Modern.az

BDU-da yubileylə bağlı kitab təqdimatı olub

BDU-da yubileylə bağlı kitab təqdimatı olub

Aktual

11 Yanvar 2013, 16:02

Bu gün Bakı Dövlət Universitetinin böyük akt zalında tədbir keçirilib. Modern.az xəbər verir ki, əməkdar elm xadimi Səidə İmanzadənin 100 illik yubileyi ilə bağlı olaraq yubilyara həsr olunmuş, Xeyrulla Ağayevin müəllifi olduğu “Nura boyanmış ömür” kitabının təqdimatı olub.  Tədbirdə elm adamları, ziyalılar, tələbələr, mərhumun ailə üzvlər və yaxınları, həmçinin Azərbaycanın Tunis Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Səidə İmanzadənin oğlu Mübariz İmanzadə iştirak edib. Tədbiri giriş sözü ilə universitetin rektoru, millət vəkili Abel Məhərrəmov açıb. O, Səidə İmanzadənin maarifçilik zirvəsinə yüksəldiyini bildirib. “BDU-da o alimlərin yubileyi qeyd edilir ki, onlar ziyalılar tarixinə düşüb, maarifçilik zirvəsinə yüksəliblər. Səidə İmanzadə ilk qadın dərnəklərindən birinə rəhbərlik edib. Heydər Əliyev universitetdə oxuyarkən Səidə İmanzadə tarix fakültəsinin dekanı olub. Azərbaycan müsəlman dövlətləri arasında qadınların ictimai-siyasi fəaliyyəti, cəmiyyətdə oynadığı önəmli rola görə birincilər sırasındadır. Bu nəticənin səbəbkarlarından biri də Səidə İmanzadədir. Gənc tədqiqatçılar bu kitabdan yararlanmalıdır. Eyni zamanda bu cür ideal insanları örnək kimi seçməlidirlər”-deyə vurğulayıb.

AMEA-nın müxbir üzvü, Tarix institutun direktoru, millət vəkili Yaqub Mahmudov qeyd etdi ki, sovet tarixşünaslığında Səidə İmanzadə Azərbaycan reallığı yaradıb. “Mən Səidə xanımın sayəsində elmlər doktoru dərəcəsini almışam. Mən fəxr edirəm ki, müəyyən çətinlik görüb millətçi olmuşam. Burada Səidə xanımın da əməyi danılmazdır”

Mərhumun oğlu Mübariz İmanzadə: “Mən bu çıxışlardan sonra göz yaşlarımı saxlaya bilmirəm. Qırx ildən çoxdur ki, diplomatik fəaliyyətlə məşğulam. İlk dəfə Tunis ərazisində müstəqil Azərbaycanın bayrağını mən sancmışam və bununla fəxr edirəm”.

Yubiley iştirakçıları Səidə İmanzadə ilə bağlı xatirələrini bölüşüblər. Bununla yanaşı onun keçdiyi həyat yoluna da nəzər salınıb.

Xatırladaq ki, kitabın redaktorları Abel Məhərrəmov və Yaqub Mahmudovdur. Kitabda alimin ömür yolu işıqlandırılıb.


Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır