Modern.az

Çingiz Abdullayev: “Prezident oxucumdur”

Çingiz Abdullayev: “Prezident oxucumdur”

29 Dekabr 2012, 18:26


Müsbət Dəyişiklik gənclər hərəkatı detektiv əsərləri ilə bütün dünyada tanınan Azərbaycanlı yazıçı Çingiz Abdullayevlə gənclərin görüşünü təşkil edib. Modern.az saytı xəbər verir ki, tədbir dekabrın 28-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında keçirilib.

Yazıçının Azərbaycan dilinə tərcümə edilmiş və yenicə çapdan çıxmış “Sutenyorun qəlbi” kitabının təqdimatına həsr olunmuş görüşdə əsəri tərcümə etmiş Təbəssüm Muxtarova, yazıçı Natiq Hüseynzadə, Yazıçılar Birliyinin digər əməkdaşları,çoxsaylı oxucular və gənclər iştirak edib.

Yazıçı və tərcüməçi kitabın yazılma prosesi, sujet xətti və tərcümə ideyasının reallaşdırılması barədə məlumat verərkən Çingiz Abdullayev kitablarının bəzilərinin tərcümə çətinliyindən bəhs edərək, kitabı öz təşəbbüssü ilə tərcümə etdiyi üçün Təbəssüm Muxtarovaya təşəkkür edib.

Bundan əlavə,yazıçı bütün əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı nəşriyyatlardan biri ilə müqavilə bağlandığını qeyd edib.
Daha sonra gənclərin və digər iştirakçıların suallarını cavablandırarkən Çingiz Abdullayevin bölüşdüyü xatirələr iştirakçıların böyük marağına səbəb olub. Yazıçı 2003-cü il prezident seçkiləri zamanı prezidentliyə iddialı olan iki namizədin müxtəlif ölkələrdən ona zəng edərək kitablarında həmin ölkələrlə bağlı yazılan məlumatların doğruluğunu yoxladıqlarını
dediklərindən bəhs edib. Prezident İlham Əliyevin ona Belçikadan, İsa Qəmbərin isə Yaponiyadan zəng etdiyini deyən yazıçı, namizədlərin hər ikisindən “Əgər prezident seçilsəniz, prezident mənim oxucumdur deyə bilərəmmi” soruşduğunu, Prezident İlham Əliyevin “Bəli, oxuyucunuzam”, İsa Qəmbərin isə “Oxucu yox, pərəstişkarınızam” cavabı verdiklərini qeyd edib.

Eyni zamanda bir çox məsələlərə də münasibət bildirən yazıçı Azərbaycan cəmiyyətində olan mənəvi problemlərdən danışıb.
“Biz müstəqillik qazandıqdan sonra vicdanla yaşaya bilməyəcəyimizi anladıq. Vicdansız həyat tərzi sürməyi seçdik. Son illərdə artıq əxlaqsız yaşam tərzini də özümüzə aşıladıq. Bugünkü cəmiyyətdə bunları qəbul edə bilmədiyimə görə prokuror yox, yazıçı oldum”. 
Sonda yazıçı oxucularının kitablarını imzalayıb və onlarla fotolar çəkdirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir