Modern.az

Eldəniz Quliyev: “Əgər hamı...“ filmiylə ermənilər Rusiyaya yaltaqlanırlar” - MÜSAHİBƏ

Eldəniz Quliyev: “Əgər hamı...“ filmiylə ermənilər Rusiyaya yaltaqlanırlar” - MÜSAHİBƏ

14 Dekabr 2012, 12:34

Modern.az  saytı “Oskar” mükafatına namizədlər sırasına rəsmən salınmış “Əgər hamı...” adlı filminə (Ermənistan) Azərbaycan kino icmasının rəyini öyrənmək üçün kinossenarist Eldəniz Quliyevə müraciət edib.

- Ermənilərin “Oskar” alması nağıl kimi bir şeydir. Çünki erməni milli kinosu hələ sovet vaxtlarından çox aşağı səviyyədə olub. Həmişə bədii səviyyəsi, texniki göstəriciləri qənaətbəxş olmayıb. Aktyor oyunu da pafoslu olub. Moskvada təhsil aldığım vaxtlarda bizimlə ermənilər də oxuyurdu. Elə o zaman da 15 respublikadan gəlmiş kino işçiləri, təhsil alanlar ermənilərə yuxarıdan aşağı baxırdılar. Çünki ermənilərin düşüncələri çox primitiv idi. “Əgər hamı..” filmənə gəlincə, bu azərbaycanlı yazıçının əsərindən oğurlanaraq ekranlaşdırılmış kinoməhsuldur. Həmişə olduğu kimi, bu dəfə də ortada plagiat faktı var. Əslində, bu, növbəti dəfə Azərbaycanı qıcıqlandırmaq üçün atılan addımdır.

- Filmdə milliyyətcə rus olan personajın separatçı ordunun tərkibində Azərbaycana qarşı döyüşməsini necə anlamaq olar? Yəni Azərbaycan əslində Ermənistanla deyil, Rusiyayla döyüşür? Yaxud Cəfər Cabbarlının “1905-ci il” əsərində deyildiyi kimi, “atan kazaklardır”...

- Əslində ermənilər burda müəyyən təbliğat dəstəklərini işə salıblar. Özlərini yaxşı, azərbaycanlıları isə pis təqdim etməyə çalışırlar. Amma unutmayaq ki, siyasi təbliğat vasitəsi deyil. Bununla belə, ermənilər bütün vasitələrdən istifadə edib azərbaycanlıların mənfi obrazını yaradırlar. Üstəlik, rusları ucaltmaqla Rusiyaya yarınırlar, daha doğrusu yaltaqlanırlar. Bu adı böyük hərflə yazılacaq kinoya həqarətdir.

- Azərbaycanda Qarabağ müharibəsi mövzusunda bir çox filmlər çəkilib. “Fəryad”, “Ağ atlı oğlan”, “Dolu”, “Xoca”... “Əgər hamı...” filmi texniki göstəriciləri, mövzunun yaradıcılıq baxımından həlli və s. parametrlərə görə, sadalanmış filmlərdən hansı ilə müqayisədə geridə qalır?

- Müharibə mövzusunda kino çəkərkən bu hadisələri dərk etmək qabiliyyəti olmalıdır. Müəyyən bir istedad olmalıdır ki, nələr baş verdiyini doğru-dürüst anlayasan. Bundan sonra təxəyyül və bədii görüntülər üzərində işləmək lazımdır. Sadalanmış filmlərə sənət nümunələri deməzdim. Məncə, texniki qüsurlarına baxmayaraq, “Xoca” filmi Azərbaycan daxilində uğurlu sayıla bilər. “Xoca”nı xarici arenaya çıxarmaq isə Azərbaycana qətiyyən başucalığı gətirmir. Bunu erməni kinosu ilə müqayisə etmək üçün demirəm. Amma bir şeyi də qeyd edim ki, “Əgər hamı...”da ermənilər daha çox texniki parametrlərə üstünlük verib və bu işdə maliyyə imkanlarından geniş yararlanıblar.

- “Əgər hamı” filmi Ermənistan prezidenti və qondarma “DQR” rəsmilərinin dəstəyi ilə çəkilib. “Xoca”nın yaradıcıları da eyni səviyyəli dəstək alıblar. Bu prizmadan müqayisə etdikdə görürük ki, biri “Oskar”ın rəsmi namizədləri siyahısına salınıb, digəri hələ üçüncü, dördüncü dərəcəli festivallarda göstərilir.

Heç şübhə etmirəm ki, burda erməni lobbisinin də güclü təsiri var. Əslində, biz bundan ibrət götürməliyik. Azərbaycanda çoxlu imkanlı iş adamları, analoqu olmayan iqtisadi dirçəlişlə öyünən məmurlar var. Amma nədənsə belə bir ciddi işə qol qoymaq istəmirlər. Yadınıza ermənilərin çəkdiyi “Ararat” filmini salım. Kinonun süjet xətti türklərin erməniləri “soyqırım”a məruz qoymaları ilə əlaqədar idi. Ona alternativ bir film ortaya qoya bilmədik. Türkiyə özü də heç cəhd etmədi. “Ararat”a çoxlu pul sərf edilmişdi. Buna görə də dünyada nümayiş etdirə bildilər. Əslində, kino sənəti çoxlu maliyyə tələb edən bir sahədir. Nə qədər çox xərc qoyulsa, bir o qədər dünya standartlarına cavab verən bir film ortaya qoymaq olar və beynəlxalq arenada uğurla nümayiş etdirmək olar. Azərbaycanda isə sadəcə, hamı danışır, bəyanat verir, amma əməli işə keçmək ağla gəlmir.

Aqşin Kərimov

Qeyd: “Əgər hamı...” filminin ssenari müəllifi Mikael Poqosyan, quruluşçu rejissoru Natalya Belyauskanedir. Film Rusiyanın Saratov şəhərindən Ermənistana gəlmiş bir qızdan (aktrisa Yekaterina Şitova) bəhs edir. O, Qarabağ müharibəsində həlak olmuş atasının (Sumqayıt “talanı”nda ölmüş arvadının qisasını almaq üçün separatçı orduda döyüşən rusun)  məzarını axtarır.
“Əgər hamı...” Ermənistan prezidenti Serj Sərkisyan, Ermənistanın müdafiə naziri Seyran Ohanyan və “DQR prezidenti” Bako Saakyanın dəstəyi ilə çəkilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir