Modern.az

İngilisləri qorxudan “Baku United” İngiltərə futbol tarixinə düşəcək - MÜSAHİBƏ

İngilisləri qorxudan “Baku United” İngiltərə futbol tarixinə düşəcək - MÜSAHİBƏ

17 Yanvar 2013, 17:39

İlham Nağıyev :  “Hədəfimiz İngiltərəni Avropada məhz “Baku United”in təmsil etməsidir” 

 

Son vaxtlar həm Böyük Britaniya mətbuatında, həm də Azərbaycan mətbuatında “Baku United” klubu haqqında, komandanın oyunları barədə informasiyalar yayılmağa başlayıb. Kiçik araşdırma nəticəsində müəyyən etdik ki, bu komanda Londonu təmsil edir, İngiltərə futzal çempionatında ali divizionda çıxış edir. Maraqlıdır, Londonda Bakı ilə bağlı komanda... Bu, necə olub? Bu barədə bizi maraqlandıran sullara cavab tapmaq üçün klubun idarə heyətinin sədri İlham Nağıyevə müraciət etdik.

- İlham müəllim, Londonda “Baku United” klubu necə yaranıb?

-  “Baku United” klubunu biz 2008-ci ildə yaratmışıq. O vaxt mən Londonda təhsil alırdım və biz bir qrup azərbaycanlı tələbə ilə “Odlar Yurdu” tələbə-gənclər təşkilatı yaratmışdıq. İngiltərədə futbolu çox sevirlər, mən də fikirləşdim ki, təşkilatımızı tanıtmaq üçün futbol komandası da yaratmaq yaxşı olardı. İlk təcrübə olaraq, futzaldan başlamaq məqsədəuyğun idi. Beləliklə, biz “Baku United” komandasını yaratdıq. Əvvəlcə “Baku United” sırf  həvəskar komanda idi və İngiltərədə keçirilən müxtəlif turnirlərdə, o cümlədən Lobanovski adına Kubokda iştirak edirdi. Müəyyən müddətdən sonra komandanın səviyyəsini artırmağa başladıq və bura nisbətən peşəkar futbolçuları cəlb etdik.

İndi “Baku United” London futzal liqasında çıxış edir.

- Bəli. Bu mövsümdə bizim komanda artıq İngiltərə Futbol Assosiasiyasından futzal liqasına qatılmaq üçün lisenziya alıb və çempionatda iştirak edir. İngiltərədə futzal çempionatı 3 mərhələdə keçirilir. Birinci mərhələdə komandalar regional prinsip əsasında 3 liqaya bölünür – Şimal, Mərkəz və Cənub liqaları. Hər liqadan 4 ən yaxşı komanda növbəti mərhələyə çıxaraq 4 qrupa bölünür və qaliblər Qrand-finalda görüşür. “Baku United” ən güclü liqa sayılan Cənub liqaısnda oynayır. Bu liqada qələbə qazanan komanda adətən sonradan İngiltərə çempionu olur. Biz əminik ki, növbəti mərhələyə çıxacağıq və çempionluq şanslarımız da az deyil. “Odlar Yurdu” Təşkilatı bunun üçün hətta məşhur futbol mütəxəssisi Ximenezi baş məşqşçi postuna dəvət edib. O,  bundan qabaq populyar “İnter Movistar” komandasını çalışdırırdı. İngiltərə futzal ictimaiyyəti də artıq “Baku United” fenomenindən danışmağa başlayıb. Amma ki, bizim Azərbaycan futboluna məxsus ulduz xəstəliyinə asanlıqla tutulmaq fikrimiz yoxdur (gülür). İndi əsas vəzifəmiz başımızı aşağı salıb işləməkdir. Yaddan çıxarmaq olmaz ki, yeni komanda qurmuşuq.

- Komandanın adında Bakı sözünün olmasına baxmayaraq, məşqçilər və ya futbolçular arasında azərbaycanlı yoxdur.

- Əslində ilkin olaraq komandanın 90 faizi azərbaycanlılardan ibarət idi. Amma o vaxtlar məqsədimiz İngiltərə çempionu olmaq deyildi. İndi isə hədəfimiz İngiltərəni Avropada məhz “Baku United”in təmsil etməsidir. Buna isə əfsuslar olsun ki, ixtiyarımızda olan azərbaycanlı oyunçularla nail olmaq mümkün deyil. Ümumiyyətlə, İngiltərədə peşəkar azərbaycanlı futbolçuya hələ ki rast gəlməmişik, Azərbaycandan belə oyunçu dəvət etməyə də gücümüz çatmır. İndi azərbaycanlı futzalçılar öz ingilis həmkarlarından az qala 5 dəfə çox qazanırlar. Ancaq artıq biz məşqlərə azərbaycanlı həvəskar futbolçuları cəlb etmişik. Ümid edirəm ki, müəyyən müddətdən sonra “Baku United”in komanda heyətində soydaşlarımız uğurla çıxış edəcəklər. Bizim orta və uzunmüddətli planlarımız da genişdir. Bu plana öz oyunçularımızın yetişdirilməsi də daxildir və biz, əlbəttə ki, azərbaycanlı uşaqlar üçün daha geniş imkanlar yaradacağıq.

Klub necə maliyyələşir?


- Hələ ki, komandamız yarıhəvəskar, yarıpeşəkar formadadır. Komanda üzvləri həftədə bir neçə dəfə məşqə gəlir, həftə sonunda oyunda iştirak edirlər. Yəni komandada oynamaqla bərabər öz işləri ilə də məşğul olurlar. Buna görə klubun saxlanması o qədər də böyük maliyyə vəsaiti tələb etmir. Ancaq biz yaxın gələcəkdə klubu peşəkarlaşdırmaq istəyirik. Bunun üçün də indidən maliyyə mənbələri tapmağa çalışırıq. Nəzərə alın ki, İngiltərədə tamamilə peşəkar futzal liqası yoxdur, amma tədricən bu istiqamətdə irəliləyişlər var. Biz klubu peşəkarlaşdırsaq, liqani da peşəkarlaşdıra bilərik. Bununla, “Baku United” klubu İngiltərə futbol tarixinə düşəcək. Hesab edirəm ki, komandamızın hər bir uğuru bütün idmansevərlərdə, idman təşkilatlarında Bakıya maraq oyadacaq, Azərbaycanın daha da tanınmasına səbəb olacaqdır. Böyük Britaniyada yaşamış və təhsil almış şəxs kimi sizi əmin edirəm ki, bu ölkədə Azərbaycanımızı təbliğ etmək üçün idman, xüsusən futbol bəlkə də ən uğurlu üsuldur. Bircə onu deyə bilərəm ki, artıq İngiltərənin bütün futzal ictimaiyyəti Bakı şəhərinin gerbini yaxşı tanıyır, bu gerb klubumuzun simvolunda əks olunub. Yaxınlarda onlara Bakının və Azərbaycanın tarixini də oyrədərik.

- Yəqin ki, “Baku United”lə bağlı Avropanın idman mütəxəssisləri və idman ictimaiyyətinin fikirləri ilə də maraqlanırsınız.

- Əlbəttə. İngiltərədə uğur qazanmaq istəyirsənsə PR məsələlərinə diqqət yetirməlisən. İngiltərədə siyasətlə bağlı məhşur kəlamı belə ifadə edirlər ki, ya sən mətbuatla məşğul olacaqsan, ya da mətbuat səninlə. Ona görə, biz “Baku United”lə bağlı bütün reaksiyaları diqqətlə izləyirik, həm soydaşlarımızın, həm də avropalıların, o cümlədən, ingilislərin. Komandaya artıq diqqət böyükdür, müxtəlif informasiya resursları oyunlarımız haqqında məlumatlar yayır, idman mütəxəssisləri klubumuzun adını hallandırırlar. Bir neçə gün öncə “Qərbi London” komandası üzərində 4-1, bir qədər əvvəl “Baltika” komandası üzərində 4:0 hesabı ilə qələbə qazanmağımız bizə inamı daha da artırıb. Nüfuzlu futsalplanet.com idman-informasiya portalı “Baku United” haqqında geniş şərh yazaraq bizi liqanın favoritlərindən biri adlandırıb. Güman edirəm ki, komandamız uğurlarını davam etdirdikcə, “Baku United” İngiltərənin tanınan idman klublarından birinə çevriləcək. Bu isə bizim gələcək hədəflərimizə çatmaq üçün yaxşı platforma deməkdir. Potensialımız var, amma bununla kifayətlənmək olmaz. Potensial sənə sadəcə müəyyən imkanlar yaradır. Potensialı real nailiyyətə çevirmək gərəkdir. Bizim strategiyamız da məhz buna yönəlib.    


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir