Modern.az

“Qadınların orduda xidməti ilə bağlı Müdafiə Nazirliyi ortaya açıq mövqe qoymalıdır” - Ekspert

“Qadınların orduda xidməti ilə bağlı Müdafiə Nazirliyi ortaya açıq mövqe qoymalıdır” - Ekspert

18 Dekabr 2012, 09:35

“2013-cü ildən daxili işlər orqanlarında çalışan qadınların sayı 5%-ə çatdırılacaq”. Bunu Modern.az-a açıqlamasında gender məsələləri üzrə ekspert Sevda Məmmədova deyib. S.Məmmədova bildirib ki, bir il bundan öncə qadınların könüllü olaraq orduda xidməti məsələsi ilə bağlı ABŞ-dan gələn qonaqlarla müzakirələr getmişdi.
“Bildiyimiz kimi, İsraildə qızlar məcburi şəkildə hərbiyə yollanırlar. Orada hərbi xidmətdə olmayan xanımlar dövlət işində işləyə bilməz. Bizdə  isə bu məsələ könüllüdür. Bununla bağlı bir ara söhbət getdi. Amma son altı ayda heç nə söylənilmir ki, qızlar müraciət edib, yoxsa yox”.

E kspert bildirib ki, Azərbaycanda qızlar orduda xidmətə gedərsə, onlar üçün ayrıca kazarmalar nəzərdə tutulmalıdır. “Azərbaycanda demokratik bir dövlətin, cəmiyyətin vətəndaşlarıyıq və bərabər hüquqdan söhbət gedirsə, hər bir qız da oğlanlar kimi vətən üçün xidmət etməyə borcludur. Özüm o yaşda olsaydım və belə bir imkanım olsaydı, vətənim üçün xidmət edərdim. Azərbaycan müharibə şəraitindədir. Onun tərəfdarıyam ki, qadınlarımız da buna hazır olmalıdır. Xatırlayırsınız ki, Qarabağ müharibəsi zamanı qadınlarımız da cəbhə bölgələrinə tez-tez gedir və onların gücü nəyə çatırdısa, onunla məşğul olurdular. Bəzən silah-sursat daşıyırdılar, yaralılara kömək göstərirdilər. Çünki onlarında bir vətəndaşlıq borcu var. Biz Azərbaycanda deyirik ki, “aslanın erkəyi, dişisi olmaz”. Odur ki, qadınların orduda xidmətinə də müsbət yanaşıram”.

S.Məmmədova bildirib ki, bununla bağlı Müdafiə Nazirliyi öz qəti sözünü deməlidir. “Bu yaxınlarda NATO-nun iclasında qərar qəbul olundu ki, NATO-nun tərkibində heç olmasa qadınların sayı 30%-ə yaxınlaşmalıdır. Türkiyənin özündə də bu gün qızların hərbi xidmətə getməsi üçün müəyyən işlər görülür. Azərbaycan Daxili İşlər Nazirliyi artıq bu məsələnin həllini reallaşdırıb. Belə ki, 2013-cü ildən həm yol polisində, həm də digər polis orqanlarında qadınlarımızı tez-tez görəcəyik”.

Anar Kəlbiyev    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir