Modern.az

Tale bağlılığı və ya nakam və yarımçıq ömür yolu

Tale bağlılığı və ya nakam və yarımçıq ömür yolu

11 Yanvar 2013, 12:43

Bu günlərdə gündəmi zəbt edən xəbərlərdən ikisi üzərində dayanmağa məni sövq edən səbəb 1991-ci ilin yanvar ayında növbəti reportajını hazırlamaq üçün Şuşaya yollanarkən Laçın – Şuşa yolunun Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin qəfil hücumu nəticəsində şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın 22 il bundan öncə vəhşi ermənilər tərəfindən qətlə yetirilməsi və Milli Ordunun əsgəri Ceyhun Qubadovun ölümü oldu. Amma onların arasında qəribə bir tale bağlılığı, nakam və yarımçıq ömür yolu dayanır və bu yol sanki haradasa eyniləşir, birləşir… Oğlunun adı Ceyhun olan, öz peşə vəzifəsini yerinə yetirərkən Qarabağda şəhid olan vətənpərvər jurnalist, qadın, ana və digər tərəfdə hərbi xidmətinin 3 aylığında cənazəsi gələn 19 yaşlı əsgər Ceyhunun gənc yaşında gözüyaşlı qalan və Ceyhunu – təkbaşına böyütdüyü övladını itirən ana.

Jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun anasının yolunu bəlkə hələ də gözləyir…

Ceyhun Qubadovun da anasından başqa kimsəsi yox idi. Bu Ceyhunların biri anasız qaldı. Müharibə, erməni quldurluğu onu gənc anasından çox tez ayırdı. Amma atəşkəs rejimində yaşadığımız bir vaxtda digər Ceyhunun anası tək ümidini, bircə balasını itirdi.

Azərbaycan əsgəri deyəndə şərəf, qeyrət və namusumuzun qoruyucusu gəlir göz önünə, əsgər torpağın, Ana Vətənimizin dayağı, arxası sayılır. Azərbaycan əsgəri əyninə hərbi formasını geyindiyi andan bizim qürur mənbəyimizə çevrilir. Mübariz, Fərid kimi yüzlərlə qəhrəmanlarımız Azərbaycanın ən yeni tarixini öz qanları ilə yazdılar. Cəbhədə ön səngərdə düşmənlə üzbəüz dayanan Azərbaycan oğulları hər biri bir evin işığı, bir qızın qəlbinin çırpıntısı, bir ananın ÜMİDİdir. Amma ümid qırılanda… Kimdir günahkar?… Gözüyaşlı bir ana görməkdən dəhşətli nə ola bilər? Necə edək ki, analar ağlamasın, Ceyhunlar anasız, analar Ceyhunsuz qalmasın…

Çox hörmət etdiyim jurnalist Vəsilə Vahidqızı öz Facebook səhifəsində belə bir status paylaşıb:  “Yaxın illərdə, inşallah, mən də əsgər anası olaram. Şərəfdən çox kədərdən boğulmağa başlayırsan. Narahatlığın ayaqları altında əzilirsən. Belə dərd olar?”

Təəssüf ki, əsgər anası kimi şərəfli adı Azərbaycan qadını bax beləcə, kədərlə qarşılayır. Bir jurnalist ananın bu narahatlığı əbəs deyil, mən ona qoşuluram. Balaca oğluma baxır və düşünürəm ki, bu ikiüzlü, yalançı və qəddar dünyanın bu zülmlərindən balaları, övladları, oğulları necə qoruyasan?

Salatın Ceyhunu qoyub Qarabağa gedəndə bir daha dönməyəcəyini bilmirdi. O, oğlunun necə böyüdüyünü, anasının yolunu davam etdirdiyini görə bilmədi. Ceyhunun anası isə oğlunu əsgərliyə yola salanda, bəlkə də ürəyində min kərə, gecə-gündüz “sağ-salamat qayıdasan” demişdi. Amma…

P.S. 2006-cı ilin sentyabrında ilk dəfə tərcüməçilik fəaliyyətimlə əlaqədar işimdə zəruri olduğu üçün hərbi forma, Azərbaycan əsgərinin uniformasını geyindim. Maşın dağlara qalxdıqca sərin sentyabr havasının soyuq mehi arxaya toparladığım saçlarıma dolurdu. Həmin anda vətənpərvər duyğular insanı o qədər ağuşuna alır ki, qəhrəman olmaq, şücaət göstərmək istəyirsən. O zaman düşündüm ki, hərbi forma geyinən hər kəs şərəfli və ən uca zirvədə qərarlaşan Vətən övladlarıdır. Bu, doğrudan da belədir. Lakin bəzi zabit forması geyinən və əsgəri məhv edən şərəfsizlər niyə bu hisslərdən məhrumdur görəsən!? Axı bizim 20% torpağımız işğal altındadır, torpaqlarımızı azad etmək üçün isə Vətənə ƏSGƏRLƏR lazımdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi