Modern.az

Ürəklərə köçən şair - Moskvada vəfat edən azərbaycanlıı şairin xatirəsinə

Ürəklərə köçən şair - Moskvada vəfat edən azərbaycanlıı şairin xatirəsinə

16 Yanvar 2013, 11:53

Moskvada tanınmış diaspor şairimiz Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü Sabir Abdulla vəfat etdi.  O,  Moskva ətrafında Lobnya qəbristanlığının müsəlmanlara məxsus hissəsində dəfn olundu. Allah rəhmət eləsin!

Əfsus, səmimi insan, sadiq dost, rəvan təbə malik qüdrətli  şairimiz Sabir Abdulla dünyasını dəyişdi! O, bu dünyada iki övlad, beş kitab yadigar qoyaraq çıxıb getdi... Çoxdanın söhbətidir, Moskvada bir idarədə onun rus dilində çıxmış   ”Ditya çeloveçeskoe” (“Bəşər tifili”) kitabını təsadüfən mənə göstərdilər. Kitabı vərəqləyərək bir neçə şeiri oxudum, şairin orijinal deyim tərzi, sözlərin fəlsəfi tutumu məni sehrlədi. Kitabın titul səhifəsində öz əli ilə onun teltfon nömrəsi yazılmışdı. Zəng eləyib ürək sözlərimi dedim və onu işlədiyim redaksiyaya dəvət etdim, yeni şeirlərini ön söz yazaraq qəzetdə dərc elətdirdim. Tanışlığımız belə başladı. Sonradan onun dəvətilə xeyli müddət Rusiyanın Dövlət Tarix Muzeyində birgə işlədik. Ayrı-ayrı şöbələrdə çalışsaq da tez-tez görüşüb dərdləşərdik, müxtəlif tədbirlərə  bir yerdə gedərdik...

Belə yaxından tanıyıb dost-yoldaş olduğum insan, şair haqqında felin keçmiş zamanında danışmaq mənə çox çətindir!  Ancaq özümə bununla təskinlik verirəm ki, Sabir indi saysız-hesabsız nəzm yazanlardan fərqli olaraq əsil şair idi. Miqdarı qəvvasların dənizin dibindən çıxardıqları saf incilər nisbəti ilə ölçülə biləcək belə şairlər ölümdən sonra zaman xaricində qalaraq ürəklərə köçürlər. İnanıram ki, Sabir də mövzusundan asılı olaraq bəzən gül ləçəyi kimi incə, bəzən də polad siqlətli, haqsızlıqlarla barışmayan əsərləri ilə ürəyimizdə yaşayır və zaman-zaman oxucuların qəlbinə köçərək yaşayacaqdır!

Sabir Abdulla (Məmmədov Sabir Abdulla oğlu) Azərbaycan və Rusiya Yazıçılar birliklərinin, Beynəlxalq Yazıçılar İttifaqının üzvü, həmçinin Rusiyanın Petrovski elm və mədəniyyət Akademiyasının müxbir üzvü idi. O, 1950-ci ildə Şəkinin Oraban kəndində dünyaya göz açmış, orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Bakıda yaşadığı illərdə o, bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Məhz bu həvəs, bu şövq  onu Moskvaya Maksim Qorki adına Ədəbiyyat İnstitutuna gətirib çıxardı. Burada Sabir görkəmli rus şairi Vladimir Tcıbinin qrupunda oxuyurdu. Gənc şairin şeirlərindəki bədii qavrama, orijinallıq Tsıbinin diqqətini cəlb etmişdi. Yaş fərqinə baxmayaraq onların arasında səmimi dostluq münasibətləri yarandı. Sonralar müəllim öz tələbəsinin yaradıcılığını belə xarakterizə  etmişdir: “ Sabir Mamedovun lirikasının əsasında açıq monoloq durur. Hər şeydən əvvəl, onun şeirlərində baş qəhrəman qətiyyətdir. Hisslərin, aşkarlığın qətiyyəti. Poetik özünütəsdiq qətiyyəti!”.  

Tale elə gətirdi ki, V. Tsıbinlə bağlılıq Sabir Abdullanı bu rus şairinin ölümündən sonra da izlədi. 2005-ci ildə Moskvada onun yenicə çapdan çıxmış “Jivi i pomni” (“Yaşa və xatırla”) şeirlər kitabı Rusiya Yazıçılar Birliyinin  Vladimir Tsıbin adına mükafatına layiq görüldü. Maraqlıdır ki, həmin kitaba ön sözü “müasir Rusiya şeirinin patriarxı” adlandırılan, Rusiyanın Dövlət himninin müəllifi, Sosialist Əməyi qəhrəmanı  Sergey Mixalkov yazmışdı. Məşhur şair, Sabirin kitabını Azərbaycan və Rusiya xalqlarına “dostluq və xeyirxah qonşuluq sözü”  adlandırmışdı.

Sabir Rusiyanın Mədəniyyət Nazirliyinin Fəxri fərmanına və digər təltiflərə də müyəssər olmuşdu. Ömrünün sonuncu illərində müasir Rusiyanın iki məşhur şairinin – Vladimir Boyarinovun “Həyat qapıları” və İvan Qolubniçinin “Nisgilli mələk” kitablarını Azərbaycan dilinə tərcümə edərək Moskvada dərc etdirmişdi. Ana Vətəni ürəkdən sevirdi.  Doğru olaraq, inanırdı ki, onun qəriblikdə qazandığı uğurlar Azərbaycanın adınadır. Bir şeirində bu barədə yazmışdı:

Hardasa adıma deyilən alqış
Vətənin adına axdı qarışdı.

İşğal altında olan Azərbaycan torpaqlarının taleyi onu daima düüşündürürdü. “Qiblə” poeması bu dərdimizə həsr olunub. “Ay mənim eloğlum ......” şeiri isə təhniz  notları ilə bitir:

Eloğlu, yad eldə iynə tək itib
Sorursan, necədir doğma kənd, şəhər?
Vətəni saxlaya bilmədik bütöv,
Ömür saxlayırıq hərə bir təhər.     

Ümumiyyətlə, Vətən-qürbət mövzusu  onun yaradıcılığnda çox qabarıqdır. Bu qism şeirləri onun keşməkeşli taleyinin tərcümanı təsiri bağışlayır:

Vətənsiz yaşamaq – kəfənsiz ölüm,
Nə mənə lazımdır, nə sənə gərək.
Vətən torpağına çatmırsa əlin,
Vətənə üz tutub öləsən gərək.

Və ya:

Qəriblik nə şeydir qəriblər bilər,
Qərib qəbirdə də qəribdi, vallah!
Bir gün mən öləndə bu cismimi gəl 
Yad yerin üstünə atma, sən Allah! 

(QEYD. Bu bəndi - yalvarışı  ona görə burada verdim ki, qoy Moskvada utanmalı olanlar utana bilirlərsə, şair Sabirin ruhu qarşısında utansınlar! Ancaq bir təskinliyim də var: Torpaq da birdir, Allah da! )

 Şairin özünün qabaqcadan duyduğu kimi qarlı bir qış günündə , fəqət qəriblikdə - Moskva ətrafında  onu bəyaz qar döşəkli Torpağa tapşırdıq:

Günlərin bir günü qarda, küləkdə
Günəşə söykənib öləcəyəm mən.
(Oraban kəndi, 1969-cu il)

Sanki o, doğrudan da, Günəşə söykəncəli getdi. Qəribədir ki, dəfn qünü hava günsüz idi, ancaq onu torpağa qoyanda qəfil meşənin başı üstündən Günəş saçaqlarını salladı, şüa qəbrini ağuşuna aldı, eləbil  şairi salamladı... İnanıram ki, bu təsadüf deyildi!  Qanrılıb Günəşə baxdıq və heyrətlə xatırladıq ki, Sabirin sonuncu kitabının adı belədir: “Günəşə bax”!    Və bu da bir təskinlk oldu...

Əliş Əvəz,
Moskva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu