Modern.az

Ədalət Partiyası: “Ailənin tək oğlan övladı əsgər aparılmasın”

Ədalət Partiyası: “Ailənin tək oğlan övladı əsgər aparılmasın”

11 Yanvar 2013, 16:00

Milli Məclisin deputatı, hüquq elmləri doktoru İlyas İsmayılovun sədri olduğu müxalif Ədalət Partiyası da Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmiş, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun dünyasını dəyişməsi ilə bağlı bəyanat verib. Partiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Milli Ordumuzun əsgəri Ceyhun Qubadovun vəfatı ilə bağlı dolaşan xəbərlər partiya üzvlərini və rəhbərliyini son dərəcə məyus edib, hiddətləndirib.
”Ona görə ki, müharibə aparan bir ölkənin əsgərinin xidmət zamanı müəmmalı şəkildə dünyasını dəyişməsi təkcə Azərbaycan Silahlı Qüvvələrinin imicinə xələl gətirmir, həm də ölkədə ruh düşkünlüyünün yaranmasına səbəb olur. Bu mühüm amilin təəssüflə vurğulandığı bəyanatda qeyd olunur ki, elə buna görədir, son vaxtlar əhali, xüsusən də valideynlər və onların çağırış yaşlı övladları Orduya az qala cəzaçəkmə yeri, ölüm düşərgəsi kimi baxırlar. Bu səbəbdən də müxtəlif vasitələrlə hərbi xidmətdən yayınmaq istəyənlərin sayı getdikcə çoxalır. Halbuki Ordu sıralarına çağırılan hər bir vətəndaş və onun valideynləri Vətənin müdafiəsi üçün yaranan bu imkandan qürur duymalı, çağırışçı orduya əminliklə getməli, övladını orduya yola salan hər bir valideyn də oğlunun ölməyə deyil, ölkənin Silahlı Qüvvələri sırasında yüksək hərbi biliklərə, fiziki sağlamlığa yiyələnəcəyinə, kişilik məktəbi keçəcəyinə və sağ-salamat geri qayıdacağına əmin olmalıdır. Əfsuslar olsun ki, indiki halda daha çox bunun əksini müşahidə edirik. Partiya hesab edir ki, bu məqamlar mütləq  nəzərə alınmalı, Ordunun millətin şərəfini qoruyan yeganə orqan olduğu hamı tərəfindən dərk edilməli və ona münasibət dəyişilməlidir”.    

Bəyanatda daha sonra deyilir: “Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. Lakin onun anasının mətbuata verdiyi açıqlamalar, eləcə də mərhumun internetdə yayılan video və foto görüntüləri bunun belə olduğuna şübhələr yaradır. Ədalət Partiyası bütün bunları nəzərə alaraq müvafiq dövlət orqanlarından əsgər Ceyhun Qubadovun valideynlərinin oğullarının zorakı üsullarla qətlə yetirildiyi barədə iddialarının araşdırılmasını tələb edir. Partiya həmçinin tələb edir ki, bu hadisə ilə bağlı istintaq obyektiv aparılsın, bütün məqamlar ciddi araşdırılsın, günahkarlar cəzalandırılsın, eyni zamanda hərbi strukturların fəaliyyətindəki  nöqsanların aradan qaldırılması, Sovet ordusunun Milli Ordumuzdakı qeyri-formal ənənələrinə son qoyulması üçün ən yüksək səviyyədə təcili və təsirli tədbirlər görülsün”.

Baş verən hadisəni təkcə hərbi hissələrdə tüğyan edən  özbaşınalıqların, intizamsızlığın və dərəbəyliyin yox, həm də orduya çağırış sistemindəki neqativ halların göstəricisi hesab edən partiya bəyanatın sonunda məhz bu məqamı nəzərə alaraq təklif edir ki, həqiqi hərbi xidmətə çağırışla bağlı qanunvericilik aktlarına dəyişiklik edilsin, onlara ailənin tək oğlan övladının, xüsusən də atası vəfat etmiş oğlan uşaqlarının həqiqi hərbi xidmətdən azad olunmasını ehtiva edən konkret maddə salınsın.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu