Modern.az

Parlamentə Hesablama Palatasının səlahiyyətlərinə, Maliyyə Nazirliyinin strukturuna aid yeni sənəd təqdim olunacaq

Parlamentə Hesablama Palatasının səlahiyyətlərinə, Maliyyə Nazirliyinin strukturuna aid yeni sənəd təqdim olunacaq

22 Fevral 2010, 10:45

“İndiki şəraitdə Hesablama Palatası həm hüquqi baza, həm də kadr baxımından böyük yoxlamalar keçirməyə qadirdir. Təbii ki, bu, həm də büdcənin xərclənməsinə nəzarəti gücləndirər. Təəssüf ki, biz bunun şahidi olmadıq. Təhlil baxımından bu qurumda müsbətə doğru irəliləyişlər var. Ancaq təcrübə göstərir ki, bu, heç də belə deyil. Düzdür, Nizamnaməsində var ki, Hesablama Palatası müəyyən tapşırıqlar əsasında işləyə bilər. Ancaq bu, o demək deyil ki, tapşırıq olmasa bu qurum yoxlamalar aparmamalıdır. Hesab edirəm ki, Hesablama Palatasının səlahiyyətləri bir qədər də artırılmalıdır. Bununla əlaqədar olaraq Milli Məclisin statusu ilə bağlı qanunvericilikdə də dəyişiklik olmalıdır. Hər bir komitə rəhbərinin, deputatın da müvafiq tapşırıqlar verməsi tanınmalıdır”. Bu açıqlamanı Modern.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov verib.

Onun sözlərinə görə, deputat olaraq sorğu verə bilirlər: “Ancaq hansısa işin maliyyə sahəsinin yoxlanılması barədə tapşırıq vermək hüququmuz yoxdur. Halbuki, deputatın marağında olan məsələ komitənin marağında olmaya bilər. Söhbət yoxlamalardan gedir. Bununla bağlı layihə yazmışam. Hesablama Palatasının sədri ilə söhbətimdə də bunu demişəm və o, təkliflərimi bəyənib. Sadəcə, bu məsələdə Hesablama Palatası yaxasını kənara çəkməməlidir”.

Hesablama Palatası daha çox uşaq bağçası, bələdiyyə və bu kimi kiçik qurumlarda maliyyə yoxlamaları aparan bir qrurm kimi tanınır.  Deputat isə bildirir ki, təbii inhisarçı şirkətlərin bəziləri ziyanla işləyir: “Hesab edirəm ki, bu qurumların daxili mühasibatlıq sistemini beynəlxalq qaydalara uyğunlaşdırmaq lazımdır. Həm də bu sosial yuku onlardan almaq lazımdır. Bilirsiniz, bu büdcə xalqındır, xalqa da xidmət etməlidir. Bunu Prezidentimiz dəfələrlə qeyd edib. Ona görə də “filankəs məndən inciyər” fikrini kənara qoymalıyıq. Ölkədə şəffalığın olması hamımızın marağında olmalıdır. Ancaq biz Hesablama Palatasının yoxlamalarına diqqət edəndə görürük ki, bu qurum xırda uşaq baxçaları, bələdiyyələrdə yoxlamalar aparmaqla kifayətlənir.

 Hesablama Palatası məsələlərə milli maraqlardan yanaşılmalıdır. Etibarlılığı təmin etməkdən ötrü şəffaf rəqəmlər ortada olmalıdır”.

Nazim Məmmədov Maliyyə Nazirliyinin strukturunun dəyişdirilməsinin tərəfdarıdır: “Hər bir rayonda Maliyyə Nazirliyinin şöbələrinin saxlanılmasına ehtiyac yoxdur. Bunların əvəzinə İqtisadi Zonalar üzrə maliyyə qurumlarını yaratmaq olar. Bu təklifimə maliyyə naziri müsbət yanaşıb. Hesab edirəm ki, Vergilər Nazirliyi tipində Maliyyə Nazirliyində struktur dəyişikliyinə ehtiyac var. Həm Hesablama Palatasının səlahiyyətlərinin artırılması, həm də Maliyyə Nazirliyində struktur dəyişikliyi barədə hazırladığım layihəni yazılı şəkildə Milli Məclisə təqdim edəcəm. Güman edirəm ki, qaldırdığım məsələlər müsbət yöndə həllini tapacaq”.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi