Modern.az

Azərbaycan uşaqlarının dünya uşaqlarına müraciəti hazırlanacaq

Azərbaycan uşaqlarının dünya uşaqlarına müraciəti hazırlanacaq

22 Fevral 2010, 13:16

"NUR" Uşaq və Gənclərin İctimai Birliyi “Uşaqların müdafiə hüququ və silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq" mövzusunda müzakirələri aparır. Təşkilatdan Modern.az-a bildirilib ki, 2009-cu ilin dekabrında Bakıda keçirilmiş Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsində əks olunub ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində pozulmuş uşaq hüquqlarına dair silsilə müzakirələr təşkil edilsin. 

“Azərbaycanın müstəqillik tarixində Dağlıq Qarabağ münaqişəsi zamanı erməni qəsbkarları tərəfindən uşaqlara qarşı dəfələrlə zorakılığın edilməsi, uşaqların amansızlıqla və işgəncələrlə öldürülməsi, uşaqların gözü qarşısında valideynlərinin qətlə yetirilməsi, uşaqların əlil olması və bu kimi insanlığa sığmayan əməllərə beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməməsi uşaq hüquqlarının tanınması və həyata keçirilməsi istiqamətində qlobal səyləri şübhə altına alır”,-deyə "NUR"-un məlumatında bildirilib.

          

Qurumun fevralın 27-də Bakıda təşkil edəcəyi müzakirə zamanı Xocalı faciəsinə dair film nümayiş etdiriləcək, sonra isə 3 nəslin – valideynlər, gənclər və uşaqlar arasında Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, gənc nəslə vətənpərvərlik ruhunun aşılanması və uşaqların silahlı münaqişələr zamanı müdafiəsi istiqamətində öhdəliklər və məsuliyyətə dair disskussiyalar aparılacaq.

İlk belə müzakirə 20 Yanvar faciəsinin 20-ci ildönümü günündə təşkil edilib və onun nəticəsi olaraq "Uşaqların müdafiə hüququ və silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq" mövzusunda müzakirələrin təşkili üzrə 11 uşaqdan ibarət İşçi Qrupu yaradılıb. İl boyu davam edəcək bu silsilə müzakirələrin nəticəsində Azərbaycan uşaqlarının dünya uşaqlarına müraciəti hazırlanaraq 20 noyabr – Beynəlxalq Uşaq Hüquqları günündə dünya uşaqlarına təqdim olunacaq. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi