Modern.az

İctimai Palatanın bəyanatına söz ardı

İctimai Palatanın bəyanatına söz ardı

21 Dekabr 2012, 15:51

Hikmət Babaoğlu,
«Yeni Azərbaycan» qəzetinin Baş redaktoru

Yaxud AXCP və Müsavat doğrudan da siyasi partiyadırmı?

2013-cü ildə keçiriləcək prezident seçkilərinə artıq bir ildən də az vaxt qalır. Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da belə bir əhəmiyyətli mərhələdə müxtəlif siyasi ambisiyaları və siyasi iddiaları olan ayrı-ayrı qrupların, siyasi təşkilatların və demokratiyanın bərqərar olmasında maraqlı olan hər bir vətəndaşın mövqeyində fəallaşmanın müşahidə edilməsi olduqca normal bir haldır. Ancaq bu fəallaşma o zaman ictimai əhəmiyyətli olur ki, o, ölkədaxili ictimai-siyasi əhval-ruhiyyəni özündə əks etdirməklə milli maraqlara və dövlətçilik maraqlarına istiqamətlənmiş olsun və ölkədə mövcud olan ictimai-siyasi ahəngdarlığı qorumaqla sözün həqiqi mənasında cəmiyyətin demokratikləşməsinə xidmət etmiş olsun. Bu, həqiqi demokratik cəmiyyətlərdə təzahür etməsi lazım olan, hətta vacib olan bir keyfiyyət olmalıdır.

DEMOKRATİYANI EYBƏCƏRLƏŞDİRMƏK OLMAZ

Ancaq çox təəssüf ki, uzun illərdir Azərbaycanda demokratik inkişafın yolunda əngələ çevrilmiş bir qrup anarxist meyilli insan hər dəfə demokratiyanı bu və ya digər şəkildə istismar etməklə, özlərinin fərdi və korporativ maraqları istiqamətində yönəltməklə, öz fərdi siyasi məqsədlərinə alət etməklə onu eybəcərləşdirirlər. Hesab etmək olar ki, bu, Azərbaycanda demokratiyanın inkişafına vurulan ən böyük zərbədir. Çox təəssüf ki, belə qruplar əsas etibarilə özlərini siyasi partiya adlandırmaqla ölkədaxili aktorlardan biri kimi cəmiyyətə təqdim etməyə çalışırlar. Ancaq onların fəaliyyətini kənardan müşahidə edən və doğrudan da, ölkədə demokratiyanın olmasında maraqlı olan hər bir şüurlu şəxs bu qrupları heç bir şəkildə nə siyasi partiya kimi səciyyələndirə bilir, nə də onların Azərbaycan cəmiyyətində siyasi mövqeyini və rolunu müəyyənləşdirə bilir. Çünki bu qrupların fəaliyyəti heç bir halda politoloji elmin nə qiymətləndirmə kriteriyalarına, nə də onun nəzəri-empirik izahatına uyğun gəlmir. Siyasətlə az-çox məşğul olan hər kəs bilir ki, ilk növbədə, siyasi partiya müəyyən ideologiyanın və dünyaya, insana xüsusi baxışın daşıyıcısı olmalıdır. İkinci keyfiyyət odur ki, siyasi partiya insanların təşkilatlanmış birliyi kimi cəmiyyət tərəfindən qəbul edilməlidir, müəyyən siyasi qüvvələrin maraqlarının müdafiəçisi olmalıdır və ən əsası, konkret siyasi ideologiyanın daşıyıcısı olmaqla, onu təbliğ etməklə və həmin siyasi ideologiyanı məhz yerli şəraitə, milli-mənəvi dəyərlərə uyğunlaşdıraraq təqdim etməklə özünə tərəfdar toplamalıdır, insanları təşkilatlandırmalıdır. Beləliklə, siyasi partiya cəmiyyətdə siyasi mənəviyyat, siyasi əxlaq, siyasi dəyərlər sistemi formalaşdırmalıdır. Bu, o səviyyədə olmalıdır ki, növbəti mərhələdə hakimiyyətə iddia edən siyasi partiya hətta öz yaratdığı və qəbul etdiyi dəyərlərin çərçivəsindən kənara çıxa bilməsin. Çünki o dəyərlər ictimailəşirsə, xalq tərəfindən qəbul edilirsə, partiya da müəyyən siyasi qəlibə oturuşmuş olur. Beləliklə də, siyasi partiya ilə vətəndaş cəmiyyəti üzvləri arasında qarşılıqlı məsuliyyət və bir növ qarşılıqlı asılılıq yaranır. Bu isə elə siyasi sistemin keyfiyyətini şərtləndirir.

MÜSAVATÇILIQ İ.QƏMBƏRİN İSTİSMAR ALƏTİNƏ ÇEVRİLİB

Amma çox təəssüf ki, Azərbaycanda Yeni Azərbaycan Partiyası istisna olmaqla heç bir siyasi partiyanın fəaliyyətində bu halları müşahidə etmirik, o cümlədən, tez-tez özünü Azərbaycanın ən aparıcı müxalifət partiyası kimi təqdim etməyə çalışan AXCP-nin və Müsavat Partiyasının fəaliyyətində heç görmürük. Bu partiyalardan biri Azərbaycan ictimai fikir tarixinin bir həlqəsi olan və XX əsrin əvvəllərində Azərbaycan xalqının inkişafına xidmət etmiş müsavatçılıq ideologiyasını istismar edir, öz siyasi kapitalı kimi xərcləyir, lakin buna heç bir mənəvi, siyasi haqqı, heç bir vərəsəlik hüququ da yoxdur. İkincisi isə 1988-1990-cı illərdə yenə Azərbaycan xalqının xalq hərəkatı dövründə əldə olunan siyasi kapitalı eybəcər şəkildə istismar edir və o hərəkatın siyasi kapitalının kölgəsində siyasi karyera qurmağa çalışır. Bu iki partiyanın Azərbaycan siyasi sistemində əsas səciyyəvi xüsusiyyətlərindən biri də onların ölkədaxili təzyiq qrupu kimi anti-azərbaycançı mərkəzlər tərəfindən fəal istifadə olunmasından ibarətdir.

Məsələ ondadır ki, Azərbaycanın siyasi palitrasını formalaşdıran Azərbaycan xalqının siyasi şüuru bunun fərqindədir. Ona görə də, adlarını çəkdiyimiz partiyalar 1993-cü ildən bu günə qədər keçirilən seçkilərdə heç bir halda kiçicik bir uğur və nailiyyət əldə edə bilməyiblər.

AZƏRBAYCANDA SİYASİ ŞÜUR OBYEKTİV QİYMƏTLƏNDİRMƏ KRİTERİYALARINA SAHİBDİR 

Siyasi şüur ictimai şüurun bir forması olmaqla özündə olduqca maraqlı nüansları ehtiva edir. Azərbaycanda siyasi şüurun özünəməxsus və obyektiv qiymətləndirmə kriteriyaları formalaşıb. Azərbaycan siyasi sistemini dərindən təhlil etməyi bacaran hər bir analitik təfəkkür sahibi bunun fərqindədir. İlk baxışda, bəlkə bu belə görünmür, amma Azərbaycan milli sosial psixologiyasını dərindən bilənlər Azərbaycan vətəndaşlarının şüuraltı hafizə etibarilə tarixən həmişə dövlətçiliyin daşıyıcısı olduğunu bilirlər. Əksər hallarda bu proses açıq şəkildə, müəyyən mərhələlərdə isə gizli şəkildə baş verir. Heç bir halda, leqal, yaxud illeqal dövrlərdə siyasi aktiv azərbaycanlı bu keyfiyyətini itirməyib, həmişə dövlətçiliyin daşıyıcısı olub. Ona görə də, bunun fərqində olmayan qüvvələr hesab edirlər ki, bu və ya digər xarici ölkədən qrant almaqla, demokratiya kimi ali bir dəyəri istismar etməklə Azərbaycan xalqını aldatmaq olar. Bu yalana ən çox inanan da AXCP və Müsavat Partiyasıdır. Bu, bəlkə bir təzaddır, amma həm də qanunauyğunluqdur ki, bu yalana inanan ikinci tərəf də var. Bu isə Azərbaycana bəzəkli məcməyinin içərisinə qoyulmuş tort kimi baxan bəzi xarici qüvvələrdir. Onların başında isə ayrı-ayrı Qərb ölkələrinin anti-azərbaycançı mərkəzləri durur. Həmin ölkələrin bəzi dairələri, əslində, bu imperializmə xidmət edən mərkəzlərdir və onların Azərbaycandakı nümayəndəlikləri də istismarçı neoimperializmə xidmət edən özünəməxsus mexanizmlərdir, rıçaqlardır. Ancaq Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, bu iki tərəfdən başqa heç kəs bu yalana inanmır, orta statistik azərbaycanlı ölkəmizdə və dünyada baş verən hadisələri düzgün təhlil edir, seçki qutusunun başında düzgün qərar qəbul edir, bütün bunlarla yanaşı, ölkədaxili təzyiq qrupu kimi formalaşdırılan, ancaq özlərini siyasi partiya kimi təqdim edənləri də yeri gəldikcə ittiham etməyi bacarır. Ona görə də, yaxşı olardı ki, istər “beşinci kolon”un nümayəndələri, istərsə də onların direktiv verənləri bunu nəzərə alsınlar.

AXCP VƏ “MÜSAVATSİYASİ PARTİYA DEYİL, ÖLKƏDAXİLİ TƏZYİQ QRUPLARIDIR 

Siyasi partiyaların fəaliyyətinə funksional meyarlarla yanaşsaq, görərik ki, siyasi partiyaların funksiyalarından biri də ictimai-siyasi inkişafın strategiyasını hazırlamaq, siyasi sistemin ümumi prinsiplərini formalaşdırmaq və həyata keçirmək, böyük sosial qrupların maraqlarını üzə çıxarmaq, onları fəallaşdırmaq və konkret ideologiya ətrafında birləşdirərək millətin və dövlətin inkişafını təmin etməkdir. Bu gün Azərbaycanda hakimiyyətə iddialı olan AXCP və Müsavat Rartiyası isə heç bir halda bu işlərlə məşğul olmurlar. Son dövrlərdə baş verən proseslər isə bir daha onu göstərdi ki, bu partiyalar sadəcə beynəlxalq aləmdə fəaliyyət göstərən anti-azərbaycançı mərkəzlərin yerlərdəki təzyiq qrupları funksiyasını yerinə yetirirlər. 2013-cü il prezident seçkiləri ərəfəsində də onların fəallaşması bir daha bunu sübut edir.

İP İDXAL EDİLMİŞ ZƏRƏRLİ İCTİMAİ MƏHSULDUR 

Əslində, bir müddət öncə Azərbaycan ictimai, siyasi fikrinin məhsulu olmayan İctimai Palata adlandırılan amorf bir qurumun yaradılması və bu idxal edilmiş yarımçıq ictimai institutun Azərbaycanda formalaşdırılması, ölkəmizdə demokratiyanın inkişafına çox böyük zərbə idi. Əgər bir ölkədə siyasi sistem varsa, 40-dan artıq siyasi partiya fəaliyyət göstərirsə, bir ölkənin parlamentində 11-dən artıq partiyanın nümayəndəsi təmsil olunursa, bir ölkənin yerli idarəetmə orqanlarında daha çox siyasi partiyanın nümayəndəsi təmsil olunursa, deməli, bu ölkədə demokratik siyasi sistem var. Ona görə də, İctimai Palata anti-azərbaycançı mərkəzlərin Azərbaycana ixrac etdiyi yad ünsür olduğu üçün Azərbaycanda təşəkkül tapa bilmədi. Çünki sistemin özü bir tamdır, yad ünsürü qəbul etmir, bu sistem daxilindəki impulslarla hərəkətə gəlir, sistemdaxili dinamiklər isə onun əsas generatorudur. Bir də bu sistemə xaricdən impulslar ötürülür. Mükəmməl sistem xaricdən gələn impulsları rədd edir, İctimai Palatanı rədd etdiyi kimi.

Uzun müddətdir ki, Azərbaycan ictimai fikrini məşğul etməyə çalışan, əslində, heç bir proqressiv, rasional məqsədi olmayan, demokratiyanın yolunda bir əngələ çevrilən bu ictimai qurumun nəhayət, ölkədə hakimiyyətə təzyiq qrupu kimi xalis anti-azərbaycançı mərkəzlər tərəfindən təşkil olunduğu ifşa edildi. Son vaxtlar artıq bir neçə dəfədir ki, İctimai Palatanın üzvləri ayrı-ayrı ölkələrin səfirləri ilə görüşür. Azərbaycan ictimaiyyəti bundan xəbərdardır. Belə görüşlərdə onlara qrantlar ayrılır, onların üzərinə həm iqtisadi, həm mənəvi, həm də ümummilli problemimiz olan Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli maraqlarına zidd olan öhdəçiliklər qoyulur. Çox təəssüf ki, bir sıra hallarda İctimai Palatanın ayrı-ayrı üzvləri bu cür təkliflərə etiraz etmirlər.

İKİ SİYASİ PARTİYA (yaxud daha çox) BİR İCTİMAİ TƏŞKİLATA SIĞINIRSA, ONLARI SİYASİ PARTİYA ADLANDIRMAQ OLMAZ 

Özünü ölkənin iki aparıcı siyasi partiyası hesab edən AXCP və Müsavat Partiyası bir ictimai təşkilatda birləşiblərsə və öz namizədlərini oradan irəli sürürlərsə, hər bir Azərbaycan vətəndaşında belə bir sual yaranır: əgər belədirsə, biz AXCP və “Müsavat”a partiya deyə bilərikmi? Bir ictimai təşkilatın çətiri altında birləşib siyasi fəaliyyət aparmaq, siyasi partiya əxlaqı baxımından, yaxud siyasi partiya meyarı baxımından doğrudurmu, mümkündürmü? Əsla mümkün deyil. Əslində, İctimai Palatanın çətirinin altına daxil olmaları bir daha uzun müddətdir ki, Azərbaycan cəmiyyətində yer almış fikrin sübutudur ki, onlar partiya deyillər.

Çox maraqlıdır ki, dekabr ayının 18-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın bəzi müxalifət partiyalarının rəhbərləri ilə yenidən növbəti - dördüncü görüşü olub. Ümumiyyətlə, son dövrlərdə ayrı-ayrı xarici nümayəndələrə diqqət etsək görərik ki, bu görüşdə iştirak edən “müxalifətçilər” Azərbaycanın milli maraqlarına zidd olan təkliflərə etiraz etməyən müxalifətçilərdir. Çünki müqayisə nəticəsində ortaya çıxır ki, əvvəlki görüşlərdə daha çox sayda müxalifət partiyasının rəhbərləri iştirak edirdi. Görüşün belə bir dar və məhdud çərçivədə keçirilməsi onun göstəricisidir ki, anti-azərbaycançı mərkəzlərin milli və dövlətçilik maraqlarımıza zidd olan tələblərinə etiraz etməyən, bununla razılaşan qüvvələrin belə bir görüşü keçirilib. Bu, Azərbaycanda demokratiyanı boğmaq istiqamətində və həqiqi demokratiya yerinə istismarçı anarxist demokratiya gətirmək istəyənlərin görüşü kimi də səciyyələndirilə bilər. İlk növbədə, bu görüşün keçirilməsi və 2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkədaxili təzyiq qruplarına, yaxud “beşinci kolon”un üzvlərinə direktivlərin verilməsi, birincisi, demokratik prinsiplərə ziddir, ikincisi, Qərbin mənimsədiyi siyasi əxlaqi dəyərlərə ziddir, üçüncüsü, beynəlxalq münasibətlər anlayışına, beynəlxalq hüquqa və adi insani əxlaqa ziddir.

AXCP və “Müsavat” o qədər mağmun və qeyri-təşəbbüskar bir qrupdur ki, onların özləri ölkədə baş verən prosesləri təhlil edib özləri üçün seçki strategiyası müəyyənləşdirə bilmirlər. Çox qəribədir ki, məhz bu “strategiya” Riçard Morninqstarla görüşdən sonra ortaya çıxır. Görüşdən bir neçə gün sonra dərhal İctimai Palata bəyanat yayır. Bəyanatın hansı ictimai rezonansı doğuracağı əvvəlcədən məlum olduğu üçün İctimai Palatanın prezident seçkiləri ilə bağlı qəbul etdiyi bəyanatın geniş preambula hissəsində bir növ sonra deyiləcək fikirlərə bəraət qazandırılır, izahat verilməyə çalışılır ki, onlar nə üçün bu qərarı qəbul edirlər. Çünki özləri də yaxşı bilirlər ki, bəyanatda səsləndirilən fikirlər Azərbaycan ictimai şüurunun məhsulu deyil. Onlar hesab edirlər ki, iki və ya daha çox namizəd ola bilər və İctimai Palata 2013-cü il prezident seçkilərinə hələlik iki namizədlə gedir, sonra daha çox namizəd ola bilər. Seçkilərin ikinci mərhələsində isə guya həmin iki namizəd artıq bir namizədlə əvəz edilərək əsas namizədə alternativ ola bilər.

Ümumiyyətlə, Şərq mentalitetində, siyasi şüurunda və demokratiyasında, eyni zamanda, Azərbaycan demokratiyasında İctimai Palataya sırınan neoliberal əsaslı, seçki texnologiyası qəbul edilmir. Çünki şərqlinin özü, təfəkkürü bütöv olduğu üçün mövqeyi də bütöv olur. Sıravi azərbaycanlı siyasi təfəkkür etibarilə də əxlaqı kimi, mənəviyyatı kimi bütövdür və mövqeyini qəti bildirməyi xoşlayır. Bu cür hadisələr onu göstərir ki, AXCP və “Müsavat” potensial Azərbaycan seçicisinin hansı siyasi şüurun, siyasi əxlaqın və dəyərin daşıyıcısı olduğunu müəyyənləşdirə bilməyib. Ona görə də, bunlar xaricdən aldıqları direktivlərlə hərəkət edirlər. Əlbəttə ki, bu cür yanlış qərarlar onları məğlubiyyətə götürəcək.

AXCP-MÜSAVAT CÜTLÜYÜNÜN XARİCİ TƏMSILÇILƏRLƏ TRAGİKOMİK OYUNU 

Ən tragikomik məsələ isə odur ki, İ.Qəmbərlə Ə.Kərimli elə bilir ki, onlar seçkidə, həqiqətən, dəstəklənəcəklər. Ancaq əslində, bu görüşlərin məqsədi ondan ibarətdir ki, Xocalı aeroportunun açılmasında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycan hakimiyyətinə qarşı müxalifətdən bir təzyiq vasitəsi kimi istifadə edilsin. Yoxsa hər kəs yəqin bilir ki, bütün demokratik ölkələrdə seçkilərin taleyini xalq həll edir. Azərbaycanda da bunun belə olduğunu Qərb dairələri də yaxşı bilirlər. Ona görə də hansı siyasi güclə əməkdaşlıq edəcəklərini çoxdan müəyyənləşdiriblər. Bu güc əlbəttə, Azərbaycan xalqının siyasi iradəsinin təmsilçisi olan rasional-leqal hakimiyyətdir, başqa sözlə, indiki hakimiyyətdir. Belə olan halda, ya İ.Qəmbər və Ə.Kərimli iqtidara qarşı, əslində isə milli maraqlarımıza qarşı təzyiq rıçaqları olduqlarını etiraf edib siyasətdən çəkilməli, ya da bilmədən yanlış yola düşdüklərinə görə xalqdan üzr istəyib bir də səhv etməyəcəklərinə söz verməlidir.

NAMİZƏDLİYƏ NAMİZƏDLƏRİN NAMİZƏDLİYİ TƏRCÜMƏ SƏHVİDİR, YOXSA SİYASİ MƏNTİQSİZLİK?

Bəyanatda deyilir ki, namizədliyə namizədlərin namizədliyi müzakirə olunur. Bu qədər məntiqsiz və qeyri-müəyyən ifadə ola bilərmi? Eyni zamanda, İP-in prezident seçkiləri ilə bağlı aldığı qərarda qeyd olunur ki, bu, hələlik, ilkin qərardır, növbəti qərar seçkilər prosesinin növbəti mərhələsində veriləcək. Bu isə o deməkdir ki, növbəti qərarla bağlı direktiv nə olacaqsa, o direktiv əsasında da fəaliyyəti davam etdirəcəklər. Belə olan halda maraqlı bir sual ortaya çıxır: bəs, demokratiya harada qaldı? Axı demokratiya demosun - xalqın hakimiyyətidir, demokratiya hansısa bir ölkənin hansısa rəsmi, yaxud qeyri-rəsmi nümayəndəsinin hakimiyyəti deyil. Demokratiya xalqın seçim hüququdur, hansısa bir ölkənin səfiri əsla o ölkənin vətəndaşlarına direktiv verə bilməz, oranın vətəndaşlarının iradəsinin təmsilçisi ola bilməz. Məsələn, ABŞ-da keçirilən sonuncu prezident seçkilərində ATƏT-in müşahidəçilərini bu ölkə qəbul etmədi. ABŞ-da keçirilən prezident seçkilərini müşahidə etmək üçün ayrılmış ATƏT-in nümayəndələrinə Texas ştatının prokuroru Con Ebbot tərəfindən xəbərdarlıq edildi. O, tələb etdi ki, ilk növbədə müşahidəçilər yerli seçki qanunvericiliyinə uyğun fəaliyyət göstərmələri barədə sənəd təqdim etməlidirlər. Bununla yanaşı, qeyd etdi ki, ABŞ kənardan gələn qruplara və ayrı-ayrı şəxslərə Texasda seçki prosesinə müdaxilə etməyə imkan verməyəcəkdir. Belə olan halda, Azərbaycan demokratiyası niyə icazə verməlidir ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə kənardan müdaxilə edilsin, hansısa təmsilçi kimin iştirak edib-etməyəcəyini müəyyənləşdirsin və onlara növbəti fəaliyyətləri ilə bağlı müvafiq direktiv versin? Məsələ belə olduqda, yadıma çox məşhur bir siyasətçinin (adını bilərəkdən çəkmirik - H.B.) məşhur bir kəlamı düşür. O, demişdi ki, “demokratiya gücün əmridir”. Ona görə də, Azərbaycanda olan bəzi xarici təmsilçilər məsələni aydınlaşdırmalıdırlar və Azərbaycan ictimaiyyətinə izahat verməlidirlər. Ya onlar demokratiyanı özlərinin əmri kimi düşünürlər, özlərini güc hesab edərək, demokratiyanı da öz əmrləri hesab edirlər, ya da isbat etməlidirlər ki, onlar əsla belə düşünmürlər, onlar həqiqi demokratdırlar. Məncə, bu gün Azərbaycan cəmiyyətində cavabını gözləyən suallardan biri də budur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı