Modern.az

Çöhrəqanlı: “icazə verilsə də, verilməsə də Bakıya gedirəm”

Çöhrəqanlı: “icazə verilsə də, verilməsə də Bakıya gedirəm”

20 Dekabr 2012, 10:15

Güney Azərbaycan Milli Oyanış Hərəkatının ABŞ-da mühacirətdə olan lideri Mahmudəli Çöhrəqanlı ona qarşı qüvvədə olan yasaqlara baxmayaraq icazə verilsə də, verilməsə də yaxın həftələrdə Azərbaycana getməkdə qararlıdır.

Modern.az-ın məlumatına görə, BBC Azərbaycancaya müsahibəsində Çöhrəqanlı bildirib ki, bir müddət əvvəl millət vəkili Sabir Rüstəmxanlı prezident İlham Əliyevə müraciət edərək ondan bu səfərin baş tutmasına razılıq verməsini xahiş edib.

"Müraciətə cavab verilib-verilməyəcəyini bilmirəm. Amma nə olursa-olsun - məktuba cavab gəlsə də, gəlməsə də bölgəmizin ən həssas və tarixi mərhələsində vəzifəmi yerinə yetirmək üçün Azərbaycana getməliyəm" - Mahmudəli Çöhrəqanlı deyib

Milli Məclisin üzvü Sabir Rüstəmxanlı Mahmudəli Çöhrəqanlının üzərindən Azərbaycana gəlmə qadağasının götürülməsi ilə bağlı prezident İlham Əliyevə müraciət etdiyini təsdiqləyib.

O, İlham Əliyevə ilk müraciətini hələ bu ilin noyabrında Çöhrəqanlının Bakıya gözlənilən səfəri ərəfəsində edib.

”öhrəqanlı Milliyyətçi Hərəkat Partiyasının Ankarada keçiriləcək qurultayında iştirak etdikdən sonra Bakıya gələcəkdi. Lakin onun İstanbul hava limanından deportasiya olunması səbəbindən Bakı səfəri reallaşmadı" – deyə S.rüstəmxanlı bildirib.

Prezident İlham Əliyevdən hələ müsbət cavab almadığını deyən Sabir Rüstəmxanlı Azərbaycan rəhbərliyinə bununla bağlı yenidən müraciət edəcəyini bildirib.

Onun sözlərinə görə, Dünya Azərbaycanlıları Konqresinin Bakıda keçiriləcək qurultayında Çöhrəqanlı qurumun Məşvərət Şurasının sədri kimi mütləq iştirak etməlidir.

Qurultayın tarixi 2013-cü ilin yanvarında Almaniyanın Frankfurt şəhərində Çöhrəqanlının iştirakı ilə keçiriləcək toplantıda dəqiqləşdiriləcək.

"Güman edirəm ki, Mahmudəli Çöhrəqanlının Azərbaycana gəlib-getməsində hər hansı problem olmamalıdır" deputat bildirib.

Sabir Rüstəmxanlı Çöhrəqanlıya qarşı yasağın qüvvədə qalmasında İran hakimiyyətini günahkar bilib. O bildirib ki rəsmi Tehran bu məsələdə Azərbaycana təzyiq göstərir.

Mahmudəli Çöhrəqanlı Azərbaycanda sonuncu dəfə 2006-cı ilin iyununda olub.

O zaman Türkiyədə səfərdə olan cənab Çöhrəqanlı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən Azərbaycana deportasiya edilib.

Bakıda isə o bir neçə görüş keçirdikdən sonra polis qüvvələri tərəfindən ölkədən çıxarılıb. Onu Bakı-Nyu-York təyyarə reysi ilə ABŞ-a yola salıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?