Modern.az

Bakıya 1 ton qızıl gətirildi

Bakıya 1 ton qızıl gətirildi

Təhsil

11 Yanvar 2013, 22:12

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni investisiya siyasətinə uyğun aldığı qızılın ilk 1 tonu yanvarın 11-də ölkəyə gətirilib.
Xalis qızıl külçələri Heydər Əliyev Beynəlxalq Hava Limanında təhvil-təslim olunub.

ARDNF-nin məlumatına görə, prezident İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişiklik edilib və yeni investisiya siyasəti müəyyənləşdirilib. Bu siyasətə əsasən ARDNF investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri qızıla investisiya oluna bilər. Ötən ilin fevralın 1-dən etibarən London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olaraq həftədə 25 qızıl külçəsinin (10 000 troya unsiyası) alışına başlanıb. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədi ilə alınması nəzərdə tutulmuş qızılın ümumi miqdarının mərhələli şəkildə - həftələr üzrə bərabər səviyyədə bölüşdürülməklə 2 il müddətində Dövlət Neft Fondunun investisiya portfelinə daxil edilməsi planlaşdırılmışdı.

Heydər Əliyev Beynəlxalq Hava Limanında təhvil-təslim proseduru başa çatdıqdan sonra qiymətli yük Mərkəzi Banka gətirilmək üçün təhlükəsizliyə ciddi əməl olunaraq xüsusi avtomobillərə yüklənib. Qızıl külçələr yüklənmiş avtomobillər təhlükəsizlik xidməti və yol polisinin müşayiəti ilə Mərkəzi Banka gətirilib.

Ötən il dekabrın 31-dək ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 480.146 troya unsiyası və ya 14.934 kiloqram təşkil edir. Fond tərəfindən alınan qızılın müvəqqəti saxlanması üçün bu sahədəki müsbət təcrübələri və saxlama xərcləri nəzərə alınaraq “JP Morgan” Bankının London anbarı seçilib. Növbəti mərhələdə strateji əhəmiyyətli rezerv xarakteri daşıyan qızıl ehtiyatlarının ölkəyə gətirilməsi və respublikamızda saxlanması qərara alınıb.
Dövlət Neft Fondu tərəfindən alınan qızıl Böyük Britaniyanın “Brinks Qlobal Servisiz” şirkəti tərəfindən ölkəmizə gətirilib və müvəqqəti olaraq Azərbaycan Respublikası Mərkəzi Bankında saxlanacaq.
Xatırladaq ki, Dövlət Neft Fondunun yeni inzibati binasında müasir standartlara uyğun xəzinənin də inşası nəzərdə tutulub. Həmin bina istifadəyə verildikdən sonra alınan qızılın bu xəzinədə saxlanması planlaşdırılıb.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar