Modern.az

Yazıçı Anardan Ramiz Mehdiyevə şikayət edən alim Modern.az-a danışdı

Yazıçı Anardan Ramiz Mehdiyevə şikayət edən alim Modern.az-a danışdı

20 Dekabr 2012, 10:26

 “Mənim Prezident Administrasiyasına yazdığım məktub Anarın dediyi kimi, donos deyil”

Bu yaxınlarda təqdimat mərasimi olan Mirzə Fətəli Axundov barəsindəki “Sübhün səfiri” filminin ssenarisi Şərqşünaslıq İnstitutunun elmi işçisi Solmaz Rüstəmova Tohidi tərəfindən  kəskin tənqidlə qarşılanıb. Solmaz Rüstəmova Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə filmin ssenarisi ilə bağlı məktub yazaraq bildirib ki, ssenaridə ciddi tarixi səhvlər var. 
Qeyd edək ki, “Sübhün səfiri” filminin ssenarisini Azərbaycan Yazıçılar Birliyinin sədri Anar  yazıb. Anar bu günlərdə kulis.az dərgisinə müsahibəsində deyib ki, onun ssenarisindən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə donos yazıblar. Lakin yazıçı donos yazan şəxsin kimliyini açıqlamayıb.
Modern.az saytı Anarın nəzərdə tutduğu şəxsin Solmaz Rüstəmova olduğunu dəqiqləşdirib.
Məsələ ilə bağlı Modern.az-ın müxbiri şərqşünas Solmaz Rüstəmova Tohidiyə bir neçə sual ünvanlayıb:

- Bu günlərdə yazıçı Anar mətbuata müsahibəsində bildirmişdi ki, yenicə təqdimatı olan filimlə bağlı donos yazılıb. Hədəf siz deyildinizki?

- O necə danos ola bilər? Məktub Ramiz Mehdiyevə yazılıb, adım var, özümü də tanıyır. Ona donos yazmaq olar? Mehdiyev üstünə dərkənar qoyub ki, ciddi nəzarətə götürülsün. Ondan sonra həmin məktub Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Nazirlik onun əsasında müzakirələr keçirib və filmin istehsalını keçən yay saxlayıb. Həm kinostudiyada, həm də nazirlikdə böyük iclaslar keçirdilər. Kino işləri üzrə müavin Cahangir Məmmədov bununla bağlı mənimlə danışıb və tamamilə razılaşıb. Onlar  məndən də çox qeydlər ediblər. Böyük bir siyahı hazırlayıb kinostudiyaya veriblər. Çağırıblar oranın direktorunu ki, “get ssenarini düzəlt, yoxsa filmi təsdiq etməyəcəyik”. Onlar da sonra nə ediblər, nə etməyiblər... Nazirlik də onların başının üstündə durası deyil ki. Mənə də dedilər ki, pul ayrılıb, yubiley qurtarıb, bunlar onsuz da gecikib. Öz aramızda söhbət var idi ki, saxlasınlar, ssenarini dəyişsinlər. Sonra fikirləşdilər ki, artıq mümkün deyil, proses başlayıb, kino çəkilir, nə qədər pul xərclənib. Onlara deyiblər ki, nöqsanlarla bağlı qeydləri nəzərə alın. Qarşı tərəf də deyib ki, almırıq. Məktub ona görə rezonans doğurub ki,  Ramiz Mehdiyevə ünvanlanıb. O da sağ olsun ki, götürüb yazdı ki, ciddi nəzarətə götürülsün. Nəzarətə götürülüb ki, nazirliyə gedib çıxıb. Mən donos-filan yazan adam deyiləm və kifayət qədər imzama hörmət edirəm.

Anar öyrənib ziyalılarımızın donos yazmaqla məşğul olmasına. Bu barədə haçansa Zərdabinin sözü olub. Onu Üzeyir Hacıbəyov filmində də yazıb. Axundovda da Zərdabinin dilindən verib.

- Sizcə Anar daha çox hansı tarixi səhvləri edib ki, məktub yazmağa məcbur olmusunuz?

 - Bu Anarın səhvi məsələsi deyil. Axundova olan münasibətdir, ona olan konseptual baxışdır. Anar  götürüb nə istəsə yazıb verə bilər. Dövlət sifariş verir, film çəkir, yubiley keçirir. Filmə milyonlar baxır, Axundovu gətirib o günə qoymaq nəyə lazımdır. Filmə baxmamışam.

- Həm şərqşünas, iranşünas həm də Axundovşünassınız?

- Mən tarixçi aliməm, bizdə alim deyəndə elə bilirlər ki, tək dissertasiyasını nədən yazıb onun da mütəxəssisidir. Biz bu yaşa gəlmişik, 19-20-ci əsrlər üzrə Azərbaycan, Qafqaz, Türkiyə tarixinin professional tarixçisiyik. Axundovu da hamı bilir. Məgər təkcə Anar Axundovdan tədqiqat aparıb? Mən də tədqiqat aparmışam. Axundov Azərbaycanda modernləşmənin başında duran adamdır. Azərbaycan xalqı Axundovdan başlayır. Ən azı Axundovu Anardan pis tanımıram. O film Axundovun deyil,  Anarın haqqındadır. Filmi özü haqqında çəkib. Bu adam öz düşüncəsini, öz görüşünü, xalqa münasibətini ortalığa qoyub. Hesab edir ki, ona qiymət qoyulmur, bunu gətirib Axundovun təqdimatında göstərib.

- Yazıçı Çingiz Hüseynov da “Fətəli fəthi” romanında da "Sübhün səfiri" ssenarisi ilə oxşar məqamlar var. Məsələn, Bakıxanovla Axundovun dialoqu. Bəs nə əcəb o zaman da öz etirazınızı bildirmədiniz?

- Çingiz Hüseynov roman yazıb. Bu isə filimdir. Orada çoxlu tarixi səhvlər var. Film yalnız onun üzərində qurulub ki, xalq Axundova nifrət edir. Soruşun ki, filimə baxan başa düşürmü nəyə görə Axundova nifrət edir? O qədər primitiv, Axundovu məhv edən ssenaridir ki, filmə kim baxıbsa, gəlib həmin sözləri deyib. Şəxsən mən özüm filmə baxmamışam, sadəcə ssenaridən danışıram.     

Şahanə RƏHİMLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı