Modern.az

Nazir əsgər ölümünə görə generalı cəzalandırdı - YENİLƏNİB

Nazir əsgər ölümünə görə generalı cəzalandırdı - YENİLƏNİB

10 Yanvar 2013, 19:57

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərovu cəzalandırıb. Nazirin bir qədər əvvəl imzaladığı əmri ilə birləşmə komandirinə şiddətli töhmət, və sonuncu xəbərdarlıq edilib.

Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Üzeyir Cəfərov açıqlayıb. Ü.Cəfərovun bildirdiyinə görə, Daşkəsəndəki hərbi hissənin komandiri də müdafiə naziri tərəfindən cəzalandırılıb. Polkovnik-leytenant Polad Həşimovun rütbəsi bir pillə aşağı - mayor rütbəsinə salınıb.
Mərhum əsgərin bölük komandiri isə tutduğu vəzifədən azad edilib və onun barəsində cinayət işi açılıb.Müdafiə nazirinin əmrinə əsasən, hərbi hissənin digər vəzifəli şəxsləri barəsində də intizam tədbirləri həyata keçirilib.

Ü.Cəfərov daha ətraflı məlumatı media ilə bölüşəcəyini bildirib.

***
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu da Şəmkir Hərbi Birləşməsinin bir neçə yüksək rütbəli zabitinin cəzalandırılması ilə bağlı xəbəri təsdiqləyib. O, bildirib ki, nazir Səfər Əbiyevin göstərişi ilə Ceyhun Qubadovun xidmət etdiyi hərbi hissədə araşdırmalar aparılır. Mətbuat xidmətinin rəhbəri əsgərin qulluq etdiyi hərbi hissədə nizam-intizam qaydalarının pozulduğunu da təsdiqləyib. Nazirlik rəsmisi onu da vurğulayıb ki, əsgərin ölümü ilə bağlı səslənən döyülmə iddiaları da araşdırılır.
"Təqsirkarların məsuliyyətə cəlb ediləcəyinə kimsənin şübhəsi olmasın"-deyə E.Sabiroğlu vurğulayıb.
 
**

Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülüb.

Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunub. Mərhum əsgərin əvvəlcə ürək çatışmazlığından öldüyü bildirilsə də, sonradan onun döyülərək öldürüldüyü iddiası irəli sürüldü...



Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!