Modern.az

Aktrisa və teleaparıcı Dilarə Əliyeva: “Bunu ilk dəfə mətbuata etiraf edirəm...” - MƏKTƏB XATİRƏLƏRİ

Aktrisa və teleaparıcı Dilarə Əliyeva: “Bunu ilk dəfə mətbuata etiraf edirəm...” - MƏKTƏB XATİRƏLƏRİ

30 Dekabr 2012, 11:57

Həyatımızda elə illər var ki, bunlar sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Kiminin ilki ona sonralar xoş anlar, kimininki isə məyus edəcək təəssürat qoyur. Amma fərqi yoxdur bu ilkdir və şüuraltımız qollarını açaraq onu möhkəmcə qucaqlayıb saxlayır. O günə kimi ki, döyünən ürəyimiz bir gün dayanır.

Bəlkə də az insan tapılar ki, məktəbdə birinci sinfin ilk günlərini, qayğısız, xoşbəxt və dəcəl vaxtlarını xatırlamasın.

Modern.az-ın “İlk dərs günləri” adlı rubrikasının budəfəki qonağı aktrisa və teleaparıcı Dilarə Əliyevadır. O zamanlar bəlkə də az xanım tapılardı ki, Dilarə Əliyeva kimi birinci sinfə hörüksüz getsin. Səbəbi isə Dilarə xanım bizə belə izah edir:

– Birinci dəfə etiraf edirəm ki, ilk dəfə dərsə keçəl getmişəm. Bütün valideynlər uşaqlarının başlarına bant vururdu, saçlarını hörürdü. Mənim valideynim isə məni məktəbə keçəl aparmışdı. Çünki may ayının axırları başımı keçəllədilər ki, guya məktəbə gedəndə gur saçlarım gəlsin, amma saçlarım gec çıxdı və mən də birinci sinfə keçəl gedəsi oldum. İndi də birinci siniflərin şəkillərinə baxanda ürəyim ağrıyır. Amma bunun müqabilində həqiqətən çox yaxşı, dözümlü saçlarım var. Yəni birinci sinfə keçəl getməyə dəyərmiş.

İlk dəfə bizə dərs deyən Qənirə xanımı isə belə xatırlayıram: uzun hörüklü, kitablarda gördüyümüz, təsəvvürümüzdə müəllimə deyəndə necə yaranır e.., gözümüzün qarşısında bax elə bir müəllimə idi. Çox savadlı, səbirli, xanım xatın bir insan idi.

Məni məktəbə anam aparmışdı. Çünki uşaqların təlim-tərbiyəsi və s. bu cür işlərə anam baxırdı.

Məktəbdə həmişə çalışqan, başıaşağı, məsuliyyətli (saçı yuxarı deyə bilməyəcəyəm, çünki keçəl idim), sözə baxan bir şagird idim.

Sinif yoldaşlarımla çox əlaqə saxlaya bilmirəm . Hərdən-birdən bəziləri ilə danışıram.

İlk öyrəndiyim şeir yadımda qalmayıb. Yəqin ki, keçidən, xoruzdan nə isə olub. Repertuar dəyişmir, həmişə eyni olur. 

Geyimim ağ köynək, bozumtul ətəklik idi. Qış vaxtlarında isə şabalıdı don, üstündən isə krujevalı önlük olurdu. Qış vaxtlarında isə qara önlük taxırdıq.

İlk dərs günlərində məktəbdə azmağımdan da sizə danışa bilərəm. Yadımdadır ki, bizim sinif otaqlarının hamısı bir birinə oxşayırdı. Tənəffüs zamanı bayıra çıxdım. Sonra qayıdıb gələndə sən demə, başqa bir sinfə daxil olmuşam. Girdim sinfə, sakitcə oturdum. Birdən baxdım ki, oturduğum yerdəki çanta mənim deyil. İndi özümə bir əl qatmışam ki, hanı mənim çantam. Axırda başa düşdüm ki, otağı səhv salmışam.  

Amma görünür ilk dərs günlərində baş verən bu hadisə Dilarə Əliyevanın 10-cu sinifdə Bakıda başına gələnlərin yanında heç nə imiş. Aparıcı xanım xahişimizlə son dərs günlərinin də ürək ağrıdan və heç vaxt yadından çıxmayan xatirəsini bölüşdü:  

– Orta məktəbi Sumqayıtda bitirmişəm. 10-cu sinif idi, yadımdadır ki, uşaqlarla sinifdə qərara aldıq ki, Bakıya gələk və son zəngimizi Bakıda keçirək. Özünüz də bilirsiniz ki, sumqayıtlılar son zəngi Bakıda keçirməyi xoşlayır. Valideynlərimizlə danışdıq ki, sinif rəhbərlərimizlə Bakıya gəzməyə gedəcəyik, bu yolla bir təhər icazə ala bildik. Səhəri günü məlum oldu ki, direktorumuz icazə vermir. Biz də o əhval-ruhiyyə ilə getmişik ki, getməliyik, vəssalam. Eyni zamanda sinif rəhbərimiz də imtina etdi ki, mən aparmıram. Valideynlərimdən qorxsam da, bütün bu qorxunun qabağında iddialıydım ki, bu gəzməyə getməliyik. Beləcə uşaqlarla danışdıq, 24 nəfər uşaq bizim evin yaxınlığında olan elektrik qatarına oturduq. Amma tir-tir əsirəm ki, anam-atam bilsə, vəssalam. Sinif rəhbərimiz də görüb ki, 24 nəfər uşaq minib elektrik qatarına. Bizə çata bilmədiyi üçün saxlaya da bilmir və sinif nümayəndəsi olduğuma görə, düz birinci bizim evə gedir. Deyir ki, bəs “uşaqlarınız getdi, bax mən məsuliyyət daşımıram. Direktor da icazə verməyib, mən də demişəm aparmıram, özbaşına gediblər”. Anam da bunu eşidib ayaqyalın qaçıb dalımızca. O çatanadək elektrik qatarı tərpənib. Təsəvvür edin, bütün yolu fikirliyəm, üzüm gülmür, ürəyim əsir. İndi adama deyərlər belə vəziyyətdə getmək çox vacibdir? Uşaqlarla metroya girmişik. Metroda məni necə fikir aparıb ki, anam bilər, bilsə necə olar, atam bilsə mənə nə edər? Görün nə qədər fikrə getmişəm ki, bir də gördüm ki, yanımda uşaqlar yoxdur.

Bundan əvvəl Bakıya heç vaxt tək gəlməmişdim və metroya da minməmişdim. Heç bilmirəm qatar haradan gedir, fırlanır, necə olur. Heç təsəvvürüm də yoxdur. Deməli, bir də gördüm ki, növbəti qatar gəlir, mən ona minib uşaqları axtarıram. Ora baxdım, bura baxdım, gördüm heç kim yoxdur, məni bir ağlamaq tutdu. Hamı töküldü ki, bəs nə olub? Dedim ki, bəs mən azmışam. Özü də üstümdə bir qəpik də yoxdur. Yenə də növbəti stansiyada düşmüşəm və ora-bura baxıram və uşaqları axtarıram. Başladım metrostansiyanın ortasında ağlamağa. 3 nəfər adam mənə yaxınlaşdı, mən də uşaqları itirdiyimi onlara danışdım. Onlar da dedilər ki, “əşi bulvarda olacaqlar da, biz də də ora gedirik, gəl gedək”. Bir sözlə, bunlar açar düzəltməkdən tutmuş bütün işlərini gördülər, mən də bunların yanında dayanmışam. Nə isə fırlandıq, bir də metroya düşəsi olduq. Gördüm ki, metroda sinif yoldaşım Mehman. Necə bağırdımsa “Mehman!!”. Elə bil ki, o anda Mehman mənim üçün dünyanın ən əziz adam idi. Elə bu sözü deməyimi gördüm ki, 23 nəfər uşaq qaçdı üstümə. Hamı ağlayırdı, dedilər ki, “biz elə bildik sən itdin”.

Heç nəyə baxmayaraq biz getdik gəzdik. Hələ utanmaz-utanmaz karusellərə də mindik. Nəysə axşam saat 6-7-də Sumqayıta çatdıq. Hələ təzəcə 12-ci mikrorayona çatmışdıq, göyərti satanlar soruşdu ki, o Bakıya gedən uşaqlar sizsiniz, valideynlər sizi axtarır... Mən artıq başa düşdüm ki, sonum çatıb.

Evə gəldim və bacım qapını açdı, başını saldı aşağı keçdi. Heç kim üzümə baxmır. Atam divanda oturub sual verir:
- Hara getmişdin?
- 24 uşaq Bakıya getmişdik.
- Bəs müəllimə?
- Solmaz müəlliməylə...
- Yalan danışma, Solmaz müəllimə bura bayaqdan qırx dəfə zəng edib.
- Çaşdım e, Zinyət müəllimə ilə...
- Yalan danışma...

Atam durdu ayağa ki, məni vursun, əlini qaldıranda gördü necə cücəyə dönmüşəmsə, dedi, “vura da bilmirəm e...”. Anam qayıtdı ki, “eybi yox, onu mən vuraram. Mənim əlim gələr...”.
Mən otaqdan çıxanda qulağımla eşitdim ki, atam dedi ki, “qıza əl vurma”. Amma deyəsən, bu sözü anam eşitmədi. Bədənimdə barmaq vurmağa yer qoymadı, oxlov ilə elə döydü ki, 3 gün yemək vermədi. Anama deyən lazım idi ki, day nədən qorxurdun ki? Qorxurdun ki, gedib orada itəcəm və ya öləcəm ? Day öldürdün də məni...

Sonra məktəbə imtahana getdim. Gördüm ki, yox, mən şükürlü gündəyəm. Uşaqlar lap gömgöy, qıpqırmızı, bir sözlə heç kimdə salamat yer qalmayıb. Hamımız möhkəmcə çırpılmışıq. Amma hələ indiyə qədər bu hadisədən danışanda həyəcanlanmaya bilmirəm.

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi