın bizə verdiyi müsahibədə bir cümləni nəzərinizə çatdıraq: “Mən hələ elə bir hekayə yazmamışam ki, o Mirzə Cəlil əsərlərinin yanında durmağa utansın”.

Yaşar, təbii ki, əsərləriniz utanmayacaq. Çünki onlar da Mirzə Cəlilin yaratdıqları kimi əsl ədəbiyyat aləminin məhsullarıdır!

Elmin Nurizadə,
BDU jurnalistika fakültəsinin IV kurs tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı