Modern.az

“Səni görüm gorbagor olasan”: Məşhurların eksqumasiyası - ARAŞDIRMA

“Səni görüm gorbagor olasan”: Məşhurların eksqumasiyası - ARAŞDIRMA

18 Dekabr 2012, 10:20

Meyitlərin qəbirdən çıxarılmasının qadağan olunması vaxtı yetişibmi?

Eksqumasiya latın dilində eks (dan, dən) və humus (torpaq) sözlərindən yaranıb. Qədim zamanlarda eksqumasiya rəhmətə getmiş şəxsə və onun ruhuna hörmətsizlik sayılıb. Qəbiri açmağın bəla gətirəcəyinə inam da mövcud olub. Yalnız 19-cu əsrdə bu qadağalar pozulub, meyitin qəbirdən çıxarılmasına başlanılıb. 20-ci əsrin ortalarında isə ölüm səbəbini və şəxsiyyətini müəyyən etmək üçün eksqumasiya həyata keçirilməyə başlanılıb.

İstənilən halda arzuolunmayan və müəyyən dərəcədə qadağalı sayılan bu proses yeni tarix boyunca çoxsaylı tanınmış şəxsiyyətlərin də cəsədlərinə tətbiq olunub. Onlardan əksəriyyəti istənilən nəticəni verməyib. Başqa sözlə desək, mərhumun ruhunun əbəs yerə narahat olunduğu üzə çıxıb.

Dahi rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun qəbrinin eksqumasiyasından sonra yaranan  əfsanələr və şayiələr isə hələ də təkzib olunmayıb. Belə ki, 1931-ci ildə dahi yazıçının nəşinin Danilovsk monastırının həyətindən Novodeviçye qəbristanlığına köçürülməsi zamanı yazıçının letargiya yuxusuna getdiyini deməyə əsas verən əlamətlət üzə şıxdığı barədə şayiələr yayılıb. Hətta bəziləri bir az da qabağa gedərək, onun kəlləsinin qəbirdə olmadığını iddia edib. Belə çıxır ki, hazırda rus xalqının böyük şəxsiyyətlərindən olan Qoqolun haqqında gəzən bu şayiələrin yoxlanması üçün onun qəbri bir daha eksqumasiya olunmalıdır.

Sonradan isə böyük dövlət xadimlərinin qəbrinin eksqumasiyası necə deyərlər, dəbə minib.

...2009-cu ildə Polşanın 1943-cü ildə həlak olmuş sabiq baş naziri, general Vladislav Sikorskinin cəsədinin qalıqları eksqumasiya olunub. 1998-ci ildə yaradılmış Milli Yaddaş İnstitutunun mütəxəssisləri Sikorskinin ölümünün həqiqi səbəblərini aydınlaşdırmağa çalışıblar.  Mütəxəssislər generalın aviaqəzada aldığı xəsarətlərdən öldüyünü, yoxsa öldürüldüyünü müəyyənləşdirərkən  

Polşada belə şayiələr yayılıb ki, mərhum baş nazirin ölümündə Sovet ittifaqının əli var.

V.Sikorski Stalinin əleyhinə tənqidi fikirlər səsləndirməklə yanaşı, sovet xüsusi-xidmət orqanlarını Xatın kəndi yaxınlığında polyak zabitlərini güllələməkdə ittiham edirmiş. Generalın da göyərtəsində olduğu Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə 1943-cü il iyulun 4-də qəzaya uğrayıb. Britaniyada yaradılmış komissiya belə qənaətə gəlib ki, təyyarə müəyyən olunmamış səbəblərdən idarə olunmaz vəziyyətə düşüb, nəticədə qəzaya uğrayıb.

Onun da cəsədinin eksqumasiyası heç bir yeni fakt ortaya çıxarmayıb.

... 2011-ci ildə 1973-cü ildə baş verən dövlət çevrilişi zamanı həlak olan Çili prezidenti Salvador Alyendenin cəsədinin qalıqları eksqumasiya olunub. Mərhum prezidentin qohumları eksqumasiya xahişi ilə məhkəməyə müraciət ediblər. Rəsmi versiyaya görə, S.Alyende 11 sentyabr 1973-cü ildə çevrilişdə iştirak edən əsgərlər Prezident Sarayını tutarkən özünü güllələyib. Amma sosialist prezidentin tərəfdarları iddia edirlər ki, onu Auqusto Pinoçetin silahdaşları güllələyib.

Lakin ekpertizanın nəticələri bu şaiyələri təsdiq etməyib.

...2010-cu ildə Venesuelada ölkə başçısı Uqo Çavesin iştirakı ilə Latın Amerikasında müsətqillik müharibəsinin qəhrəmanı Simon Bolivarın qəbri açılıb. Simon Bolivar 1821-ci ildə Venesuela, Ekvador, Panama, Kolumbiya və Perunu işğalçı ispanlardan azad edərək Böyük Kolumbiya adlanan bölgənin ilk başqanı olub. Lakin 7 ildən sonra başlayan daxili çəkişmələr zamanı Böyük Kolumbiya bölünməyə başlayıb. Nəticədə vərəm xəstəliyinə və xəyallarının bölünüb yox olmasına dözə bilməyən Simon Bolivar 1830-cu ildə vəfat edib. Bu eksqumasiya da bənzər sonluqla bitib.

...2011-ci ildə dünya daha bir səs-küylü eksqumasiyanın şahidi oldu. Çilinin keçmiş prezidenti Salvador Alyendenin qəbri yenidən eksqumasiyaya məruz qaldı. 

Qətl ehtimalını gücləndirən faktorlardan biri də 1990-cı ildə mərhum prezidentin cəsədi Santyaqoya köçürüldüyü zaman hakimiyyət orqanlarının S.Alyendenin ailə üzvlərinə onun nəşinə baxmağa icazə verməməsi olmuşdu. O zaman prezidentin qalıqlarını görmüş yeganə şəxs S.Alyendenin şəxsi həkimi və sui-qəsd ehtimalını ilk dəfə səsləndirmiş Patrisio Qihon olmuşdu.

Ekspertizanın nəticələri göstərdi ki, Alyendenin də ruhu nahaqdan narahat edilib.

Bunlardan başqa, daha bir neçə Latın Amerikası ölkələrində keçmiş prezidentlərin və milli qəhrəmanların qəbirlərinin açılması faktı məlumdur. Ekvadorun keçmiş prezidenti Alfaro Delqadonun da nəşi 2008-ci ildə prezident Rafael Korreanın göstərişilə eksqumasiya olunub və cəsədin qalıqları ehtiramla Montikristi şəhərinə köçürülüb.

2006-cı ildə isə Argentinanın ən görkəmli prezidentlərindən olmuş Xuan Dominqo Peronun cəsədinin qalıqları xüsusi mavzoleyə köçürülüb.

Rus imperiyasının məşhur generallarından olan Anton İvanoviç Denikinin cəsədi isə iki dəfə - 1952-ci və 2005-ci illərdə eksqumasiya olunub.

...2012-ci il də tarixə həm də “maraqlı eksqumasiyalar ili” kimi düşə bilər. Bu il iki tanınmış dövlət xadimi-Fələstin muxtariyyətinin rəhbəri Yasir Ərəfatın və Türkiyənin keçmiş prezidenti Turqut Özalın qəbrləri eksqumasiya olunub.

Hər iki prezidentin qəbrinin açılmasına səbəb onların qəsdən zəhərlənməsi ilə bağlı ailələrində yaranan şübhələr olub. Bu ilin oktyabrında İstanbulda Turqut Özalın cəsədinin qalıqlarının eksqumasiyasına başlanılıb. Keçmiş prezidentin cəsədi məzardan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza İdarəsinə aparılıb.

Turqut Özal 1993–cü il aprelin 17–də Ankarada öz iqamətgahında vəfat edib. Onun ölümünün rəsmi versiyası infarkt adlandırılmışdı. Bununla belə, Özalın ailə üzvləri dəfələrlə onun zəhərlənmə ehtimalını irəli sürmüşdülər. Keçmiş prezidentin ölümü barədə cinayət işi 2012–ci ildə bərpa edilib. Buna səbəb bir sıra şahidlərin türk liderinin vəfatına dair müəmmalı şəraitlər haqqında ifadələri olub. Xüsusi komissiyanın dərc etdirdiyi məruzədə Özalın ölümü şübhəli adlandırılıb. Məruzə müəlliflərini narahat edən odur ki, eks–prezidentin vəfatı ilə bağlı təhqiqat aparılmayıb. Xüsusən də mərhumdan analiz üçün biomateriallar götürülməyib. Qalıqların öyrənilməsi üçün ekspertlərə 48 saat ayrılsa da, analizlər özü bir neçə ay çəkə bilər. Hazırda bu eksqumasiya ilə bağlı istintaq işi başa çatmadığından rəsmi nəticə ortada yoxdur. Bununla belə, Özalın da cəsədinin eksqumasiyasının heç bir nəticə verməyəcəyini söyləməyə əsas verən məlumatlar yayılıb.

Yasir Ərəfatın həyatının son günlərində istifadə etdiyi paltarları və şəxsi əşyaları isə dul arvadı Suha Ərəfat “Əl-Cəzirə” telekanalına təhvil verib, telekanal da öz növbəsində bunu Lozannadakı Radiofizika İnstitutuna ekspertizaya göndərib. Radiofizika İnstitutunun rəhbəri Fransua Boşu deyib ki, Ərəfatın paltarında və şəxsi əşyalarında aşkarlanan radioaktiv maddənin miqdarı normadan 10 dəfə çoxdur. Bir neçə ölkənin mütəxəssisləriin cəlb olunduğu prosesin nətiçələri hələ elan olunmayıb.

Azərbaycanın da eksqumasiya baş verən ölkələr sırasına düşmək ehtimalı var. Bu ilin yayında Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyevin iddiası əsasında keçmiş prezident Əbülfəz Elçibəyin ölümüylə bağlı istintaq işi başlanılıb. İstintaq orqanlarından sızan məlumata görə, hazırda keçmiş prezidentin qəbrinin eksqumasiyası heç də irreal variant sayılmır və istintaqın nəticələrindən asılı olaraq, bununla bağlı rəsmi qərar verilə bilər.   

Eksqumasiya siyasət subyekti kimi...

Bəzi araşdırmaçılar iddia edir ki, məşhur insanların, xüsusən də dövlət xadimlərinin eksqumasiya olunması daha çox siyasi prosesdir. Aparılan araşdırmalar göstərir ki, bu proses bir çox hallarda ölkədəki siyasi vəziyyətə təsir etmək-məsələn, milli həmrəylik nümayiş etdirmək və ya siyasi divident qazanmaq üçün də istifadə olunur. Eyni zamanda bu prosesdən təzyiq vasitəsi kimi də istifadə olunması barədə versiyalar mövcuddur. Məsələn, Ərəfatın cəsədinin ekspertizası İsrail –Fələstin münasibətləri baxımından həyəcanla izlənildiyi kimi, məhz prezident Mahmud Abbasın da şübhəlilər sırasında adı çəkilməsi baxımından maraq doğurur. Bununla belə hökumətin bu prosesə tam könülsüz, mərhumun yaxınlarının tələbi ilə və ya cəmiyyətdə geniş yayılmış şayiələrə son qoymaq üçün getdiyi halları da olub. Məsələn, Uqo Çaveş Simon Bolivarın məzarının açılmasına şəxsən təşəbbüs göstərərək, bundan divident götürməkdə maraqlı idisə, Cili hökuməti Salvador Alyendenin qəbrinin açılmasına içtimaiyyətin təzyiqi ilə qol qoymuşdu.    

Din eksqumasiyaya necə baxır?

Dini ekspert Elşad Miri Modern.az-a bildirib ki, İslam dininə görə, qəbirləri başqa bir yerə daşımağa ciddi ehtiyac olmasa, köçürülməsi qadağandır.
“Bir qəbir nə qədər köhnə olsa da, ona ehtiyac qalmasa belə, onun yerləşdiyi ərazinin qəbristanlıq kimi qorunması lazımdır. Bu yerləri satmaq, orada binalar inşa etmək və bu məqsədlə də qəbirlərdəki sümükləri başqa yerə daşımaq ölülərin haqqını çeynəməkdir. Ancaq su basarsa, yol çəkilərkən qəbristanlıqdan keçməlidirsə, həmin yeri başqa yerə köçürmək olar. Heç bir ehtiyac olmasa, qəbir açılmamalıdır”.

Yeri gəlmişkən, Azərbaycan xalqının da inanclarında cəsədin qəbirdən çıxarılması, başqa qəbrə köçürülməsi yaxşı hal sayılmır. Təsadüfi deyil ki, folklorumuzdakı “gorbagor olasan”, “gördan gora sıçrayasan” ifadələri məhz qarğışlar işərisində yer alıb.  

Uğursuz eksqumasiyalar...

Beləlikə, yuxarıda da qeyd etdiyimiz və sadalanan faktlardan da göründüyü kimi, indiyədək aparılmış eksqumasiya proseslərinin heç biri hansısa yeni faktı və ya həqiqəti üzə çıxarmağa vasitə ola bilmir. Əksinə, bu prosesdən sonra yeni-yeni söz-söhbətlər, şayiələr yaranır. Məsələn, Qoqolun qəbrinin eksqumasiyasından sonra hadisənin şahidləri belə, hərəsi bir cür danışaraq, yeni-yeni əfsanələrin yaranmasına səbəb olublar. Kimisi onun qəbirdə böyrü üstdə olduğunu, kimisi isə başının qəbirdə olmadığını deyir. Nəzərə alsaq ki, Qoqol ömrünün son illərində miningitdən, özü də səhv müalicə olunub, onun başının bədənindən tez çürüməsi versiyası da mümkün sayıla bilər.

Və ya Simon Bolivarın cəsədinin qalıqlarında hec bir sui-qəsd izi tapılmasa da, prezident Çaveşin özü belə, bu versiyanı səsləndirməkdə davam edib. O cümlədən Turqut Özalın cəsədinin ekpertizasıyla bağlı yayılan “bu zəhərlər onu öldürə bilməz” versiyası elə indidən Özal ailəsinin təpkisi ilə qarşılanıb. Keçmiş prezidentin oğlunun açıqlamasından aydın olur ki, əgər məhkəmə “heç bir zəhərlənmə yoxdur” deyə elan etsə, onlar bunu Ərdoğan hakimiyyətinin kimlərinsə qarşısında geri çəkilməsi kimi dəyərləndirəcəklər. Və təbii ki, zəhərlənməylə bağlı söz-söhbətlər dövriyyədən çıxmayacaq.

Artıq son vaxtlar dünya mətbuat nümayəndələri bu mənasız prosesin əleyhinə çıxan yazılar yazırlar. Doğrudan da təhlillər göstərir ki, bu proses yalnız basdırılmasından bir necə il keçmiş cəsədə tətbiq edilsə, hasısa bir nəticənin alınmasına ümid etmək olar. 

Məsələ burasındadır ki, müxtəlif kimyəvi maddələr cəsəddə müxtəlif müddətə qədər qala bilir.
Mütəxəssislər deyirlər ki, metallik zəhərlər və mərgümüş (mışyak) meyitdə uzun illər boyunca qala bilir. Karbon qazı və barbitur turşusu törəmələri cəsədin toxumalarında yalnız basdırıldıqdan sonra bir beçə ay müddətində aşkar edilə bilər. Alkoloidlər bir neçə aydan 2 ilə qədər müddətdə tapıla bilər.
Son illər eksqumasiya zamanı daha dəqiq nəticələr almaq üçün bədənin antigen quruluşunu öyrənən metodlar işlənib hazırlansa da, bu da hələki istənilən nəticəni vermir. Təsadüfi deyil ki, ölümünün üstündən uzun illər keçdikdən sonra cəsədləri eksqumasiya olunan heç bir tanınmış şəxsiyyətin müəmmalı ölümünün səbəbinə işıq salınmayıb. Əvəzində isə qəbirlərin açılması zamanı bəşəriyyət üçün qorxulu olan müxtəlif xəstəliklərin – vəba, taun, epidemiyanın yayıla biləcəyi ehtimalı hələ də aktuallığını saxlayır.

Qızılgül Abdinova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır