Modern.az

Deputat Ramiz Mehdiyevin Şah İsmayılla bağlı məqaləsini təhlil etdi

Deputat Ramiz Mehdiyevin Şah İsmayılla bağlı məqaləsini təhlil etdi

Mədəni̇yyət

13 Dekabr 2012, 10:58

Bəxtiyar Sadıqov

Ali məramlı tarixi şəxsiyyətlərin missiyası

Uzun illər tariximizi bizdən gizlədiblər!

Uzun illər tariximizi ancaq Moskvadan "göndərilən" "prinsiplər" əsasında öyrənməyə və yazmağa icazə veriblər!

İstəməyiblər bilək ki, dövlətçiliyimizin tarixi çox qədimdir!

İstəməyiblər bilək ki, neçə əsr öncə tarixdə Azərbaycan dövləti mövcud olub!

İstəməyiblər bilək ki, bizim də dünya miqyaslı tarixi şəxsiyyətlərimiz olub!

Nəinki istəməyiblər, hətta bütün bunları bilənlərə bu barədə yazmağı, danışmağı yasaq ediblər.

Nəinki yasaq ediblər, müxtəlif təhdidlərlə unutdurmağa çalışıblar.

Daim beynimizə yeritməyə çalışıblar ki, Azərbaycan heç zaman müstəqil ola bilməz!

Daim beynimizə yeridiblər ki, Azərbaycan yalnız "böyük qardaşın" kölgəsində yaşamağa qadirdir!

Amma tarix bütün bunları alt-üst etdi!

Bu gün Azərbaycan nəinki müstəqil yaşayır, hətta sürətlə inkişaf edərək dünya üçün örnəyə çevrilir.

Müstəqillik bizə təkcə hansı yolla gedəcəyimizi sərbəst müəyyənləşdirməyə, yeraltı və yerüstü sərvətlərdən istədiyimiz qaydada istifadə etməyə, daxili və xarici siyasətimizi öz bildiyimiz kimi qurmağa şərait yaratmayıb. Eyni zamanda  ideoloji sahədə də, milli-mənəvi dəyərlərə və tarixi keçmişimizə münasibətdə də müstəqil, obyektiv yanaşma sərgiləməyə imkan verib. Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev həmin dövrdə vaxtın darlığına baxmayaraq, Azərbaycan alimləri və ziyalıları ilə maraqlı görüş keçirdi, bir sıra məsələlərlə bağlı fikir və münasibətlərini onlara çatdırdı. Ulu öndərin alimlər və tarixçilər qarşısında qoyduğu mühüm vəzifələrdən biri tariximizin heç bir ideologiyadan asılı olmadan, "ağ ləkələrdən təmizlənmiş halda" yenidən yazılması idi!

Ümummilli liderin bu tövsiyəsindən sonra tarixi mövzuda bir sıra əsərlər, monoqrafiyalar yazılmış, elmi tədqiqatlar aparılmışdır. Xüsusən də Qarabağla bağlı bir-birindən maraqlı və dəyərli kitablar nəşr edilmişdir.

Lakin görülən işlərlə kifayətlənmək və arxayınlaşmaq tezdir. Əksinə, bir sıra narahatlıq doğuran məsələlər də var!

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin bu günlərdə ictimaiyyətə təqdim edilmiş "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" əsəri də belə narahatlıqdan meydana gəlmişdir.

"Mən bu məqaləni qəlbimin hökmü ilə yazmağa başladım. Ən əsası da ona görə ki, Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ də sona qədər öyrənilməmişdir. Bizim tarixçilər, digər sosial elm istiqamətlərini araşdıranlar, tarixi romanlar yazmağı tərgitmiş yazıçılarımız xalqımıza çox borcludurlar" deyən akademik Ramiz Mehdiyev əsər boyu bu sahədə buraxılan səhvləri və nöqsanları konkret faktlar, elmi dəlillərlə göstərir, tariximizə və tarixdəki böyük şəxsiyyətlərə yanaşmada obyektivliyi qorumağın zəruriliyini, hadisələrin cərəyan etdiyi dövrlərdəki şərait və hadisələri, onların təsirini düzgün qiymətləndirib nəzərə almağı tövsiyə edir.

Akademik Ramiz Mehdiyev yazır: "...Biz öz tariximizə münasibətdə bəzən səhvlərə yol veririk: ya öz keçmişimizi inkar edirik, yaxud da gələcəyin artıq  çoxdan başlanmasını görmədən yalnız keçmişlə yaşamaqda davam edirik". Bəs belə halda səhvə yol verməməkdən ötrü nə etməli?

Məqalənin ən dəyərli və maraqlı məqamlarından biri akademik Ramiz Mehdiyevin tarixçilərə və tarixdən, habelə tarixi mövzulardan  yazanlara aşılamaq istədiyi prinsip və tövsiyələrdir. Onlardan bəzilərini birlikdə nəzərdən keçirək:

- keçmiş həmişə bizimlədir və o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz. Məhz bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir;

- öz keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır. İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o özü ilə də eyni dərəcədə həmrəy yaşayır;

- öz keçmişi ilə həmrəyliyin yoxluğu inkişaf etmiş mənlik şüurunun olmamasına və deməli, milli mənafe və dəyərlərin başa düşülməməsinə bərabərdir;

- insan öz keçmişini inkar edəndə və onu pisləməyə başlayanda fəlakət yaranır. Öz keçmişindən məhrum olan insan mənəvi boşluq dilində danışmağa başlayır;

- keçmiş həmişə indiki zamandan daha müdrikdir. Çünki indiki zamandakılar hələ gerçəkliyə çevrilməlidir;

- xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır.

Tarix tarixi şəxsiyyətlərin üzərinə müəyyən missiyalar qoyur! Və o şəxsiyyətlər tarixdə qalır ki, həmin missiyanı şərəflə yerinə yetirə bilir! Şah İsmayıl Səfəvi tarixi missiyasını qılıncının və zəkasının gücü ilə yerinə yetirmiş şəxsiyyətlərdəndir. Akademik Ramiz Mehdiyevin əsərinin sanbalını artıran amillərdən biri də bu dövlət xadiminin uğurlarını və dövlətçilik xidmətlərini obyektiv şəkildə qiymətləndirərək ümumiləşdirilmiş şəkildə göstərməyə müvəffəq olmasındadır. Bir neçə məqama diqqət yetirək:

- Şah İsmayıl Səfəvi Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə üstün yer tutduğu dövlət yaratmışdı;

- Şah İsmayıl Azərbaycan türkləri içərisindən çıxmış elmli adamları öz ətrafında birləşdirməklə dövlətçiliyin elmi və yaradıcı potensialını formalaşdırmışdı;

- Şah İsmayıl öz dövrü üçün xarici siyasət mexanizmi formalaşdırmışdı;

- onun səyləri ilə Azərbaycan amili orta əsrlərdə siyasi elitanın və müsəlman Şərqində Azərbaycanın ziyalı təbəqəsinin timsalında öz siyasi təşəkkülünü tapmışdı;

- azərbaycançılıq, bir növ, milli identifikasiya forması kimi çıxış etməyə başlamışdı;

- Avrasiya kontinentindəki aralıq mövqeyi Azərbaycanın həm Qərbin, həm də Şərqin siyasi təsiri rejimində fəaliyyət göstərməsini şərtləndirmişdi;

- onun fəaliyyəti həm də milli poeziyamızın, bütövlükdə Azərbaycan  mədəniyyətinin inkişafı üçün əlverişli şəraitin formalaşmasına imkan yaratmışdı;

- Şah İsmayıl xarakter etibarilə türk-Azərbaycan mexanizmi sayılacaq səmərəli dövlət idarəetməsi qurmuşdu.

Akademik Ramiz Mehdiyev "qəlbinin hökmü" ilə yazdığı bu məqalədə Şah İsmayıl şəxsiyyətinə yanaşmadakı səhvlərin kökünü meydana çıxarmağa nail olmuşdur. Bunun bir neçə səbəbdən baş verdiyini göstərən müəllif yazır: "Orta əsrlər tarixinə aid bəzi əsərlərdə siyasi tarix məsələlərinə dini hərəkatlar prizmasından baxılır, yəni bütün ictimai-siyasi proseslərə siyasi-dini mənada yanaşılır. Halbuki dini münaqişələr və müharibələr deyilən hadisələrin tarixi göstərir ki, onların arxasında siyasi maraqlar və məqsədlər gizlənir. Yəni bu müharibələr mahiyyət etibarilə siyasi məqsədlərin nəticəsidir. Tarixi proseslərin şərhinə dini mövqedən yanaşma tədqiqatçılara bu proseslərin həqiqi xarakterini açıb göstərməyə imkan vermir. Görünür, gündəlik hadisələrin arxasında strateji məqsədi görməyi heç də hər kəs bacarmır".

Bütün bunları qeyd etməklə yanaşı, tarixə müraciətdə və şəxsiyyətlərin rolunu işıqlandırmaqda obyektivliyin qorunması üçün zəruri sayılan tövsiyəsini də verir: "Tarixi şəxsiyyətlərin siyasi fəaliyyətinin motivləri yalnız elmilik prinsiplərinə və metodlarına riayət edildikdə, konkret siyasi proseslərin bütün tərkib hissələri və dövrün meyilləri nəzərə alındıqda obyektiv şəkildə açıla bilər".

Tarixi faktları, yazılan elmi əsərləri, monoqrafiya və kitabları təfəkkür süzgəcindən keçirərək bacarıqla ümumiləşdirən müəllif hazırkı məqamda böyük aktuallıq kəsb edən əsərində Şah İsmayıl Səfəvi barədə düşüncə və qənaətlərini  yekunlaşdıraraq yazır:

"Şah İsmayıl zəmanəsinin övladı idi. Bunu dərk etmək əvəzinə Şah İsmayılda ona yaraşmayan  xüsusiyyətlər axtarmaq lazım deyildir. Ən başlıcası isə, o, əsl  vətənpərvər idi, çox mürəkkəb, qarışıq bir vaxtda öz ölkəsini birləşdirmək və ayağa qaldırmaq üçün əlindən gələni etmişdi. Şah İsmayıl Səfəvinin timsalında biz daxili problemləri uğurla çözələyən, beynəlxalq vəziyyətdən gözəl baş çıxaran böyük dövlət lideri obrazını görürük".

Tarix "seçdiyi" şəxsiyyətlərin üzərinə müəyyən missiyalar qoyur.

Xoşbəxt o xalqdır ki, seçilmiş şəxsiyyətləri çoxdur!

Xoşbəxt o xalqdır ki, həmin şəxsiyyətləri üzərlərinə düşən missiyanı uğurla yerinə yetirə bilirlər!

Bu, həm həmin dövrdə yaşayanlar, həm də sonrakı nəsillər üçün böyük qürur və fəxarət gətirir!

Şah İsmayıl Səfəvi və Heydər Əliyev də tarixi missiyalarını bütün çətinlikləri məharətlə dəf etməklə yerinə yetirən, həm tarixdə, həm də insanların qəlbində əbədiyaşarlıq hüququ qazanan şəxsiyyətlərdilər!

Akademik Ramiz Mehdiyev son olaraq üzünü gənclərə tutur: "Biz əcdadlarımızın böyük əməlləri ilə yalnız fəxr etməklə kifayətlənməməliyik, həm də bu keyfiyyətləri itirməmək, həyatda onların bizə yol yoldaşı olması üçün əməli fəaliyyət göstərməliyik. Bunu xüsusilə yaşlı nəsli əvəz edəcək gənclər yadda saxlamalıdırlar".

Bu tövsiyə gənclərin, əslində isə 50 milyonluq hər bir azərbaycanlının fəaliyyət qayəsinə, düşüncə məfkurəsinə çevrilməlidir...

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı