Modern.az

Dahilərdən seçmələr - “Mən çeynənən bir ölkənin, haqq bağıran səsiyəm" - Əhməd Cavad

Dahilərdən seçmələr - “Mən çeynənən bir ölkənin, haqq bağıran səsiyəm" - Əhməd Cavad

17 Dekabr 2012, 09:48

I hissə

Xalq Cümhuriyyət dövrünə aid olan rəsmi sənədlərdə, eləcə də ədəbi-elmi və kulturoloji mətnlərdə ən çox rast gəlinən imzalardan biri də böyük istiqlal şairi Əhməd Cavaddır. Professor Səlahəddin Əli yazır: “O, Türkiyədə təhsil almış və Türkiyə - Azərbaycan arasında ədəbi, mədəni əlaqələrin möhkəmlənməsində fəal iştirak etmiş, bu cəbhədə Hüseyin Cavid və Abdulla Sur kimi görkəmli şəxsiyyətlərlə çiyin-çiyinə vuruşmuş böyük maarifçi Sehvat Cavadın qardaşıdır. Şair onunla eyni dövrdə yaşamış, Türkiyənin böyük dilçi alimi və şairi olan Ahmet Cevaddan öz təxəllüsünü götürüb. Həmin alimin Azərbaycan məktəblərində dərs vəsaiti kimi keçirilən dilçiliyə aid iki əsəri (Sərf və Nəhv) sənədlərdə səhvən azəri Əhməd Cavadın adı ilə qeyd olunub”.

Hüseyn Baykaranın “Azərbaycan istiqlal hərakatı” əsərində qeyd olunur: “1912-13-cü illərdə Azərbaycanda türk ordusu üçün ianə(maddi yardım) toplanır,  bir çox gənc türk ordusunda vuruşmaq üçün İstanbulda qurulan “Qafqaz Könüllüləri Birliyinə” yazılırlar. 1912-ci ildə 20 yaşlı, təhsilini də tam başa vurmamış Əhməd Cavad da onların arasında idi”. Vaxt keçəcəkdi və bir gün, yəni 1937-ci ildə Əhməd Cavad onu istintaq edən müstəntiqin suallarına bu cür cavab verəcəkdi:
”Bəli, mən 1912-ci ildə Türkiyədə oldum. Buna səbəb Balkan savaşalarında türk ordusuna kömək etmək idi. Mən ora Batumidə pasport alış-verişi ilə məşğul olan bir nəfərdən İran pasportu alaraq getdim. Mənimlə birlikdə İdris Axundzadə və İsa Əlizadə də oraya gəldilər. Biz hamımız könüllü qrupa qəbul olunduq və onun tərkibində bolqarlara qarşı vuruşduq. Mən 1913-cü ilin son baharında savaş bitəndən sonra geri döndüm”.

Ə.Cavadın Birinci Dünya müharibəsi illərində yazdığı şeirlər, məqalələr dildən-dilə gəzirdi. Belə ki vətən nisgilinin, yurd sevgisini çiyinlərində daşıyan bu şeirlər dövrünün demək olar ki, bütün qəzet və jurnallarında çap olunurdu. Şairin 1916-cı ildə Cəmiyyeti-Xeyriyyə tərəfindən “Qoşma “ adlı şeirlər kitabı nəşr olunur. Bütün türk dünyasının sevinc və iztirabını əks etdirən bu şeirlər Qafqazdakı türk əsirlər arasında daha çox sevilir.
Maarifçi alim və araşdırmaçı Nağı Şeyxzamanlı xatirələrində yazır: ”Gəncədəki türk əsgərlərini mütəmadi olaraq ziyarət edirdik. Onlara müxtəlif dərgilər, eyni zamanda Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetəsini aparardıq. Onların incidilməsinə qətiyyən imkan verməzdik və bütün ziyalılar da bunun üçün çalışardı. Amma əsirlərin ən çox sevdiyi tək kişi Əhməd Cavad idi”.
Ə.Cavadın şeirləri tək türk əsirlər arasında deyil, Türkiyənin özündə də sevilirdi. Türkçülüyün atası sayılan Ziya Göyalp “Yeni-Məcmuə”də yazır: “Ruslarla savaşdığımız zamanda Qafqazda nəşr olunmuş bir şeir kitabı əlimizə keçdi. Kitabın adı “Qoşma” müəllifi isə Əhməd Cavad adında bir türk idi. Bu millətpərvər şairin bütün şeirləri millətə, türklüyə, vətənə və orduya ithaf edilmişdi. Biz o şeirləri birər-birər öz məcmuəmizdə yayımlayacağıq“.

Birinci Dünya müharibəsi illərində Ə.Cavad “İqbal”, “Yeni İqbal”, “Açıq söz” qəzetlərinin xüsusi müxbiri kimi çalışmışdı. Bir türk insanının üzləşdiyi faciələri özünəməxsus şəkildə poetik dildə yazan Əhməd Cavad məqalələrində insanları dostluğa , qardaşlığa və birliyə çağırırdı. Bir yazısında o, yazır: “Həmd olsun Cənabi-Hakka! Bizim də canı yananlarımız var imiş.  Qardaş öləndə də qardaşının qucağında ölməlidir. Var olsun birlik və qardaşlıq!”
O bütün yazılarında və şeirlərində “mən çeynənən bir ölkənin, haqq bağıran səsiyəm” deyir. Əslində biz bunu o yazıların özündən də eşidirik...

Elmin Nuri

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir