Modern.az

Ədəbiyyat üzrə sonuncu Nobel mükafatçısı: Mo Yan bu mübarizədə kimlərə və necə qalib gəldi...

Ədəbiyyat üzrə sonuncu Nobel mükafatçısı: Mo Yan bu mübarizədə kimlərə və necə qalib gəldi...

8 Yanvar 2013, 09:30

Tolstoy və Tven Nobelə layiq görülməsələr də, bəzi az tanınan yazarlar bu mükafatı ala bilib. Görünür, bu məsələdə yüksək sənət meyarlarından kənar amilin də rolu var”
Cosef Epstein,
“The Wall Street Journal” (ABŞ)

Onun hətta Nobel mükafatına namizədlərin ilk onluğuna düşməsi belə çoxlarını təəccübləndirdi. O ki qaldı Mo Yanın bu mükafatı qazanmasına, bu artıq dünya ədəbiyyatı və yazarları üçün əsil “soyuq duş”, “qəfildən vurulan şillə” effekti daşıyırdı. 2009-cu ildə bu mükafata layiq görülən Herta Miller Mo Yanın bu ödülü qazanmasına belə reaksiya verib:
”Bu xəbəri eşidəndə özümü ağlamaqdan zorla saxladım”. Xanım Miller Türkiyənin nüfuzlu “Hürriyet” qəzetinə verdiyi müsahibədə Mo Yan haqqında bəzi maraqlı fikirlər də bildirib: “Hətta çinlilərin özü belə Mo Yanı bir nazirlə eyni ranqda görürlər. Ötən dəfə Nobel sülh mükafatı həbsdə yatan Lui Siaboya təqdim olundu. İndi isə Çin Yazıçılar Birliyinin sədr müavininə. Bu artıq demokratiya və insan haqları uğrunda mübarizə aparanların sifətinə vurulan şillədir.”

Əslində, Mo Yanın bu qalibiyyətini siyasi sifariş kimi də qəbul edirlər. Mo Yan O, ədəbiyyat aləmində 1987-ci ildə yazdığı “Qızıl Süpürgə darısı: Bir Çin romanı” adlı əsəri ilə tanınıb. Senzura rejimini dəstəkləməsi ona olan münasibəti pisləşdirmişdi. Lakin 1000-ə yaxın namizədin arasından əvvəlcə ilk onluğa düşən, sonra isə heç kimin gözləmədiyi şəkildə bu mükafata layiq görülən Mo Yan haqqında fikirlər indi də birmənalı qarşılanmır. Amma ən təəccüblü məqam isə Mo Yanın bu siyahıda kimlərə qalib gəlməsidir. Ədəbiyyat dünyasını razı salmayan da məhz bu faktdır. Çünki bu siyahıda Umberto Eko kimi ədəbiyyatda yeni dönəm yarada bilmiş bir adam yer alırdı. “Qızılgülün adı” (1980) , “Fukonun kəfkiri” (1988), “Bir gün əvvəlki ada” (1994), “Baudolino” (2000), “Şahzadə Loananın sirli alovu” (2004, “Praqa məzarlığı” (2010) romanları ilə dünyaya səs salan 80 yaşlı İtaliya yazıçısı bu il nüfuzlu ödülə layiq görülən 3 şəxs arasında idi. Onu çoxları sevirdi. Ədəbiyyata gətirdiyi yeni üslub, yeni ruh, postmodernizm çalarları onu modern oxuculara sevdirmişdi. Əsərlərindəki intellektuallıq və demokratik ruh çağdaş dünyanın inkişaf dinamikası ilə tam olaraq səsləşirdi. Mo Yanın qəfildən bu ödülə yiyələnməsi bəlkə də Ekoya qarşı bir haqsızlıq idi. Amma bu haqsızlıq ilə üzləşən tək Eko deyildi.

Siyahının ikinci şəxsi hətta ölkəmizdə belə çox sevilən, dünyanın 100 ən vacib şəxsləri siyahısında yer alan yapon yazıçı Haruki Murakamidir. 63 yaşlı Yaponiya yazarı Murakami ədəbiyyatda müasir fəlsəfi-psixoloji janrın banisi sayılır. İlk əsəri olan “Pinbol-1973” 1985-ci ildə işıq üzü görmüş və Murakaminin vizit kartı olaraq müasir ədəbiyyat mühitində yazıçının adını tarixə yazmışdır. Murakaminin elementar əşya və hadisələrdən dərin fəlsəfi məna çıxarması onun dünyada məşhur olmasının səbəblərindən biridir. Maraqlıdır ki, yazıçı “Pinbol-1973” əsərini 29 yaşında ikən beysbol matçını izləyərkən yazmağa qərar verib. Kiçik həcmli əsərlərindən sayılan “Toni Takitani” əsərini isə yazıçı həyat yoldaşı ilə Havay adalarını səyahət edərkən bir dollara aldığı, üstündə böyük “Tony” yazısı olan sevimli köynəyi və İkinci Dünya müharibəsi dövründə yaşamış musiqiçi Şizaburo Takitaninin həyat yolundan ilhamlanaraq ərsəyə gətirib. İlk baxışdan uyğunsuzluq təşkil edən iki məfhum, digər tərəfdən isə ərsəyə gəlmiş gözəl əsər.

Haruki Murakaminin bir çox əsərlərində sürrealist ideyaların hökm sürdüyü aydın görünür. Bir çox müsahibələrində yazıçı bildirir ki, hətta bəzən əsərlərinin nikbin və ya bədbin sonluqla bitmiş olmasına qərar verə bilmir. Yazıçının fikrinə görə hər kəs istədiyi, gördüyü formada reallığı onun əsərlərində tapmış ola bilər. Murakami qeyd edir ki, bir çox hallarda yazmağa başlayarkən, əsərin mövzusunu belə əvvəlcədən qərarlaşdırmır və ya bir mövzuda yazarkən qələmi onu tamamən başqa istiqamətə yönəldir. Və bu gün Murakami Nobelin kölgəsində qalır. Amma Mo Yan bu mükafatı əlinə alana qədər bütün insanların o mükafatı Murakaminin əllərində təsəvvür edirdilər. Amma yəqin ki, siyasət insanların nə düşündüyü ilə maraqlanmır!

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi