Modern.az

Akif Aşırlının təklifini həmkarları bəyənmədi: “22 iyul artıq ənənədir”

Akif Aşırlının təklifini həmkarları bəyənmədi: “22 iyul artıq ənənədir”

18 Dekabr 2012, 17:22

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı etibarlı sənədlərə istinadən iddia edir ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə 22 dekabr Jurnalist günü kimi qeyd olunub. Bəs jurnalistlərin bu məsələyə yanaşması necədir? Modern.az bir neçə qəzetin baş redaktorundan bununla bağlı münasibət öyrənib.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov AXC zamanı belə bir günün jurnalistlərin bayramı kimi qeyd olunmasını Milli Mətbuat gününə əsaslı şəkildə təsir etməyəcək fakt kimi dəyərləndirdi.
“22 iyul milli mətbuatın yaranması, “Əkinçi”nin ilk nömrəsinin işıq üzü görməsi günü sayılır. Bizim baş jurnalist Həsən bəy Zərdabinin böyük xidmətini hələ SSRİ vaxtında bayram kimi olmasa da, tarixi hadisə kimi həmişə yaddaşımızda yaşatmışıq. Müstəqillik qazanandan sonra isə artıq onu bir bayram günü qeyd etmişik. Bu əslində çox uğurlu bir tarix və gündür. Milli Mətbuat günü hər beş ildən bir təntənəli şəkildə keçirilir. Hər il 22 iyulda jurnalistlər müxtəlif qruplar formasında bir araya gəlirlər. Müsabiqələrə yekun vurulur, qaliblərə mükafatlar verilir. Bütün jurnalistika aləminin bayramı olan bu günə digər ictimaiyyət nümayəndələri maraq göstərirlər. Bütün bunlar onu göstərir ki, bu tarix ümumxalq bayramı kimi qeyd olunur. Biz jurnalistlər üçün bu çox böyük fəxrdir. 22 iyulun 22 dekabrla əvəz olunmasını təsəvvürümə belə, gətirə bilmirəm. Cümhuriyyət dövründə elə bir günün olması yaxşı bir haldır və müsbət qarşılayıram. Lakin 22 iyul Milli Mətbuat gününün xüsusi əhəmiyyətlidir, bu tarixdə keçirilməsinin çox böyük əsası var. Mən belə hesab edirəm ki, bu tarixə dəymək düzgün olmazdı. Mətbuatla bağlı nə qədər əlavə bayramlar olsa da, biz jurnalistlərin əsas bayramı 22 iyulda keçirilsin”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, o, 22 iyulda Milli Mətbuat gününün keçirilməsini daha məqsədəuyğun sayır.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin fikrincə, hər hansı dəyişikliyə əsas yoxdur. “Biz də istərdik ki, Milli Mətbuat günü sərin vaxtlara düşsün. Amma reallıq arzulara qurban verilə bilməz. Çünki Həsən bəy Zərdabi məşəqqətlə, əziyyətlə “Əkinçi” qəzetini 1875-ci il 22 iyulda ərsəyə gətirib. Artıq cəmiyyətdə də bu tarixin mətbuat günü kimi qeyd olunması adət halını alıb. Ona görə də bu tarixi dəyişməyə ehtiyac duymuram. Ancaq Akif Aşırlının araşdırması da maraqlıdır. Onun bu məlumatı tapması müsbət bir haldır”.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı da dəyişikliyə lüzum olmadığını bildirdi. “Belə bir faktla bağlı məndə informasiya yoxdur. Belə bir şeyin olması ilə bağlı arxiv materialları varsa, bu, Milli Mətbuat gününü dəyişməyə əsas vermir. Düşünürəm ki, artıq mətbuat gününün başqa bir tarixə keçirilməsi düzgün olmaz, çünki artıq ənənə var”.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu