Modern.az

TQDK qəbul imtahanlarında nöqsanlara yol verən 154 nəzarətçi müəllimi cəzalandırıb

TQDK qəbul imtahanlarında nöqsanlara yol verən 154 nəzarətçi müəllimi cəzalandırıb

18 Dekabr 2012, 12:45

433 nəzarətçi-müəllimə isə təşəkkür elan edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına orta ümumtəhsil müəssisələrindən  nəzarətçi qismində cəlb edilmiş müəllimlərin  fəaliyyəti, hər il qəbul kampaniyası başa çatdıqdan sonra qiymətləndirilir. Bu zaman çoxsaylı parametrlər əsasında araşdırma aparılır: imtahan sənədləri ilə işləmə bacarığı, imtahan texnologiyasını mənimsəmə səviyyəsi, abituriyent auditoriyasını idarəetmə qabiliyyəti, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə dair qiymətləndirməsi və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində imtahan verdiyi zalın nəzarətçisi haqqında qiymət və rəyləri v.s. 

“Bu araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətlərinin stimullaşdırılması; onlarla təşkil ediləcək seminar-məşğələlərin məzmununun və metodunun yenidən işlənməsi; nəzarətçilər bazasının zənginləşdirilməsi və formalaşdırılmasının təkmilləşdirilməsi; növbəti imtahanlar üçün nəzarətçi seçiminin hansı meyarlar əsasında aparılması, orta ümumtəhsil müəssisələrinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”-deyə TQDK-dan bildirilib.
 
TQDK-nın məlumatına görə, cari ilin qəbul imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinə dair araşdırmanın nəticələrinə əsasən, qəbul imtahanlarına 4707 müəllim cəlb olunub, nümunəvi fəaliyyətinə görə 433 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəfərə fəxri fərman verilib.

Köçürməyə və digər qayda pozuntularına yol verən 154 nəzarətçi müəllim isə TQDK-nın bazasından xaric edilib.  

Qeyd edək ki, TQDK tərəfindən araşdırmanın nəticələri ilə tanış olmaq üçün nəzarətçi-müəllimlərin çalışdığı orta ümumtəhsil müəssisələrinə məktub ünvanlanıb. 

Xatırladaq ki, indiyə qədər TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 1080 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 196 müəllim fəxri fərmanlarla təltif edilib. Bakı şəhərinin 13, 55, 73, 204, 258, 263, 271, 283, 286 nömrəli tam orta məktəblərinin müəllimlərinin prosesdə nümunəvi fəaliyyəti ilə seçildiyi müəyyənləşdirilib.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir