Modern.az

Gecikmiş atlının sürəti

Gecikmiş atlının sürəti

17 Dekabr 2012, 10:41

65 yaşlı şairə ömrünə baxış

Xəzangül xanım söz atlısı olaraq sənət meydanına gecikmişdi. Təbiətin sirlərinə, nizamına, bölgü qaydalarına, əksiliyinə və anoloji oxşarlığına, növbəlilik prinsipinə diqqət kəsilirəm. Görəsən, sənətdə kimlər böyük rol oynamışlar? Vaxtı uyarlı seçənlər, erkən oyananlar, yoxsa gecikənlər? İstedad ağacının hər üç budağı qədərincə meyvəlidir. Bununla belə, təqsimlərin, yerdəyişmələrin mübahisəsi gündəlikdə qalır. Bu yazıda bizi "anormallar" maraqlandırır. Kim üstələyir? Erkənçilər, yoxsa gecikənlər? Hələlik birmənalı cavab yoxdur. Erkənçilərin öz istinad nöqtələri var: "Ləngitmək itki rəmzidir. Vergili istedadlar, iti zəkalar zamanı qabaqlamalıdırlar. Bəstəkar Motsart, şair Səməd Vurğun, rəssam Bəhruz Kəngərli, aktyor Hüseyn Ərəblinski 10 yaşın civarını aşar-aşmaz böyük sənətə qədəm qoymuşlar. Onlar erkənçi olmasaydılar, fəth etdikləri zirvələrə ucala bilməyəcəkdilər".

Meydana gecikən söz atlıları da öz arqumentlərinə arxayındırlar: "Günəşli gündüz iki hissədən ibarətdir. Günortadan sonrakı həyatın öz möcüzələri olur. Sədi Şirazi, Nizami Gəncəvi, Süleyman Rəhimov sənətə 40 yaşından sonra gəlmişlər. Buna baxmayaraq, özlərini bütün dünyaya tantdıra bilmişlər".

Fikrimi güclü təşbehlərin köməyilə açmağa çalışıram. Və daha bir misal çəkirəm. 13 yaşında "Vəfalı Səriyyə"ni yazan Cəfər Cabbarlı həyatda böyük bir iz və irs qoyaraq 35 yaşında dünyasını dəyişdi. Bizim qəhrəmanımız isə "İlham ədəbi birliyi"nin qapısını açanda 35 yaşı varıydı.

Xəzangül xanımın təcrübə xarakterli ilk yazıları yadımdadır. O, S.Vurğunun və Ə.Vahidin təsiri altında yazılar hazırlayıb müzakirəyə təqdim edərdi. Klassik ruha söykənən qəzəlləri və məsnəvi formasında quraşdırılmış müxtəlif mövzulu yazıları çağdaş poeziyanın о biri tərəfındəydi. Həm də bu yazılar sənət sınağına çəkiləcək halda deyildi. Təşkilat görməmiş, məşqçi-ustad təlimi almamış oyunçudan qələbə gözləmək sadəlövhlükdür. Tələbələrimə yarızarafat, yarıciddi deyirdim: "Nizami Gəncəvini mütaliə etmək vacibdir. Müasir rahlu şair olmaq üçün isə mütləq Fikrət Qocanı oxumaq lazımdır. Xəzangül xanımın qələm-peyki sənətçilər arasında özlüyü ilə qabarıq seçilən R.Rza, M.Araz dünyalarından çox-çox aralı fırlanırdı. Belə nəhənglərin özəl yaradıcılığı yetişməkdə olan qələm sahibinə əsl göstərici idi.

Göründüyü kimi, imtahan о qədər də sadə deyildi. Yaş faktorunu da nəzərə alsaq, məsələ xeyli qəlizləşirdi. Məşqçinin nigarançılığı müəyyən əsaslara söykənirdi. O, dəyişilə biləcəkdimi? Dəyişilmək üçün çox iş tələb olunurdu. Görəsən, gecikmiş atlı bütün bunların öhdəsindən uğurla gələ biləcəkdimi?..

Gəldi. Sən demə, çıxış nöqtəsi lazımıymış. O, bu çıxış nöqtəsini "İlham ədəbi birliyi"ndə tapdı. Yaradıcılıq ocağının ab-havası ona düşdü. Bu havanı acgözlüklə istedadının "ciyərinə çəkdi". Tezliklə sözü sənətə çevirməyin sirlərinə yiyələndi. O, nəinki poetik dünyada özünü tapdı, həmçinin ədəbi-tənqidi fıkirləri dürüstləşdi, təkmilləşdi. Sonuncu keyfıyyət özünü görmək, özünə nəzarət etmək üçün ona fərdi üstünlüklər aşıladı.

"Mənim incilərim" Xəzangül xanımın ilk mətbu şeiridi. O, yəqin ki, hamını, xüsusilə müəllimini razı sala biləcək bir manifestlə böyük sənətə qədəm qoymuşdu:

Mənə qiymətlidir о saf vicdanın,
Mənim incilərim sevən qəlbindir.

Zəhmətlə bəzənən о adın, sanın,
Şirin həyatımdır, gələcəyimdir.

Əşyaya pərəstiş etmə, əzizim,
Həyat duyğuları başqadır, inan.

Əyalət sayılan Gəncə ədəbi mühitində sürətlə parlamaq hər adama nəsib olmur. Kecikmiş atlının sürəti hamımızı çaş-baş saldı. Xəzangül xanım qısa müddətdə vaxtilə itirdiklərinin yerini doldurdu. Onun imzası tanınmaz çoxtirajlı qəzetlərdən, azəhatəli yerli mətbuatdan mərkəzi qəzet və jurnallara yayıldı. Radio vaxtaşırı ondan danışdı. Televiziya ekranı dəfələrlə onu respublika oxucularına təqdim etdi. Nəşriyyatlar səxavətlə ona yer verdi. Bir-birindən maraqlı kitablar durna qatarı kimi sıralandı: "Qaya üstə bitən çiçək", "Yeddinci göylə söhbət", "Ömür şikəstəsi", "Şübhələr", "Günəş məni aldadır". Uğurlarını nəzərə alan Azərbaycan Yazıçılar Birliyi onu öz sıralarına qəbul etdi.

Təkmilləşmə ədəbi şaxələnməyə şərait yaratdı. Qadın-şair, ana-şair uşaq dünyası üçün diqqətçəkən şeirlər yaratdı. Və onları toplu şəklində nəşr etdirdi.

Müraciət etdiyi vəznlərin sayı da artmışdı. Əruz və heca vəznlərinə sərbəst vəzn də əlavə olunmuşdu. Təkcə ağ şeirə baş qoşmurdu. Bilirdi ki, çağdaş oxucu hələ buna hazır deyil. Xəzangül xanımın poeziyası əsas iki vəzn vasitəsilə dünyaya göz açırdı - heca və sərbəst vəzni.

Səsi ölkə sərhədlərini aşdı. Türkiyə, İraq oxucuları onun yaradıcılığını təmsil edən nümunələrlə tanış oldu. Qonşu Gürcüstan dövlətində daha böyük uğur qazanıldı. Xəzangül xanımın gürcü dilinə tərcümə olunmuş "Ekvebi" ("Şübhələr") şeirlər kitabı əcnəbi oxucular üçün əsl ədəbi hadisəyə çevrildi.

Xəzangül xanımın mövzu ərazisi, arealı intəhasızdır, sərhədlərə sığmazdır. Onun qələmi eradan əvvəldən tutmuş indiyə və gələcəyə, göydən tutmuş yerə, Şərqdən tutmuş Qərbə (ABŞ-a, Livana, Türkiyəyə, Yaponiyaya), həmçinin şimalda Borçalıya, cənubda Güney Azərbaycana qədər rahat "səfər edə" bilir. Onun maraqlı və cəlbedici aparıcı atributları var. O, bunlara inanır, bunlara tapınır: Göy Ata-Allah, sirli Yeddinci göy, haqq quşu, Dədə Qorqud, əzəmətli İnsan, sevən və sevilən Könül dünyası, bir də qaranlığın, zülmətin qarşısına çəpər kimi çəkilən, sipər kimi dayanan İşıq rəmzi.

Dərd onu sıxanda, haqsızlıq baş aparanda, zülmət işığı üstələyəndə, ədalət zorakılığın qarşısında çökəndə, məhəbbət xəyanətə tuş olanda, anlamaq və anlatmaq cəhdləri daşa dirənəndə şair özünün inandığı, sevdiyi atributlara müraciət edir, minacata başlayır. Şair-ana duyğusu ilə inanır ki, onlar - qüdrətlilər haqq deyən, haqq istəyən bir qələm sahibini dinləyəcək, qarışıq dünyanın qarışıq işlərinə bir ədalət, bir nizam gətirəcəkdir.

Kəsib yolumuzu kinli yoxuşlar,
Hava çox dumanlı, yağır yağışlar,
Qorxuram başıma tökülər daşlar,
Göy Atam, qoy sənin Göy qızın olum.

"Göy Atam, qoy sənin qızın olum" şeirindən daha bir misra: "Məni anlamadı nə dağ, nə dərə". Yalnız təbiətmi? Yox, əsas cəmiyyət anlamadı. Nə aşağılar onu başa düşdü, nə yuxarılar. O, nə böyük şey istəyirdi ki?.. İstəyinimi deyim? Buyurun, eşidin:

Aman dünya, düz işlərin dolaşıq,
Aman dünya, düz yolların baş-ayaq.
Axı, niyə qorxa-qorxa yaşayaq?
Ulfət tutaq, yol saxlayaq, barışaq,
Dünyamızı qorumaqçün yarışaq.

Düz işlər baş-ayaq olanda faciələr baş verir, nahaq qanlar tökülür. Qəzəbi üsyana qalxan şair başqa bir dona bürünür:

Mən başımı örtəcəyəm
bu tökülən haqsız qanla.

O, bu görkəmdə haqq quşuna üz tutur: "A haqq quşu, haqq istərəm". 0, bu libasda əsrlərin dərinliyindən Dədəm Qorqudu köməyə çağırır:

Kim necəsə ad verəydin adına,
Onda adam tanıyardı hamını,
Düz seçərdik yaxşıları, yamanı.

Mümkün olmur. Elə mümkün olmadığı üçün də şair Göyün sirli yeddinci qatına, Göy Ataya - Allaha yalvarır ki, onu Göy qızı hesab eləyib xeyli səlahiyyət versin. Versin ki, şahların, kralların, prezidentlərin bacarmadıqlarını o, həyata keçirsin.

Xəzangül xanım torpağı qəsb edilmiş, talanmış, şəhidlər vermis, qaçqınlar "qazanmış", yaralı pələng kimi hayqıran Azərbaycan adlı bir məmləkətin şair övladıdır. O, qürurlanır ki, müstəqil dövlətlər sırasında onun da dövləti dayanır. Kədərlənir ki, bu dövlətin, bu millətin nə qədər çəkiləsi ağrı-acıları var. O, Qarabağ ağrısını yaşayır. O, Cənub niskilinə göynəyir. O, düşmən əsirliyində olan Azəri xanımlarının, ərlərinin halına qovrulur. Bir ana qəlbli, şair duyğulu insan üçün bunlar təbiidir.

Bəxtimə bax, bəxt verdiyim qənimim,
Duzu yoxmuş çörəyimin, dənimin,
Sükanı da yad əlində gəmimin,
Qəzəb məni əldən salır, a qardaş.

Kreml arxalı ermənilərin zərbələrinə sinə gərməli olmuşuq. Çəkilməli ağır dərdlərimiz var. Bununla belə, Xəzangül xanımın dərdi (o cümlədən sevinci) məhəlli deyil. O, milli məhdudiyyət tanımır. Onun qələmi daha çox bəşəri və insançıdır. Şair bədii sual verir: "Göz olaraq, bu dünyanın başı üstən boylanımmı?. Bəli, boylanır. Və bölümlü, şəhidli, qaçqınlı Azərbaycanı bu qəbildən olan dünya dərdlərinin, faciələrinin konteksində görür.

Xəzangül xanım həm də gözəl lirik-psixoloji şeirlər müəllifıdir. Onun müqəddəs duyğularla sevən lirik MƏNi özünəməxsus, seçilən mövqe nümayiş etdirir. Məhəbbət odlu-alovlu hisslər toplusudur. Bir qayda olaraq, eşq aləmində hiss şahlıq edir. Ağıl isə olsa-olsa, onun "zəif vəziri"dir. Ancaq Xəzangül xanımın oxucuya təqdim etdiyi məhəbbət dünyasında qəribə, bir-birilə çəkişən, bir-birini tamamlayan qo-şahakimiyyətlilik mövcuddur. Görünür, yetkin, kamil məhəbbət belə olur. Ağlın təsdiqi olmayınca, necə deyərlər, hiss heç bir planını həyata keçirmək səlahiyyətində deyil. Müxtəlif rəngli, müxtəlif çalarlı bu məhəbbətdə qarşı tərəfin - ikinci tərəfin qeyri-real istəyinə, inadına cavab olaraq ortalığa bir "Başa düş!.." nidası qoyulur. Onlar bir-birini eşitməyə, anlamağa məhkumdurlar.

Yaşca, dünyagörüşcə fərqli məhəbbət "Başa düş!.." anlamında belə səslənir:

Nə qədər təmiz olsa,
Nə qədər dəniz olsa,
Gərək məhəbbətin də
olsun uyarı.

Xəzangül xanımın lirik qəhrəmanı eyniyyətin özündə belə, fərqlər görür, qarşı tərəfı "Başa düş!.." məsuliyyətinə çağınr:

Bir ağacıq, kökümüz bir, bar ayrı.

Komponentlər ortağı getdikcə çoxalsa da, lirik qəhrəman "Başa düş!.." sipərindən sona qədər istifadə edir: mən sənin qulluğundayam, nə istəyirsən istə, ancaq xəyanəti istəmə.

Qarşı tərəf bu mövqedən təngə gəlib qeybə çəkilir. Görünür, bir daha geri dönməyəcəkdir. Bu dəfə birinci tərəf dərin narahatlıq keçirir. O, həsrətin, hicranın pəncəsində çırpınır. İşıqlı dünya ona zülmət kimi görünür. Sənə nə deyim, ay dönük, ay insafsız?! Bir "Başa düş!..." Bax, indi də o, sənsiz yaşaya bilmir. Gecə-gündüz sevən qəlbin məlhəmi olan səsini min-min səslər içində arayır, axtarır, ancaq tapmır:

О ağ rəngli səsin hər sorağında
Ağ rəngli qaranlıq çökür ömrümə.

Yuxarıda Xəzangül xanımın bir çağdaş şair kimi siyasi, ictimai, lirik və idealist baxışlarına toxundum. Onun isteadının, poeziyasının anatomiyası - mahiyyəti və xasiyyəti, bax, bundan ibarətdir. Yazıçılıq bədii istehsalatdır. Orada da hər növ məhsula rast gəlinir. Xəzangül xanım zəif şeirlərinin, zəif "balalarının" da anasıdır. O, heç vaxt "valideynlikdən geri durmayıb. Ancaq hansı şeir - övladının arxasınca su atıbsa, о "övlad uzaq mənzilə gedib".

Nədən yazırsa yazsın, Xəzangül xanım ancaq özünü - öz dünyagörüşünü, öz ideyasını, öz sevgisini, öz nifrətini yazır. Onun yazılarının nəfəsində, üslubunda, qayəsində bir "Xəzangül möhürü" var. Bu daxili imzanı özü də təsdiq edir:

Dədəm Qorqud, ha boşalsam, sözüm var,
Dədəm Qorqud, ha kill olsam, közüm var.
Dədəm Qorqud, ha dəyişsəm, özüm var,
Bircə adam – Xəzangüləm dünyada,
Od qızıyam, od paylaram oda da.

Mən Xəzangül xanımın, məzun-şagirdimin poetik dünyasının özəl əlamətlərini xatırlatdım. Yalnız ona xas olan bədii fıkir axınlarının trayektoriyasını cızmağa çalışdım. Hərtərəfli dərin təhlil isə kitab müəllifinin səlahiyyətidir. О səlahiyyətə hörmət etməyə borcluyam.

 

 

 

 

 

 

 

 

 

 

Qərib Mehdi
Yazıçı-publisist

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir