Modern.az

Fərhad Məmmədov: “Serj Sarqsyan daha güclü təzyiqlərə məruz qalacaq” - ŞƏRH

Fərhad Məmmədov: “Serj Sarqsyan daha güclü təzyiqlərə məruz qalacaq” - ŞƏRH

18 Dekabr 2012, 12:58

“Ermənistanda gələn ilin fevral ayının 18-nə təyin olunmuş prezident seçkiləri bu dövlətə xas olan siyasi intriqalar ənənəsini hələ seçkiqabağı kampaniyanın ilk mərhələsində itirib. 2012-ci ilin may ayında keçirilmiş parlament seçkilərindən sonra Ermənistanın siyasi mənzərəsi dəyişib, Ermənistan cəmiyyətinin bu ölkədə baş verən hadisələrin mahiyyətini anlaqlı dərk edə bilməməsini nümayiş etdirib”.
Modern.az-ın məlumatına görə, bu fikirləri Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov SAM-ın bugünkü brifinqind Ermənistanda seçkiqabağı vəziyyət barədə danışarkən bildirib.
SAM direktoru bildirib ki, Milli Statistika Xidmətinin rəsmi məlumatına görə, 2011-ci ildə Ermənistanda əhalinin yoxsulluq həddi 35%-ə çatıb.
“Əgər xarici ölkələrdən daxil olan transfertləri çıxsaq, müvafiq göstərici ölkə sakinlərinin 53%-ni əhatə edəcək. Bundan başqa, əhali təbii özünümüdafiə instiktini tamamilə itirmiş, seçicilərin elektoral fəalllığı əsasən iki amilə - qorxu hissinə və maddi marağa söykənmişdir. Məhz seçicilərə hədə-qorxu gəlmək, onları pul ilə ələ almaq sayəsində prezident Serj Sarksyana aid olan Ermənistan Respublikaçılar Partiyası və Qagik Tsarukyanın «Çiçəklənən Ermənistan» Partiyası seçkiqabağı kampaniyanın favoritlərinə çevrilmiş, ölkə parlamentində çoxsaylı fraksiyalar formalaşdırmağa nail olmuşlar”.

F.Məmmədov deyib ki, Levon Ter-Petrosyan, Raffi Ovanesyan, Stepan Dəmirçyan kimi müxalifət liderləri hələ də ümumi razılığa gələ bilməyib, müxtəlif siyahılarla çıxış edərək müxalifət elektoratını parçalayıblar. Beləliklə, hazırda bu ölkədə əhalinin ictimai narazılığını istiqamətləndirməyi bacaran, digər tərəfdən öz addımlarını Ermənistanın xarici sponsorları ilə razılaşdıra bilən xarizmatik müxalifət lideri yoxdur.

“Serj Sarqsyan hakimiyyətini sarsıda biləcək yeganə qüvvə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın siyasi potensialı və ona yaxın olan «Çiçəklənən Ermənistan», eləcə də Daşnaksyutun partiyalarıdır. Robert Köçəryan son vaxtlaradək özünün prezident seçkilərində iştirak edib-etməməsinə dair çoxmənalı bəyanatlar versə də, hələ də konkret mövqeyini bildirməmişdir. Qeyd edək ki, R.Köçəryanın arsenalında ölkə daxilindəki iki nüfuzlu siyasi qüvvə və Rusiya rəhbərliyinə birbaşa çıxış imkanları vardır”.

SAM direktoru deyib ki, 2012-ci ilin yay və payız ayları ərzində Serj Sarqsyanın inzibati aparatı və güc strukturları bütün imkanlarını «Çiçəklənən Ermənistan» Partiyasının siyasi proseslərdən kənarlaşdırılmasın yönəltmişdilər. İlk mərhələdə «Çiçəklənən Ermənistan» bir neçə nazir postunu və yerli hakimiyyət orqanlarındakı təmsilçilərini itirərək hakim koalisiyadan kənarda qalıb. Daha sonra partiya siyahısındakı ikinci şəxs - Robert Köçəryanla yaxınlığı ilə seçilən Vardan Oskanyan barədə cinayət işi qaldırılıb. Eyni zamanda,  Qagik Tsarukyanın biznesinə onun qudası, parlamentin spikeri Ovik Abramyan vasitəsilə təzyiqlər edilib.

“Serj Sarqsyan xarici sponsorların ona qarşı alternativ qüvvədən istifadə etmələrinin və ya Ermənistanın xarici siyasətin gündəmində olan prinsipial məsələlərlə şantaj olunmasının qarşısını almaq üçün əlindən gələni etmişdir”-deyə F.Məmmədov vurğulayıb. 

“Əvvəlki proqnozlarımızda qeyd olunduğu kimi, Ermənistan Avrasiya İttifaqına və Gömrük İttifaqlarına daxil olmaq və ya bundan imtina etmək barədə həlledici qərar vermək səlahiyyətinə malik deyildir. Eyni zamanda, Ermənistan 800 milyondan bir milyard avroyadək məbləğdə kredit almaq məqsədilə Avropa İttifaqı ilə fəal danışıqlar aparır və sponsorlar sammitinə hazırlaşır. Bu məbləğ yalnız 2012-ci ilin büdcə kəsirini bağlamağa və ölkədə bir neçə əhəmiyyətsiz layihəni yekunlaşdırmağa imkan verə bilər. Ermənistan Respublikasının 2013-cü il büdcəsində investisiya layihələri nəzərdə tutmadığına görə onu «yaşamaq uğrunda mübarizə büdcəsi» də adlandırırlar”.

F.Məmmədov bütün bunlara və digər amillərə əsasən belə nəticəyə gəlib ki, Ermənistan Respublikasında növbəti prezident seçkiləri praktiki olaraq, alternativsizlik şəraitində keçiriləcək.

“Əhali qorxu və maddi ehtiyac üzündən Serj Sarqsyana səs verməli olacaqdır. S.Saqsyan prezident seçkilərində qalib gəlmək üçün taktiki məsələləri həll etsə də, gələcəkdə strateji vəzifələrin icrasında daha böyük problemlərlə üzləşəcəkdir. Rəsmi Yerevanın Rusiyanın geosiyasi layihələrində iştirakdan imtina etməsi, Türkiyə ilə sərhədlərin bağlı olması üzündən Avropaya tam inteqrasiya imkanından məhrum olması Serj Sarqsyanı elə ciddi maneələrlə qarşı-qarşıya qoymuşdur ki, Ermənistan indiki şəraitdə onları dəf etməyə qadir deyildir. Bu baxımdan, iqtisadi, siyasi və sosial tənəzzül dövrünü yaşayan ölkədə Serj Sarqsyanın irəli sürdüyü «Zəngin Ermənistana doğru» seçkiqabağı şüarı əslinə qalsa, siyasi populizm və riyakarlıq nümunəsi kimi dəyərləndirilməlidir”.

SAM direktoru deyib ki, Serj Sarqyan prezident kürsüsündə əyləşdiyi beş il ərzində ölkədə ümumilli əhəmiyyətə malik heç bir problemi həll edə  bilməyib.

“Məsələn:
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmayıb;
bu münaqişə həll olunmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, sərhədlərin açılması mümkün deyil;
Türkiyənin regional əhəmiyyətinin və iqtisadi gücünün artması üzündən Ermənistanın saxta ittihamları, o cümlədən uydurma «erməni soyqırımı» öz aktuallığını itirməkdədir;
Ermənistanın sadə vətəndaşlarının yaşayışında irəliləyiş yoxdur. Ermənistanın rəsmi statistik məlumatlara əsasən, bu ilin 11 ayı ərzində 2 milyon 53 min nəfər ölkə vətəndaşı ölkəni tərk etmiş və onların yalnız 1 milyon 981 min nəfəri geri qayıtmışdır. Ölkəyə qayıtmayanların sayı təqribən 72 min nəfər olmuşdur. Əgər son üç ilin mənfi saldosunu da nəzərə alsaq, bu müddət ərzində Ermənistanı tərk edənlərin sayı 155 min nəfər və ya rəsmi ölkə əhalisinin 5%-ni təşkil etmişdir. Nəzərə alınmalıdır ki, rəsmi statistika bu ölkədə əhali sayını şişirdərək 2,9 milyona çatdırır, halbuki ATƏT-in də qeyd etdiyi rəqəm 2 milyondan az olmasını göstərir”.

F.Məmmədovun fikrincə, 2013-cü il fevralın 18-də Ermənistanda keçiriləcək prezident seçkilərindən sonra Serj Sarqsyan ölkə daxilində daha güclü təzyiqlərə məruz qalacaq, müxalifətdə olan siyasi qüvvələr birgə mübarizə aparmaq məqsədilə potensiallarını birləşdirəcəklər. Bir sıra məsələlər «Çiçəklənən Ermənistan» Partiyasının hakimiyyətə münasibətdə tutacağı mövqedən asılı olacaq. Əgər Serj Sarqsyan məhz «Çiçəklənən Ermənistan» Partiyası ilə dialoq qurmağı nail ola bilərsə, bu zaman baş nazir T.Sarkisyanın istefası məsələsi gündəmə gələcək.

“”Çiçəklənən Ermənistan” Partiyası özünün siyasi siması olmadan uzağa gedə bilməyəcəkdir. Yəni, bu partiya hakim koalisiyada təmsil olunmamış və müxalifət düşərgəsinə keçməsini bəyan etməmişdir. Bununla yanaşı, partiya qarşıdakı prezident seçkilərində namizədlərdən heç birini dəstəkləməmək haqqında qərar qəbul etməklə elektoratı arasında çaşqınlıq yaratmışdır. Ermənistan bundan sonra da xarici sponsorlar hesabına bir dövlət kimi mövcudluğunu saxlayacaq, ətrafdan təcrid olunmuş vəziyyətdə qalacaq, bankrot dövlət səviyyəsinə enəcəkdir”. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir