Modern.az

Şəmsi Bədəlbəylinin mənzilində Brejnevdən lətifələr danışılırmış - “Köhnə ev” layihəsi

Şəmsi Bədəlbəylinin mənzilində Brejnevdən lətifələr danışılırmış - “Köhnə ev” layihəsi

19 Dekabr 2012, 11:27


Bu dəfə mərhum Xalq artisti, aktyor-rejissor Şəmsi Bədəlbəylinin “Köhnə ev”indən danışacağıq. Evi Modern.az-a tanıdan isə onun oğlu Fərhad Bədəlbəylidir: “Mehriban, hazırcavab, heç kimin yanında başını əyməz, çox qürurlu, həm də səbirsiz, emossional, kürlüyü olan insan idi. Evdir də,  elə də olurdu, belə də olurdu, qonaqlı-qaralı... Bir də görürdün ki, atam əsəbiləşirdi, qışqırırdı, tez də əsəbləri soyuyurdu. Əsas o idi ki, ədalətli insan idi”.  

Rejissor olaraq bir çox tamaşalara, filmlərə quruluş verən və aktyor kimi ”Axırıncı aşırım”, ”O qızı tapın ” və s. filmlərdə əvəzsiz obrazlar yaradan Şəmsi müəllim Bədəlbəylilər nəslinin parlaq simalarından idi. Əslən Şuşadan olan, orada doğulub boya-başa çatan Şəmsi Bədəlbəyli bu yerlərin insanlarına məxsus yaradıcılıqla mədəniyyətimizə, teatr səhnəmizə yüksək səviyyədə  xidmət edib. Amma F. Bədəlbəyli ilə söhbətimiz onun yaradıcılığı barədə deyil, atasının köhnə evi haqqındadır.

“Bədəl babam uzun illər keçmiş Sovetski küçəsində yerləşən məktəbin direktoru işləyib. Atam, Əfrasiyab əmim, onların hamısı orada- Sovetskidə yaşayırdılar. Sonra köçüblər Zevin küçəsindəki evimizə və mən orada dünyaya gəlmişəm. Əslində bura İçərişəhər sayılırdı və həyatımız da İçərişəhərlə bağlı idi. “28 may” metrostansiyası yaxınlığındakı evimizə isə 1958-ci ildə köçmüşük. 4 otaqdan ibarət həmin ev atama verilib. Onda camaat çox pis yaşayırdı, evlər az idi. Xoşbəxt insanlardan idik ki, bizə ev vermişdilər. İndi isə həmin evdə mən yaşayıram.

Bəzi insanlar meşşanlıq edib evə vazalar, mal, pul yığırlar. Atam birinci növbədə kitablar yığırdı. Onun evində ən böyük sərvət kitablar və əsasən generalların müharibə haqqındakı memuarları idi. Evimizin qonaqları sırasında Süleyman Rüstəmin, Fikrət Əmirovun, Niyazinin adını çəkmək olar. Ən çox dostluq etdiyi sənət adamları arasında isə Niyazi, Böyükağa Mirzəzadə, Süleyman Rüstəm, Lütfəli Abdullayev idi. Sənət adamları qonaqpərvər olurlar. Bütün pullar demək olar ki, qonaqlara gedirdi. Qonaqlıq onun üçün mühüm məsələ idi. Qapılarımız daim açıq idi. O zamanlar ya bizdə, ya da maestro Niyazinin evində yığışardılar. Atamgil daha çox Niyazinin evində hər konsertdən sonra birlikdə oturub səhər saat 5-ə qədər söhbət, zarafat edir, daha sonra siyasi problemləri müzakirə edirdilər. Birdə görürdün ki, Brejnev haqqında lətifələr danışırdılar. O qədər gülməli, məzəli danışırdılar ki, şaqqanaq çəkib gülməmək mümkün deyildi. Lütfəli Abdullayevin zarafatları xüsusi ilə yadda qalan idi”.

F.Bədəlbəyli söhbətə davam edir: “Atamla bağlı bir xatirə xüsusilə yadda qalıb. Moskvaya qatarla gedirdik. Yemək çox idi, amma çörək az. Gördüm ki, axırıncı balaca tikə qalıb, atdım ağzıma. Atam baxıb dedi ki, “Fərhad, sənin atanam, hər şey sənə qurban. Amma gələcəkdə bir də belə bir şey etmə. Dostla oturursansa, axırıncı tikəni belə, bölüş”. Çox pərt oldum və ağladım. Anam dedi ki, “uşağı niyə pərt edirsən?”. Atam sözünün üstündə dayandı. İndi kiminləsə süfrə arxasında oturanda axırıncı tikəni bölürəm, deyirlər ki, istəmirik, deyirəm, yox, yeməlisiniz.

Bizim evdə bazarlığı anam edirdi. Amma atamın texniki şeylərdən yaxşı başı çıxırdı. Evin bir hissəsində onun əşyaları: çəkic, kəlbətin və s . həmişə olurdu. Lap maqnitofon xarab olurdusa, onu özü təmir edirdi.

Qonşularla da yaxşı münasibəti var idi. Səhərdən axşamacan ya onlar bizdə olardı, ya da biz onlara gedirdik. Qonşumuzun biri univermağın direktoru idi. Çox zəngin bir adam idi. Atam da yaxşı nərd oynayırdı. Həmişə qonşumuza zarafatla deyirdi ki, “gəl bir az nərd oynayaq, heç olmasa səni udaram, bir az pul qazanaram”.

Onun evimizdə xüsusi qoruduğu əşya binokl idi. Çünki sovet dövründə onu almaq üçün min dənə arayış istəyirdilər. Mən də hərdən oğurlayıb baxırdım. Bilirdim ki, əlimdə tutsa, heç nə deməyəcək. Çünki bacılarımdan daha çox mənə yaxın idi. Əfrasiyab əmimin oğlu, eyni zamanda maestro Niyazinin övladı yox idi. Ona görə də mən diqqət mərkəzində olurdum. Həm də musiqi ilə də məşğul idim, sənət bizi bir-birimizə bağlayırdı.

Ailədə də anamla atamın çox gözəl münasibətləri var idi. Onların məşhur zarafatları hələ də yadımdadır. Belə bir hadisə olmuşdu ki, o zarafata çevrilçişdi: atamın ürəyi zəif idi. Görür ki, gecə ürəyi möhkəm döyünür, anama deyir ki, Leyla, deyəsən, mən gedirəm. O da deyir ki, əşi saat üçdür, hara gedirsən...”.

Bax belə, bu da bir “Köhnə ev” sahibi haqda xatirə...

Şahanə Rəhimli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?