Modern.az

Deputat: “Bəzi bələdiyyə üzvləri öz səlahiyyətlərini bilmirlər”

Deputat: “Bəzi bələdiyyə üzvləri öz səlahiyyətlərini bilmirlər”

Parlament

23 Fevral 2010, 15:10

Modern.az xəbər verir ki, bu gün Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub. Müzakirə zamanı deputat Qənirə Paşayeva bildirib ki, bələdiyyə üzvü olan qadınların 26 faiz təşkil etməsi ölkəmiz üçün də ən vacib məsələdir. Onun sözlərinə görə, qadınların və gənclərin bələdiyyələrdə çox təmsil olunması onların siyasi həyatda rolunun gücləndirilməsi ilə bağlıdır: "Mənə elə gəlir ki, həm qadınların, həm də gənclərin bələdiyyədə rolunun artması bölgələrimizin inkişafına da müsbət təsirini göstərəcək". Q.Paşayevanın fikrincə, bu gün bələdiyyə üzvlərinin maarifləndirilməsinə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi daha çox diqqət verməlidir: "Bəzi bələdiyyə üzvləri öz səlahiyyətlərinin nədən ibarət olduğunu belə bilmirlər. Nəticədə ortaya çıxan problemlərin əziyyətini isə sadə insanlar çəkirlər. Buna görə maarifləndirmə işlərini həddindən artıq genişləndirmək lazımdır". Deputat deyib ki, bələdiyyə torpaqlarının hərraca çıxarılması ilə bağlı problem var. "Torpaqların hərraca çıxarılması ilə bağlı bələdiyyələrin hüquq və vəzifələri sahəsində problemlər daha çox hiss olunur. Ona görə bələdiyyələr öz hüquq və vəzifələrini normal yerinə yetirməlidirlər ki, insanların problemlərinin həllinə nail olunsun",- deyə millət vəkili vurğulayıb. Q.Paşayeva deyib ki, bələdiyyələrin müstəqilliyi məsələsini həll etmək üçün icra strukturları ilə bələdiyyələrin fəaliyyət bölgülərinin konkretləşdirilməsinə ehtiyac var.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi