Modern.az

Əli Həsənov: “Abşeronda Qobu şəhəri salınacaq”

Əli Həsənov: “Abşeronda Qobu şəhəri salınacaq”

Aktual

11 Yanvar 2013, 22:30

Yanvarın 11-də Nazirlər Kabinetində, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda və həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə təsdiq edilmiş əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar 2012-ci ildə görülmüş işlər və 2013-cü ildə nəzərdə tutulmuş tədbirlərə həsr olunmuş müşavirə keçirilib.
Əli Həsənov müşavirədə çıxış edərək bildirib ki, ötən il Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün tikilmiş beşmərtəbəli 9 yaşayış binası, Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllə istifadəyə verilib.
Bundan başqa, Ağcabədi şəhərində bütün zəruri sosial-texniki infrastruktur obyektlərinə malik 560 ailəlik beşmərtəbəli 10 yaşayış binası, Bərdə rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195, İmişli rayonunun ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni qəsəbələr salınaraq məcburi köçkünlərin istifadəsinə verilib.
Mingəçevir şəhəri ərazisindəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 502 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçün ailəsi üçün yeni qəsəbə salınıb.
Baş nazirin müavini deyib ki, 2012-ci ildə, həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 871 məcburi köçkün ailəsi dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış və yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən mənzillərə köçürülüb. Bununla yanaşı, dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türklərinə məxsus tikintisi yarımçıq qalmış 28 evin inşası başa çatdırılıb, Göygöl rayonu ərazisində isə Laçın rayonundan olan 7 məcburi köçkün ailəsi üçün fərdi ev tikilib. Beləliklə, 2012-ci il ərzində 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni mənzillərə və evlərə köçürülüb.
Ümumiyyətlə 2001-2012-ci illər ərzində 25 min 221 ailə və ya 126 min 105 nəfər qaçqın və məcburi köçkün üçün 77 qəsəbə və çoxmərtəbəli evlərdən ibarət məhəllə və fərdi evlər inşa edilib, 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, 43 klub icma mərkəzi, 37 rabitə evi, 2 Olimpiya İdman Kompleksi tikilib, yol, su, qaz, elektrik, kanalizasiya, istilik xətləri çəkilmiş, müxtəlif gücə malik 671 transformator quraşdırılıb.
Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə və ya 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış mənzillərə köçürülüb.
Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türklərinə məxsus tikintisi yarımçıq qalmış 352 evin inşası başa çatdırılıb və bu layihə cari ildə də davam etdiriləcək.
Ümumiyyətlə, indiyədək 31 min ailənin və ya 140 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
 
Baş nazirin müavini demişdir ki, bu məqsədlər üçün 2012-ci il ərzində Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılıb ki, bu da 2011-ci il ilə müqayisədə 160 milyon və ya 2,2 dəfə, 2003-cü ilə nisbətən isə 15 dəfə çoxdur.

İl ərzində, həmçinin Dövlət Proqramının və ona əlavələrin icrası ilə əlaqədar Gəncə şəhəri ərazisində 1500, Qazax rayonunda 300, Bərdə rayonunda 866 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin, İsmayıllı rayonunda 45, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230, Füzuli rayonunda 612, Sabirabad rayonunda 440, Ağdam rayonunda 932, Beyləqan rayonunda 466, Göygöl rayonunda 600 ailəlik qəsəbələrin salınması nəzərdə tutulur.

Bakı şəhərinin yataqxanalarında və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə Abşeron rayonunda Qobu şəhərinin salınması planlaşdırılır.

Qəbələ rayonunda 155, Balakən rayonunda 43, Abşeron rayonunun Ramana qəsəbəsində 80 mənzilli yaşayış binalarının tikilməsi ilə bağlı layihələndirmə, layihə-smeta sənədlərinin hazırlanması və s. üzrə müvafiq tədbirlər həyata keçirilib.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 2004-2012-ci illər ərzində 2,8 milyard manat vəsait, o cümlədən 1,481 milyard manat dövlət büdcəsindən, 1,099 milyard manat Dövlət Neft Fondundan, 219 milyon manat isə beynəlxalq humanitar təşkilatlar tərəfindən xərclənib.

Əli Həsənov xüsusi olaraq vurğulayıb ki,  2013-cü ildə 3941 min ailə üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə, o cümlədən Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli 25, Bərdə rayonunda 866 məcburi köçkün ailəsinə beş mərtəbəli 15 binadan ibarət yeni yaşayış məhəllələri, Abşeron rayonunun Masazır qəsəbəsində 758, İmişli rayonunda 225, Qaradağ rayonunun “Ümid” qəsəbəsinə yaxın ərazidə 200, İsmayıllı rayonunda 45 ailəlik qəsəbələrin, Qəbələ rayonunda 155, Balakən rayonunda 43 ailə üçün 5 mərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulub. Bununla yanaşı, 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün Saatlı rayonunda 97, Oğuz rayonunda 32, Beyləqan rayonunda 13, Göygöl rayonunda 7 evin tikintisi planlaşdırılıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür