Modern.az

Gənc yazarlar Vaqif Səmədoğlunu xarakterizə etdilər: “O, əksər gənclərdən gəncdir” - RUBRİKA

Gənc yazarlar Vaqif Səmədoğlunu xarakterizə etdilər: “O, əksər gənclərdən gəncdir” - RUBRİKA

Ədəbi̇yyat

16 Yanvar 2013, 16:36


Çağdaş Azərbaycan şeirinin tanınan imzalarından biri olan Vaqif Səmədoğlu poeziyamızda estetika ilə intellektuallığın tamlığını, emosionallıqla rasionallığın sintezini yaradan bir şairdir. Sözün ən parlaq çalarları V. Səmədoğlu şeirlərində öz təcəssümünü tapır. Bu çalarlar müasir oxucunun qarşısında tənhalıq qapılarını açır, onun daxili və mənəvi aləmində tənzimləmələr həyata keçirir. Onun “Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm” misrası ABŞ-ın mərkəzi küçələrinin birində reklam şüarı kimi qeyd olunub. Qərb dünyasının düşüncə tərzi ilə mənəvi dünyagörüşünün bütün qanunauyğunluqları onun poeziyasının ana şüarına çevrilib.

Modern.az-ın “Ustadlar gənclərin gözü ilə” rubrikasının budəfəki qonağı Vaqif Səmədoğludur. Görək gənclər onun barəsində nə dedilər:

Rəbiqə Nazimqızı (şairə, azlit.az ədəbi portalının baş redaktoru): “Vaqif Səmədoğlu mənim ən çox sevdiyim şairlərdəndir, birmənalı şəkildə deyə bilərəm ki, onun şeirlərimə, mətnlərimə təsiri olub, uşaqlıqdan onun şeirləri ilə böyümüşəm. Bəzən bu təsir hətta günahsız plagiat səviyyəsinə keçib, onun yazdığı misralar beynimdə qalıb və bilmədən onu öz şeirimə köçürmüşəm, bunu biləndə, hiss edəndə isə şairdən də, oxuculardan da üzr istəmişəm. Belə bir şey bu yaxınlarda da olmuşdu. Düşünürəm ki, Vaqif Səmədoğlu ötən əsrin Azərbaycan şeirinə bəxş etdiyi töhfələrdən biridir. Ona uzun ömür, can sağlığı və yeni, maraqlı mətnlər arzulayıram“.

Ziyad Quluzadə (gənc yazıçı): “Vaqif Səmədoğlu “Uzaq yaşıl ada” şeirlər kitabıyla yadıma düşür. Və eyni zamanda onun yaradıcılığındakı, müəllifin altşüurundakı gizli, məhrəm kriptonun konseptual həlli həmişə diqqətimi cəlb edib. Çünki, Vaqif Səmədoğlu bütün digər şairlərdən fərqləndirən onun indi və elə sovet dövr ədəbiyyatının quru və mənasız çağlarında da şerindəki bir az qəhər, bir az dərin düşüncə və eyni ağırlıqda da intellekt yüklü olmasındaydı. Düzü mənim üçün belə bir sənətkar barəsində nə isə fikir bildirmək çox çətindir, ancaq onun bütün yaradıcılığını həvəslə izləyən, oxuyan bir adam kimi deyə bilərəm ki, kinodramaturgiyamıza verdiyi töhfələrə görə, qazandırdığı yeni məna çalarları və gətirdiyi yeni kodlar, üslublar, həmçinin  yanaşma tərzinin təzəliyinə görə ondan öyrənməli çox şey var”.  

Günel Eyvazlı (şairə): “Bilirsiniz, yazar o insana deyilir ki, təfəkkürdə iz salmağa və təsir etmə gücünə malik olmağı bacarsın. Nəyisə dəyişdirsin, nizamı pozsun, insanı silkələsin, başa-salsın, inandırsın. Sevimli yazı isə o yazıya deyilir ki, o dəfələrlə oxunsun. Hər dəfə nəyisə kəşf olunsun. Məncə yazıçı üçün bundan böyük xoşbəxtlik yoxdur. Vaqif Səmədoğlu da təsir gücünə salmağı bacaran şairdir, inandırmağı və dəfələrlə oxunmağı tələb edən yazardı.  Gənclik onu sevməsi çox şeyi diktə edir”.

Emin Piri (gənc şair): “Vaqif Səmədoğlu öz ustadlığını biz gənclər doğulmamışdan çox əvvəl sübut etmiş sənətkardır. Səməd Vurğunun adıyla da tanınan şairi heç də Səməd Vurğuna görə tanımıram. Hətta Vaqif Səmədoğlu şeirini Səməd Vurğundan daha çox sevirəm və üstün tuturam. Təbii ki, bunlar mənim subyektiv düşüncəmdi. Səməd Vurğun poeziyanın dilini yaratdı, Vaqif Səmədoğlusa həmin dilin poeziyasını. Vaqif Səmədoğlu şeirlərində emosiya, sevgi və düşüncə tərzi, ruhu indiki əksər gənclərdən daha gəncdir. Elə buna görə də onu gənc şair sayıram”.   

Elmin  Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi