Modern.az

Dünya türk icmaları İstanbula toplaşır

Dünya türk icmaları İstanbula toplaşır

Ölkə

25 Fevral 2010, 14:07

Fevralin 27-də İstanbulda Türkiyə Respublikası hökumətinin nəzdində “Xaricdə Yaşayan Türklər və Türkdilli Xalqlarla İş üzrə İdarə”nin (Dış Türklər və Akraba Topluluqları Başkanlığı) yaradılması ilə bağlı tədbir keçiriləcək. Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da qatılacağı toplantıda bu idarənin yaradılması haqqında hazırlanmış qanun layihəsinin mahiyyəti dünyadakı türk icmalarına təqdim olunacaq, onların da rəy və təklifləri dinləniləcək, xarici ölkələrdə yaşayan türklərin problemləri müzakirə ediləcək, həmçinin güclü Türkiyə lobbisinin yaradılması yollarından danışılacaq.

Dövlət naziri Faruk Çelikin təşkilatçılığı ilə keçiriləcək tədbirə ABŞ-dan Avstraliyaya qədər bütün dünyada yaşayan türk icmaları ilə yanaşı Türkiyədəki Qafqaz, Balkan dərnəklərinin təmsilçiləri də dəvət olunub. Yeni yaradılacaq idarənin tanıdılması mərasimində Azərbaycanda da nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Ramil Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları daxildir. Tədbirdə həmçinin Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirov, Benilüks Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Belarus Azərbaycanlıları Konqresinin sədri Natiq Bağırov və digər Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak edəcəklər.

Qeyd edək ki, yaradılması nəzərdə tutulmuş idarə xaricdə yaşayan türklərin cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması, milli-mənəvi dəyərlərinin mühafizəsi, Türkiyə Respublikası ilə əlaqələrinin inkişafı, xaricdə təhsil alan türk tələbələrin problemlərinin həlli, türkdilli xalqlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. İdaqə həmçinin xaricdəki türkləri ayrıseçkilik, assimilyasiya və bu kimi digər problemlərdən qorumaq məqsədi daşıyacaq. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?