Modern.az

“Jurnalistlərlə işləmək mətbuat xidmətinin borcudur...” - MÜSAHİBƏ

“Jurnalistlərlə işləmək mətbuat xidmətinin borcudur...” - MÜSAHİBƏ

11 Yanvar 2013, 10:26

Ali təhsil ocaqlarının mətbuat xidmətləri rəhbərlərinin arasında xüsusi fəallığı ilə seçilən və Modern.az-ın jurnalistlər arasında apardığı rəy sorğusunda birinci olan Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova ilə həmsöhbət olduq.  
P.İbrahimova rəhbərlik etdiyi şöbənin mətbuatla əlaqələrindən, 13 illik təcrübəsi olan xidmətin analoji qurumların yaranması və fəaliyyət istiqamətlərinin müəyyənləşməsindəki rolundan, jurnalistlərin onun fəaliyyətinə verdiyi dəyərdən və bir sıra maraqlı məqamlar dandanışdı.

- Pərvanə xanım, ötən ilin nəticəsinə uyğun olaraq, jurnalistlər sizi ali məktəblərin ən fəal mətbuat xidmətlərinin rəhbərləri sırasında birinci etdi. Gözləyirdinizmi?

- Əvvəla Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin fəaliyyətinə yüksək qiymət verən, şöbənin rəhbərini sorğuda birinci edən çox dəyərli həmkarlarıma təşəkkür etmək istərdim. Bizim şöbə 2000-ci ildə yaradılıb. Mətbuat xidmətinin yaranma zərurəti ilə bağlı hörmətli rektorumuz, akademik Abel Məhərrəmov Təhsil Nazirliyinə müraciət edib və nazir Misir Mərdanovun əmri ilə universitetin struktur bölmələri sırasına mətbuat və informasiya şöbəsi də daxil olub. Artıq 13 ildir fəaliyyət göstəririk və bu illər ərzində mətbuat xidmətinə çox tanınmış jurnalistlər - Aynur Bəşirli, Qafar Çaxmaqlı, Şərəf Cəlilli, 2010-cu ilin mart ayından isə mən rəhbərlik edirəm. Mətbuat xidməti ilə bağlılığım şöbə yaranan dövrdən başlayıb. 13 illik tarixi olan şöbədə iş təcrübəmin tarixi də bir o qədərdir. Xidmətin yaranması, formalaşması, uğurları gözümün önündə baş verib. Ona görə də bu şöbəyə, işimə, peşəmə xüsusi bağlılığım, ifadə edə bilməyəcəyim sevgim var. Xidmət ona rəhbərlik edən hər bir rəhbərin dövründə müəyyən uğurlar qazanıb. Bu uğurlu münasibət nəticəsində biz universitet-mətbuat münasibətlərini ildən-ilə yüksəldə, onun üzərinə yeni nailiyyətlərə əlavə edə bilmişik. Nəzərə alsaq ki, indiki dinamiklik, sosial şəbəkələrə, internetə çıxış imkanları, çoxsaylı xəbər portalları həmin vaxt yox dərəcəsində idi, buna rəğmən, ayrı-ayrı kütləvi informasiya vasitələri ilə əməkdaşlığa meyilli olmuşuq. Çünki xidmətin hər bir üzvü jurnalistika ilə bağlı insanlar olublar. Elə buna görə də jurnalistlərlə işləməyin yolların çox yaxşı biliblər, heç vaxt mətbuatdan çəkinməyiblər. Universitetin rəhbərliyi ilə jurnalistlərin  davamlı olaraq görüşlərini təşkil edib, mətbuatla təmasdan yayınmayıblar. Əslində olanı ediblər. Əgər mətbuat xidməti yaranıbsa və fəaliyyət göstərirsə, demək, o qurum işləməli, təmsil etdiyi müəssisənin fəaliyyətini işıqlandırmağı bacarmalı, təmsil etdiyi müəssisənin PR-nı qurmalıdır. Jurnalistlərlə işləmək mətbuat xidmətinin borcu olmalıdır. Biz belə düşünürük. Sevinirəm ki, mətbuat xidməti olaraq bunu bacardıq. Amma gördüyümüz işin çəkisini qaldırmadıq. Baxmayaraq ki, ali təhsil müəssisələri arasında «ilk»lərə imza atmışıq, bizdən sonra yaranan qurumlara və yaxud işini bizim kimi qurmaq istəyənlərə istiqamət vermişik. 
Bunun tərəfimizdən dilə gətirilməsi, hesab edirəm ki, jurnalist etikasına ziddir. Hər zaman düşünürəm ki, insan öz işinə qiymət verməməlidir, o sadəcə tələb olunan işi görməli, qiymətləndirməni isə cəmiyyətin öhdəsinə buraxmalıdır. Dəyərli qələm əhlinin işimizə verdiyi qiymət, sizin və qaynar.info-nun sorğularına əsasən, jurnalistlərin fəaliyyətimizdən razı qalması və birinci etməsi düşüncələrimizin tamamıdır. Bilirsiniz, mətbuat cəmiyyətin aynasıdır. Ona nəyisə diktə etmək mümkün deyil. Universitet ali təhsil ocaqlarının flaqmanı olduğu kimi, onun mətbuat  xidməti də ona layiq olmalı idi. Belə də oldu.

- Sizdən sonra yaranan analoji xidmətlərə, işini daha operativ qurmaq istəyənlərə dəstək olduğunuzu söylədiniz. Nəyi nəzərdə tutursunuz?

- Bilirsiniz, iş o zaman effektli olur ki, ortada sağlam rəqabət olsun. Təəssüf ki, çox vaxt sağlam rəqabəti qısqanclıq əvəz edir. Dünən başqa bir qurum jurnalistlərin etimadını qazanmışdısa, bu gün həmin yeri biz, sabah başqası tuta bilər. Yəni reallıqdan nəticə çıxartmalısan, həmin reallığın üstünə getməməlisən. Biz hər zaman reallıqdan nəticə çıxartmışıq, ona görə də uğur qazanırıq. Bizim qurumun yaşı, təcrübəsi daha çox olduğuna görə sonradan yaranmış analoji qurumlar təcrübəmizdən yararlanıblar.

- Deyirsiniz ki, işinizin vurğunusunuz. Sizdəbuqədəristəkhardandır?

- Peşəmə olan sevgi, işimə olan məsuliyyət hissi. İnanınki, mətbuat xidmətində işlədiyim13 ildə bir dəfə də olsun işdən qalmamışam, gecikməmişəm, vaxtından əvvəl getməmişəm. Bu hallar baxışlarıma ziddir. Bəlkə də uğurun açarı elə bundadır.

- Şöbənin əməkdaşlarının məsuliyyət hissindən necə, razısınızmı?

- Əlbəttə razıyam. Olduqca sağlam münasibət formalaşdıra bilmişik. İctimaiyyətlə əlaqələrdə belə bir yanaşma var –daxili və xarici PR. Əgər daxildə sağlam mühit formalaşdıra bilmədinsə, xarici əlaqələrdə uğur qazana bilməzsən.Bu mümkün deyil. Bizim əməkdaşlar heç vaxt iş saatının bitməsini gözləmirlər. Onlar işin bitməsini gözləyirlər. Olub ki, işdən vaxtından çox gec çıxmışıq. 4 nəfər işçimiz var. Lətif Mustafayev xəbərləri rus dilinə tərcümə edir və əsasən rusdilli KİV-lə işləyir, Fatimə Dursunova ingilis dili tərcüməsi ilə məşğul olur və əsasən şöbənin beynəlxalq əlaqələrinə məsuldur. Nigar Balcanova və Məryəm Mehdiyeva isə saytın yenilənməsinə, mətbuat açıqlamalarının hazırlanmasına, xəbərlərin sosial şəbəkələrdə yerləşdirilməsinə və məlumatlarımızı yayımlayan KİV-lərin adlarının saytımızdakı müvafiq xəbərin altına əlavə edilməsinə vəs. nəzarət edirlər.

- Pərvanə xanım, BDU-nun saytından əlavə, mətbuat xidmətinin də ayrıca saytı fəaliyyət göstərir. Bunu hansı zərurətdən yaratdınız?

- Öncə onu deyim ki, universitetin çox işlək, daim yenilənən, bütün fakültələri, şöbələri, ayrı-ayrı strukturları əhatə edən saytı var. İki il əvvəl şöbəmizin saytını yaratdıq. Bu günlərdə “Azərbaycan” qəzetində  dövlət qurumlarının saytlarının fəaliyyəti ilə bağlı İradə Əliyevanın yazısı verilmişdi. Aktiv saytlar arasında BDU-nun saytının da adı vardı. Biz həm universitetin, həm də şöbənin saytının işlək və dinamikliyini təmin edir, xəbərləri üç dildə yayımlayırıq. Saytın qurulması prosesi iki ay çəkdi. Onun özəlliyi həm də ondadır ki, işimiz sadəcə gündəlik xəbər yerləşdirməklə məhdudlaşmır, universitetin son 13 illik elektron tarixini yaratmışıq. Artıq universitetlə bağlı kiməsə hansısa bir məlumat lazım olarsa, kataloqlara, qəzetlərə yox, universitetin saytına daxil olmaqla məlumat əldə edə bilərlər. Bu, əslində çox böyük iş idi. Son 13 il ona görə deyirəm ki, mən şöbədə işə başlayandan bu günə qədər KİV-də universitetlə bağlı işıq üzü görən bütün məlumatları arxivləşdirmişdik. Sonra düşündük ki, bunun elektron versiyasını yaradaq. Saytımızda universitetə rəhbərlik edən rektorlar, fəxri doktorlar, məşhur məzunlar, qəbul edilmiş xarici qonaqlar, keçirilmiş tədbirlər, universitetlə bağlı yazılmış bütün məqalələr, rektor, akademik Abel Məhərrəmovun müəllifi olduğu yazıları, müsahibələri, açıqlamaları, haqqında yazılmış yazılar, fotoalbom və s. haqqında ətraflı məlumat var. Hərdən əməkdaşlara deyirəm ki, daxildə uğur qazanmışıq, artıq xaricə çıxış imkanlarının daha da genişləndirilməsi yollarına fikir verməliyik. Universitetin xəbərləri artıq əksər ölkələrin xəbər portallarında yayımlanır. Bilirsiniz ki, universitetlərin reytinq cədvəlini müəyyənləşdirəndə həmin universitetin adını axtarış sisteminə yazır və baxılma sayını nəzərə alırlar. Xəbərlərimizi xarici dillərdə yayımlamağımız bu baxımdan da köməyimizə gəlir.

- Sosial şəbəkələrdə necə işləyirsiniz?

- Kütləvi İnformasiya Vasitələri arasında fərq qoymaq lazım deyil.  Onların hər biri ilə əməkdaşlıqda maraqlı olmaq lazımdır. Bəzən  görürsən ki, bir gündə göndərdiyimiz xəbərlərin yalnız birini yerləşdirirlər, bəzi hallarda isə vermirlər. Bu, təbiidir və onların öz baxışları, daxili işləridir. Bu baxımdan sosial şəbəkələr köməyimizə çatır. Sosial səbəkələrin əhəmiyyəti barədə çox danışmağa lüzum görmürəm, çünki onun təsir imkanları hər kəsə bəllidir. Paylaşdığım xəbərlər,   şəkillər ən azı 100 dəfə bəyənilir, şərhlər yazılır. Bu onu göstərir ki, istifadəçilər, jurnalistlər bizim dinamikliyimizə, operativliyimizə, xəbərlərimizə olan münasibətə çox həssasdırlar.

- İstərdik ki, bir qədər “Bakı Universiteti” qəzeti haqda danışaq. Çünki bu qəzet tərtibatına, mövzu rəngarəngliyinə görə fərqlidir...  

 - «Bakı Universiteti» qəzeti 8 səhifə olmaqla ayda  iki dəfə çıxır. Əsası 1929-cu ildə qoyulan qəzet 1947-ci ildən davamlı olaraq nəşr olunur. 1990-cı ilə qədər «Lenin tərbiyəsi» uğrunda adı ilə, Azərbaycan və rus  dili olmaqla iki dildə işıq üzü görən qəzetin hazırkı redaktoru peşəkar jurnalist Anzulə Əmirovadır. Qəzet hər sayından sonra elektron formada universitetin saytında yerləşdirilir. Anzulə xanımın rəhbərliyi ilə qəzetdə maraqlı layihələrin, rəngarəng yazıların şahidi olmaq olar. Eyni zamanda qəzetin dəstəyi və təşkilatçılığı ilə yeni təlimlərə də start verilib, bir çox tədbirlərdə fəal iştirak edir. Yeri gəlmişkən deyim ki, bu qəzet Mətbuat Şurasının təsisçilərindən və nəinki ali məktəb qəzetləri, respublika qəzetləri arasında Şuranın ilk üzvlərindən biri olub.  Bununla bağlı Azərbaycan Mətbuat Şurasının 2004-cü ildə  Hüquq  Salmanovun redaktorluğu ilə bülleteni  çıxıb. Həmin bülletendə Mətbuat Şurasının nizamnaməsi, qaydalar və şikayət ərizəsinin forması, təsisçiləri haqqında məlumat var. Həmin sırada “Bakı Universiteti” qəzetinin də adını görmək olar.  

- İşə başlayanda ilk açdığınızı, oxuduğunuz sayt hansı olur?  

- İşimlə bağlı olaraq bütün saytları eyni vaxtda açır və hamısına göz gəzdirirəm. Eyni zamanda qəzetlərə baxıram. Deyim ki, birinə daha çox baxıram, düzgün olmazdı.Hər xəbər ötürücüsünün yanaşma tərzini bilirəm və onu da bilirəm ki, hansı xəbərə münasibəti haradan oxusam daha yaxşı olar.

- Son olaraq cavabsız qoyduğunuz suallar olurmu?

- Çalışıram ki, belə hallar olmasın. Bir dəfə də demişdim ki, o müəssisə uğur qazana bilir ki, həmin müəssisənin rəhbərinin özü mətbuata açıqdır. Bizim rektorumuz mətbuata çox açıqdır. Bizdən də mətbuata açıq olmağı, suallara vaxtı-vaxtında cavab verməyi, jurnalistləri incitməməyi tələb edir. Bakı Dövlət Universiteti kimi ali təhsil ocağının Mətbuat və informasiya şöbəsinə rəhbərlik etdiyimə, həm də akademik Abel Məhərrəmovla işlədiyimə görə özümü şanslı hesab edirəm.


Nihadə Eyyubova

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?