Modern.az

Siyavuş Novruzovdan iranlı deputata cavab: “O heç bilmir məsələ nədən ibarətdir”

Siyavuş Novruzovdan iranlı deputata cavab: “O heç bilmir məsələ nədən ibarətdir”

18 Dekabr 2012, 18:52

Milli Məclisin dekabrın 11-də keçirilən plenar iclasında Azərbaycanla İran arasında güzəştli sərhəd keçidlərinə dair memorandumun ləğvi ilə bağlı İran parlamentindən reaksiya gəlib. Belə ki, İranın İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti Mənsur Həqiqətpurun Azərbaycanın Milli Məclisinə göndərdiyi məktubda sadələşdirilmiş qaydada sərhədi keçmə ilə bağlı memorandumun ləğvinə irad bildirilib. 

“Badkubə parlamentindəki dostlar, iki ölkə xalqının mədəni, ictimai və iqtisadi həmrəylikləri sizin üçün bu qədər dözülməz olub ki, parlamentin bütün imkanlarını toplayaraq və vaxtını sərf edərək gediş-gəlişi ləğv edən qərar qəbul edirsiniz?”-deyə Mənsur Həqiqətpur məktubunda yazıb.

Milli Məclisin deputatı Siyavuş Novruzov isə Modern.az saytına açıqlamasında məsələyə münasibət bildirib. S.Novruzov deyib ki, həmin memorondum keçmiş SSRİ dövründə imzalanıb və vaxt bitdiyindən ləğv olunmalıydı.

“Azərbaycan cəmiyyəti, hətta Milli Məclisin bəzi deputatları bilmirlər ki, məsələ nədən ibarətdir. Elə bilirlər ki, biz İranla gediş-gəlişə qadağa qoymuşuq, eyni zamanda namə göndərənin də ağlı o qədər kəsir ki, belə fikirlər söyləyir.

Burada söhbət ondan gedir ki, memoranduma əsasən, İranla sərhəddən 35 km-ə qədər məsafədə Azərbaycan ərazilərində yaşayan vətəndaşlar, tutaq ki, Astara rayonunun iki kəndi İrana sərbəst şəkildə istənilən vaxtı gedib-gələ bilər, qalan 76 kənd viza sistemi ilə getməlidir, o cümlədən İran tərəfdən. Bu həm vətəndaşlar arasında ayrı-seçkiliyə səbəb olur, həm də müəyyən adamların bu və ya digər şəkildə ölkəyə daxil olmasına şərait yaradır. Viza sistemində ölçülür-biçilir, vətəndaşın pasportuna baxılır, proses standartlara uyğun şəkildə həyata keçirilir və həmin şəxslər barədə məlumatlar açıq-aydın bilinir”.

S.Novruzov deyib ki, ləğv olunan memorandum nə mədəniyyətlərarası, nə dövlətarası, nə ticari, nə elmi, nə digər əlaqələrlə bağlıdır.  

“Çünki Bakıdan gedən və ya Tehrandan gələn şəxs istənilən halda viza almalıdır, bunun  o müqaviləyə heç bir aidiyyatı yoxdur. Bu memorandum lazımsız bir şey idi və dünyada belə bir norma yoxdur. Ona görə də bu sənəd avtomatik olaraq aradan götürüldü”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir