Modern.az

Gənc yazarlar nakam taleli şairi xarakterizə etdilər: "Şeirlərində sevdiyimiz qızların obrazı var" - RUBRİKA

Gənc yazarlar nakam taleli şairi xarakterizə etdilər: "Şeirlərində sevdiyimiz qızların obrazı var" - RUBRİKA

8 Yanvar 2013, 16:59

“Eldar Baxışa həsr etdiyimiz tədbir baş tutmadı, birliyin fəaliyyətini dayandırdım”

Modern.az-ın “Ustadlar gənclərin gözü ilə” rubrikasının növbəti buraxılışını tanınmış şair Eldar Baxışa həsr etdik. Gənclərlə bu dəfə nakam taleli şair, istedadlı insan Eldar Baxış haqqında ürək dolusu danışdıq. O elə bir insan idi ki, həyatda sanki ölüm özü onu harda olsa, axtarıb tapır və fəsadlarını az-çox bu insana hiss etdirirdi. Kədərin içindən doğulmuşdu bu dünyaya. Ordan bir daha çıxa bilmədi. Elə özünün kədər dolu dünyası ilə əsrarəngiz poeziyasını yaratdı. Onun sözü, şeiriyyəti tamam fərqli idi, tamam yeni idi.

Boyum çıxdı - günüm çıxdı,
düşdü bu dünyanın üstə.
Düşdü-düşdü yerin, göyün,
dənizin, dəryanın üstə.

Sözün qəm dolu dünyasına Eldarın tamam ayrı bir baxışı var idi. Onun üçün ölüm onu gecə darıxmağa qoymayan , hərdən gecələr yanına gəlib keyfini soruşan halını xəbər alan bir yaxın dost idi. Onun üçün sevgi əlindən qaçmaq istədiyi, lakin nə qədər qaçırdısa yenə yaxalanacağı bir təhlükə idi. Bax belə yaşayırdı Eldar Baxış. Vaxtla döyüşə - döyüşə yaşayırdı

Bir də baxırsan ki, göyün üzündə
ayın yarısı var, yarısı yoxdu…
…Kəndimizə getdim, qocalar gördüm,
kişisi yaşayır, qapısı yoxdu, -
bu vaxtdan nə desən gözləmək olar.

Gənc yazarların onun haqqında fikirlərini sizlərə təqdim edək :

Qılman İman: “70-ci illərdə ədəbiyyata gələnləri birlikdə orkestrə bənzətsək - Eldar Baxış həmin ansamblın  solo çalmağı bacaran sənətkarıdır. Çünki şeiri təkcə şair kimi yazmayıb, həm də bəstəkar kimi nota köçürə bilib. Ona görə də Eldar Baxışın şeirlərini hər dəfə oxuyanda sanki musiqiyə qulaq asıram”.

Ayxan Ayvaz: “Mən onun kitabını vərəqləyəndə bir daha əmin oldum ki, Eldar Baxış Azərbaycan ədəbiyyatında heç kimə bənzəməyən şairdir. Bəzən belə düşünürəm ki, bizim ədəbiyyatımızda təpədən dırnağa şair yoxdur, bütün şairlərimiz bir-birinin təkrarıdır. Onlar həmişə matryoşkanı xatırladır. Yadda qalmağın yeganə yolunu, nədənsə, qələmə sarılan cavanlar imitasiyada, onlara ruhən yaxın şairləri yamsılamaqda görürlər. Mənə elə gəlir ki, Eldar Baxış dünya poeziyasına baş əyməmiş, öz ruhumuzu, öz düşüncəmizi şeirlərində qoruyan Azərbaycan şairdir. Onun şeirlərində bizim sevdiyimiz qızların həqiqi obrazı, qarşılaşdığımız təbii, saf insanlar var. Eldar Baxışın bütün şeirləri heç bir düşüncəyə, heç bir cərəyana sızmadan öz nəfəsiylə qarşımıza çıxır. Məncə, o sadəcə özü kimi qaldığı üçün poeziyamızda əvəzedilməz insandır”.

Vüsal Nuru: “Rəhbərlik etdiyim “Turan” Ədəbi Birliyinin oğlan çağlarının birində dostlarla qərara gəldik ki, növbəti tədbirlərimizin birini unudulmaqda olan şairlərimizə həsr edək. Salam Qədirzadə, Əliağa Kürçaylı, Eldar Baxış siyahımızda ilk sıralarda yer almışdı. Qəti qərara gəldik ki, növbəti Eldar Baxış gecəsi keçirək. O zaman tədbirlərimizi Sabir adına Mərkəzi Şəhər kitabxanasında keçirirdik. Elə ordan da Eldar Baxışın kitablarını aldıq. Əlimizdə kiçik bir broşür və nazik dəftərçə var idi. Bizə onun başqa kitablarının olmadığını dedilər. İlk dəfə orda çox məyus oldum. Kif basmış səhifələrdən Eldar Baxışın necə unudulduğunu ən çox orda hiss etdim. Bu səhifələr onun unudulmaqda olduğunu bar-bar bağırırdı. Onları ağır kitabların altından çıxardığımız üçün səhifələr qanad açıb uçmağa hazır idilər. Amma biz məyus idik və təsəllimiz yalnız doğru qərar verməyimizdə idi. O zaman Eldar Baxışın yaradıcılığı ilə daha mütəmadi məşğul olmağa başladıq. Həmişəki kimi tədbir üçün orta məktəb şagirdlərinin bəzilərinə şeirlər əzbərlətdik. Gərgin iş həftəsinin sonunda təpədən-dırnağa Eldar Baxış olmuşduq. Dilinin şirinliyi maraqlı mövzular, fərqli baxış bucaqları damağımıza ləzzət kimi yayılmışdı. Lirikası liranın səsi kimi kövrəkdir. Nədənsə tədbir alınmadı. Kitabxana gözləmədiyimiz vaxt təmirə dayandı. Başqa yerlərə müraciət etdik. Bizdən kirayə haqqı istədilər. İmkanımız çatmadı. Eldar Baxışın alınmayan tədbirindən sonra birliyin fəaliyyətini dayandırdım”.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır