Modern.az

İlham Əliyev: "Ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin"

İlham Əliyev: "Ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin"

19 Dekabr 2012, 07:42

"Problemlər ola bilər, ancaq bunlar aşkarlanır, biz vaxtında öz fikirlərimizi bildiririk"

“2012-ci il başa çatır. Bütövlükdə, 2012-ci il ölkəmiz üçün həm idman sahəsində, həm də başqa sahələrdə çox uğurlu il olmuşdur. Deyə bilərəm ki, ölkə qarşısında duran bütün əsas vəzifələr bu il də icra edilmişdir. İqtisadiyyatımız uğurla inkişaf etmişdir. Sosial məsələlərin bir çoxu həllini tapmışdır. Uzun illərdir ki, sovet dövründən dondurulmuş vəziyyətdə qalan əmanətlər vətəndaşlara qaytarılmağa başlanmışdır. Yəni, biz bütün sahələrdə inkişafı, yenilikləri görürük”.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 18-də Milli Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekunlarına həsr olunmuş mərasimdəki çıxışında deyib.

Ölkə başçısı bildirib ki, iqtisadiyyat indi daha çox qeyri-neft sektoru hesabına inkişaf edir. İlham Əliyev neft sektorunda hasilatla bağlı bu il müəyyən tənəzzülün olmasına da toxunub:

”Mən bu barədə fikirlərimi, iradlarımı bildirmişdim. Çox şadam ki, artıq neft sahəsində də sabitləşmə dövrü başlamışdır. Bir müddət bundan əvvəl mən bu məsələ ilə bağlı Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə bildirdim ki, ictimaiyyət də bilsin. Bütövlükdə, bu məsələdə dönüş yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan bp şirkəti bu fikirlərə, bu iradlara çox böyük məsuliyyətlə yanaşmışdır. Bu gün səhər bp şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqladı. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu, onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq, doğrudan da, güclü əsaslar üzərində qurulubdur. Gələn ildən başlayaraq iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaqdır. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcəkdir.
Nə üçün mən bu barədə fikirlərimi bildirirəm? Ona görə ki, bu gün bu görüş baş tutdu. Eyni zamanda, ona görə ki, mənim iradlarımdan sonra Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan daxili müxalifət bu məsələni böyük dərəcədə qabarıq şəkildə büruzə verməyə çalışmışdı. Sanki Azərbaycanda neft sənayesində hər hansı bir ciddi problem vardır. Sanki Azərbaycan ilə, SOCAR ilə onun tərəfdaşları arasında hansısa problemlər vardır. Problemlər ola bilər. Ancaq bizim üstünlüyümüz ondan ibarətdir ki, bu problemlər aşkarlanır, biz vaxtında öz fikirlərimizi bildiririk. Tərəfdaşlarımız da iradlarımıza böyük maraqla və böyük məsuliyyətlə yanaşırlar. Sadəcə olaraq, demək istəyirəm ki, bizi istəməyən qüvvələr, daxili qüvvələr, satqınlar, həmin o adamlar ki, idmançılarımızın London Yay Olimpiya Oyunlarında ilk günlərdə qızıl medal əldə edə bilməməsindən sevinən və ondan sonra oyunların yekunlarına görə ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin. Erməni lobbisi, bizi istəməyən, Azərbaycanın uğurlu inkişafını istəməyən xarici qüvvələr sevinməsin”.

Prezidentin sözlərinə görə, gələn il bütövlükdə ölkənin inkişafı üçün çox əlamətdar il olacaq. Çünki gələn il bir neçə nəhəng layihənin təməli qoyulacaq. O layihələr ki, onların hər biri özlüyündə meqalayihədir. O layihələrin icra edilməsi üçün böyük vəsait qoyulacaq. Vəsaitin böyük hissəsi xarici tərəfdaşlar tərəfindən qoyulacaq.

Prezident deyib ki, 2012-ci il Azərbaycan idmançıları üçün çox uğurlu il olub. Belə ki, 2012-ci ildə idmançılar tərəfindən müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazanılıb. Onlardan 255-i qızıl medaldır.
Ölkə başçısı bölgələrdə tikilmiş İdman Olimpiya komplekslərinin sayının 35-ə çatdığını vurğulayıb. O, indi böyük gimnastika komplek, su idman növləri sarayının tikildiyini diqətə çatdırıb.

Ölkə başçısı deyib ki, Azərbaycan ildən-ilə iqtisadi nailiyyətlərlə bütün Avropanı təəccübləndirir. Prezident əminliklə söyləyib ki, Azərbaycan 2015-ci ildə Azərbaycan birinci Avropa Olimpiya Oyunlarını layiqli şəkildə təşkil edəcək.

“Əminəm ki, əlbəttə, bizim ictimaiyyətimiz və ilk növbədə Azərbaycanın idman ictimaiyyəti bu oyunların hazırlanmasında çox fəal rol oynayacaqdır. Biz indi artıq təşkilati məsələlərin həlli ilə məşğuluq. Bu, böyük iş olacaqdır, böyük fədakarlıq, zəhmət tələb edəcəkdir. Ancaq yenə də deyirəm, bizim böyük, mötəbər tədbirlərin keçirilməsində təcrübəmiz yaxşıdır və biz bu təcrübədən istifadə edib ən yaxşı oyunları keçirəcəyik”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir