Modern.az

“Ələkbər əmi” doğmalarının xatirələrində: “Ona Azərbaycanın Barış Mançosu deyirdilər” - SÖHBƏT

 “Ələkbər əmi” doğmalarının xatirələrində: “Ona Azərbaycanın Barış Mançosu deyirdilər” - SÖHBƏT

19 Yanvar 2013, 11:59

Həyat yoldaşı: “Saat 1-in yarısında həyatla vidalaşdı, istəyirdim həmin saatı olduğu kimi saxlayım, 40 gün otaqdakı saatın əqrəblərini saxlasam da, həyatın axarını saxlamaq mümkün deyil”

Kukla Teatrının mərhum aktyoru, böyükdən kiçiyə hamının əmisi olan Ələkbər Hüseynovun vəfatından 5 ildən artıq vaxt keçir. Modern.az-ın əməkdaşı əməkdar artistin xatirəsini yad edərək, aktyorun ailəsindən müsahibə alıb.

İlk olaraq ailə üzviləri ilə tanış olaq ....

Afaq xanım: (mərhum aktyorun həyat yoldaşı): – Ailəmizin böyüyü Ələkbərin anası Yaqut xanımdır. Mən həyat yoldaşıyam. Qara Qarayev adına 8 saylı 11 illik musiqi məktəbində musiqi nəzəriyyəsindən dərs deyirəm. Qızım Nərgizin 14 yaşı var, skripka ifaçısı və prezident təqaüdçüsüdür. Oğlum Cavidan İncəsənət Universitetinin telerejissorluq fakültəsini bitirib. Amma sənəti üzrə işləmir, “Azercell Telekom” şirkətində çalışır. Atasının teatrında – Kukla Teatrında il yarım həm rus, həm də Azərbaycan bölməsində aktyor kimi fəaliyyət göstərib.

Yaqut xanım: – O zaman teatrın direktoru Rəhman Quliyev idi. Cavidana dedi, “hara gedirsən? Səni burada ikinci Ələkbər görmək istəyirik”. Cavidan isə istəmədi. Dedi, “gərək ya atam səviyyəsində aktyor olam, ya da ki, heç olmayam. Amma mən onun kimi heç vaxt ola bilmərəm”. İndi də deyir ki, “nənə, heç kim onun kimi deyil”. Bilirsiniz, Türkiyədə Ələkbərə “Azərbaycanın Barış Mançosu” deyirdilər. Şərq aləmində ilk dəfə  “Beynəlxalq təbəssüm” ordenini Ələkbər alıb. 14 il “Hər birimiz bir çiçək” verilişinin aparıcısı olub. Bəyimxanım, Nazpəri Dostəliyevanın oğlu, müğənnilər Elnur, Qismət ilk dəfə onun verilişində oxuyub.

– Ələkbərin həyatının müxtəlif dövrlərində həmişə yanında olmusunuz. Hətta onun həyat yoldaşı seçimində də...

Doğrudur, mən həmişə onun yanında olmuşam. Afaqın anası ilə mən Dəmiryol Xəstəxanasında işləmişik. Beləcə, uşaqlarımızı tanış etmişik. Peşman deyiləm. Gözəl ana, gözəl həyat yoldaşı, mədəni xanım, daha nə qədər müsbət cəhət varsa, bunların hamısı gəlinimdə var.  Elə bil ki, bunlar biri-birini tamamlayırdılar.

– İstedadı olduğunu bildiyiniz halda niyə onun aktyor olmasını istəmirdiniz?

– İncəsənətə getməsini istəmirdim. Xüsusən aktyor olmasını. Deyirdim, kaş imtahandan keçməsin. Bir də gördüm ki, imtahandan çıxıb məni öpdü: “5 aldım”.


Afaq xanım:
– Vacib deyil ki, səhnədə çıxıb oxuyasan. Nənənin də gözəl səsi var, gözəl təqlid etməyi bacarır. Bu istedad Ələkbərə də keçmişdi.

Yaqut xanım: – Heç vaxt sözdən çıxmırdı. Onu təyyarə dərnəyinə aparmışdım. Orada təyyarə düzəltdi və yarışa apardı. Uşaqlar düzəltdikləri təyyarələri “Hökumət Evi”nin qarşısında uçurdurdular.

Hər gün onunla bağlı bir əhvalatı xatırladığınızı deyirsiniz. Xatirənizdə qalan əhvalatlardan hansını bizimlə bölüşə bilərsiniz?

Yaqut xanım: – Elədir ,onunla bağlı hər gün bir əhvalat yadıma düşür. Dünyaya intellektual, mədəni, əxlaqlı, ağıllı, gözəl insan, gözəl aktyor kimi gəldi. Hansı sahədə işləyirdisə uğur qazanırdı. Hətta institutu təzə qurtarandan sonra Şəkiyə teatra işləməyə gedəndə oynadığı rolların hamısı baş rollar idi. Bəs bu cəhətlər o uşaqda haradan idi? Biz Ələkbər uşaq olanda bir dəfə də ona deməmişik ki, belə oturmaq olmaz və s. Bu gün elə onu fikirləşirdim. Birdən yadıma bir əhvalat düşdü. Yadımdadır, aynabənddən baxıram ki, onun sinif yoldaşları həyətdədir. Oyana baxdım, bu yana baxdım Ələkbəri yanlarında görmədim. Bir dəfə, iki dəfə bu hadisə təkrarlandı. Çox narahat qaldım ki, sinif yoldaşları həyətdə, bəs bu uşaq haradadır? Tez qaçdım məktəbə. Girdim içəri, gördüm sinif bomboşdur, Ələkbər, bir də dostu qalıb. Deyirəm, nə olub? Deyə də bilmir ki, uşaqlar dərsdən qaçıb. Dedim, Teymur sən de. “Yaqut xala, uşaqlar dərsdən qaçdı. Ələkbərə dedim, gəl biz də gedək. Dedi, yox, anam məni danlayar ”.  

8-ci sinifdən əlindən mikrofon düşmürdü. Flora Kərimovanın, Elza İbrahimovanın mahnılarının hamısını bilirdi.   

Afaq xanım: – Bir dəfə “Hər birimiz bir çiçək” verilişinin çəkilişləri üçün kollektivi Gəncəyə, Göygölə aparmışdır. O zaman Göygöl ətrafına heç kimi buraxmırdılar. Lakin Ələkbərə görə  icazə verdilər. Uşaqlarla Göygölün qırağında çəkiliş elədi.

Yaqut xanım: – Qəşəng məclis qızışdırmağı var idi. Onu məclislərə dəvət edirdilər. Afaq ilə hər hansı məclisə gedirdilərsə, tez onu Afaqın yanından alıb aparırdılar.


Afaq xanım:
– O dost aparırdı, bu dost aparırdı. Mən hərdən küsüb inciyirdim ki, yenə məni tək qoydun.

Yaqut xanım: – Şəki ləhcəsi ilə bir lətifələr danışırdı ki! Elə bilməyin ki, oğlumdur və ya yeganə övladımdır deyə, onun haqqında belə danışıram. And olsun onun ruhuna ki, hər şeyi olduğu kimi deyirəm. Gözəl ata, gözəl oğul idi. Uşaqlarına qarşı çox diqqətli olardı. Onları bacardığı qədər hər yerə aparardı.

Afaq xanım: – Cavidana bir dost, evdə bir dayaq kimi baxırdı. 13 yaşından Cavidan onun bütün televiziya çəkilişlərində, konsertlərində səs rejissoru kimi kömək edirdi. Birdə görürdün ki, gecə saat 3-ə kimi çalışırdılar. Amma qızı bir ayrı cür çox istəyirdi.

Həmişə qastrola gedəndə xüsusi ilə yolunu gözləyirdik. Qızım ilə oğlum o gələnə kimi birlikdə plan qururdular ki, onu necə qarşılasınlar.

Bir də görürdün plakat yazırdılar: “Ata xoş gəlmisən!”, “Ata, salam!”

– Həm də deyəsən, vətənpərvər insan idi... Uşaqlarının Azərbaycan dilində təhsil almasını istəyirdi...

Afaq xanım: – Cavidan məktəbə gedəndə seçim qarşısında qaldıq ki,  Azərbaycan, yoxsa rus bölməsinə qoyaq. Nəticədə belə qərara gəldik ki, rus bölməsinə getsin. Atası Nərgizi isə fikirləşmədən Azərbaycan bölməsinə yazdırdı.

Yaqut xanım: – Biz Afaqla evdə rus dilində danışanda deyirdi ki, yenə başladılar. Mənə zarafatla deyirdi: “Həyat yoldaşımı korlama, ay arvad”. Özü rus dilini bilirdi, sadəcə lazım olanda danışırdı. 

Təbiətən sakit insan idi?

Yaqut xanım: – Quzu idi, quzu... Xəstəlik ona əsəb gətirdi. Canı ağrıyırdı deyə, hövsələsi qalmamışdı. Amma bunun müqabilində canı ağrıya-ağrıya “Bremen çalğıçıları” adlı çətin bir əsəri tərcümə etdi. Gecədən səhərəcən onun ssenarisini yazdı. Deyirdim, az işlə. Üzümə baxırdı və deyirdi, ana, lazımdır.

- 14 il uşaqlarla işləmək onu yormadı?


Yaqut xanım
: – Yox, əsla. Uşaq tutaq ki, nəyisə öyrənə bilmirdisə, anasına deyirdi ki, “gəl biz bu gün bu uşağı yormayaq. Apar evə, sakitcə öyrət. Bəlkə uşağı mühit tutub”. Ən yaxşı alınana qədər çalışardı. Bir dəfə Çexiyaya getmişdi. Gələndən sonra dedi ki, “ana, orada azərbaycanlı bir  kişi var idi. Mənə yaxınlaşıb “Siz Ələkbər Əmisiniz?” – soruşdu. Dedim: “Bəli”.  Dedi: “Mən də azərbaycanlıyam, istirahətə gəlmişəm. Ələkbər əmi, uşaqlarım sizi çox istəyir və verilişinizi daim izləyirlər”. Hətta bir dəfə Çexiyada  mağazaları gəzərkən həmin kişi marienet kukla  alıb Ələkbərə hədiyyə etmişdir.  

– Sənət dostlarından kiminlə əlaqəniz var?

Afaq xanım: – Ən yaxın sənət dostu Ayşad Məmmədov idi. Onlar bir yerdə institutu bitirib, Şəkidə də bir işləyiblər, bir evdə qalıblar, sonra da dostluqları davam edib. Bu günə kimi də o bizim dostumuzdur. Yeni ildə də bizi təbrik edənlərdən birincisi elə o oldu. Hər Novruz bayramında səməni becərir və onun qəbrinin üstünə aparıb qoyur. Biz qəbri üstünə gedəndə, görürük səmənisi artıq qoyulub. Elə olur ki, biz onu gedib orada görürük. Deyir, mən anamdan, atamdan əvvəl gəlirəm Ələkbərin qəbrinin üstünə, sonra onların səmənilərini aparıram. Cahangir Zülfüqarov ilə də çox yaxın dost idi.

– Hepatit C virusuna yoluxduğundan nə zaman xəbər tutdunuz?

Afaq xanım:– Dişi ağrıyırdı, qızdırması qalxmışdır. Getdi dişini çəkdirdi, ondan sonra bir az rahatlaşdı. Üstündən bir il keçəndən sonra belə bir virusa yoluxduğu üzə çıxdı. Sən demə, dişini çəkdirəndə alətlərdən ona infeksiya keçib. Ona görə də hepatit C virusu onun qanına keçib. Moskvada da Azərbaycanda qoyulan diaqnoz təsdiq olundu. 2003-cü ildən 2007-ci ilə kimi 4 il mübarizə apardı. Heydər Əliyev Fondunun köməkliyi çox oldu. Bütün müalicəni təmənnasız təşkil etdilər.

Afaq xanım: – Biz əvvəl Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. O zaman nazir Polad Bülbüloğlu idi. Müraciətimiz məktub formasında olmuşdu. Bir aydan sonra Fransadan zəng etdilər. Fikirləşdik ki, görəsən kim ola bilər. Ələkbər dəstəyi götürdü.  Katibə onu Polad Bülbüloğlu ilə caladı. Nazir dedi ki, “biz Fransada Mehriban xanımla bir tədbirdəyik. Mən ona sənin barəndə danışdım. Qayıdandan sonra rəsmi müraciət edərsiniz, sizə kömək edərik”. 

Aktrisa-qiraətçi Əminə Yusifqızı Ələkbərə o qədər heyran idi ki, birinci əl uzadanlardan biri də o oldu. Belə ki, o xəstəliyə tutulanda bizə dedilər çox bahalı müalicəsi var. Biz də buna görə hesab açdıq. Hətta verilişində iştirak edən uşaqlardan birinin atası da Amerikadan müalicəsi üçün lazım olan həmin iynədən gətirdi. Amma bir dənə vurdurandan sonra daha vurdura bilmədi. Çünki orqanizmi götürmədi. Bakıda Azərbaycanın baş hepatoloqu həkim Namiq Əliyevin nəzarəti altında idi. Get-gedə vəziyyəti ağırlaşırdı. Hamı bu xəstəliyin nəticəsini bilirdi. Lakin heç kim üzə vurmurdu.

 Yaqut xanım: – Ölümünə bir neçə gün qalmışdı. Yoldaşı xəstəxanada yanında qaldığı üçün uşaqlarla evdə mən tək idim. Səhər-səhər yerimdən dik qalxdım, bir neçə dəfə özümə “ola bilməz, ola bilməz” dedim. Ürəyimdə fikirləşdiyimi dilimə gətirə bilmədim. Dərhal həmin fikirdən uzaqlaşdım ki, onun ölümü mümkün deyil. Xəstəxanada olanda istəyirdi nə isə söhbət eləsin, amma danışa bilmirdi, sözlər yadından çıxırdı.

Cavidan universitetə daxil olanda xəstəxanaya gəlib qulağına yavaşca dedi ki, ata, mən instituta qəbul olundum. O da danışa bilmədiyi üçün əlini qaldırıb “ura” işarəsi göstərdi. Avqustun 29-dan 30- na keçən gecə Ələkbər komaya düşdü. Ayın 31-i xəstəxanadan evə gətirdik . Xəstəxanadan gətirəndən sonra 3 gün yaşadı.

– Nərgiz, məktəbdə bilirlərmi aktyorun qızısan? Münasibətləri necə olur?

Nərgiz (qızı): – Bilirlər, məni də atamı da çox istəyirlər. Mən onun verlişlərində də, kliplərində də iştirak etmişəm. Atam rəhmətə gedəndə balaca olduğuma görə çox da xatirələr yadımda qalmayıb. Amma kasetlərdəki verlişlərə, kliplərə baxdıqca çəkildiyim günləri xatırlayıram. Yadımdadır ki, evə gələndə mən onu necə qarşılayırdım, onun üçün necə yemək hazırlayırdım. Milli yeməkləri atam çox xoşlayırdı. Özü də yeməkdə gözəlliyi, estetikanı çox sevirdi.

Yaqut xanım: – Balaca olanda atasına yaxınlaşırdı ki, mən istəyirəm sənə qulluq edim. Nənəmlə anam qoymurlar. Atası da onun xətrinə bizə: “hamınız yatın, qızımla işiniz olmasın, onunla söhbətim var”, – dedi. Biz otaqdan çıxandan sonra Nərgizə: “İndi nə qədər istəyirsən, mənə qulluq et”, – dedi. Sonra da fəxrlə deyirdi ki, sizə ehtiyacım yoxdur, mənim qulluq edənim var.

Nərgiz: – Deyirdim, ata, sən hesab et ki, restorandasan. Sən otur nə istəyirsən sifariş ver, mən gətirəcəm. Amma bir şərtim var: özümdə olan pulları verim sənə, guya sən xidmət haqqı kimi mənə geri ver. Deyirdi, qızım necə istəyir elə də olacaq. Onun sözü mənim üçün qanundur.

Afaq xanım: – Avqustun 2-də, günorta saat 1-in yarısında həyatla vidalaşdı. İstəyirdim həmin saatı olduğu kimi saxlayım. 40 gün qonaq otağındakı saatın əqrəblərini saxlasam da, həyatın axarını saxlamaq mümkün deyil. Həyat davam edir...    








Şahanə RƏHİMLİ

Elçin AĞAYEV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi